Xalqlarımız arasında mədəni dialoq on illərdir davam edir
Azərbaycan–Vyetnam münasibətlərinin möhkəm təməllərindən birini xalqlarımız arasında uzun illər ərzində formalaşmış mədəni və mənəvi əlaqələr təşkil edir. Bu əlaqələr dövlətlərarası siyasi və iqtisadi əməkdaşlığı tamamlayaraq qarşılıqlı hörmətin, dostluğun və mədəni yaxınlığın möhkəmlənməsinə xidmət edir. Azərbaycan və Vyetnam xalqlarının mədəniyyət və incəsənət sahəsində qarşılıqlı təmasları hələ ötən əsrin ortalarından başlanmış və zaman keçdikcə yeni məzmun qazanmışdır. Bu dostluğun mədəniyyət sahəsində ilk parlaq nümunələrindən biri 1955-ci ildə görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin ilk Sovet-Vyetnam sənədli filmi üçün yaratdığı “Vyetnam süitası” əsəridir. Həmin musiqi əsəri Azərbaycan incəsənətinin Vyetnam mövzusuna müraciətinin və iki xalq arasında mədəni dialoqun erkən nümunələrindən biri kimi xüsusi əhəmiyyət daşıyır. Qara Qarayevin yaradıcılığı vasitəsilə Vyetnamın tarixi və həyatına göstərilən maraq sonrakı illərdə digər Azərbaycan mədəniyyət xadimlərinin fəaliyyəti ilə də davam etdirilmişdir.
Azərbaycan–Vyetnam mədəni əlaqələrinin inkişafında görkəmli kinorejissor Əjdər İbrahimovun xidmətləri xüsusi qeyd olunmalıdır. O, 1959–1962-ci illərdə Vyetnamda yaşayıb fəaliyyət göstərmiş, milli kino məktəbinin formalaşmasına və inkişafına töhfə vermişdir. Rejissor yerli kino sənətkarlarının, aktyorların və mütəxəssislərin yetişdirilməsində yaxından iştirak etmiş, öz yaradıcılığı ilə Azərbaycan və Vyetnam kino sənəti arasında möhkəm əlaqələrin yaranmasına kömək göstərmişdir. Onun Vyetnama həsr etdiyi əsərlər iki xalqın mədəni həyatının və tarixi təcrübəsinin qarşılıqlı tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir. Əjdər İbrahimovun Vyetnamla bağlı yaradıcılıq irsində “Vyetnamda gördüklərim” kitabı xüsusi yer tutur. Vyetnam dilinə tərcümə edilmiş bu əsər Azərbaycan müəllifinin Vyetnam xalqının həyatına, mədəniyyətinə və tarixinə dair müşahidələrini geniş oxucu auditoriyasına çatdırmaq baxımından əlamətdardır. Kitabın Hanoyda təqdimatının keçirilməsi də iki ölkə arasında ədəbi-mədəni əlaqələrin davamlılığını nümayiş etdirən mühüm hadisədir. Bu cür təşəbbüslər mədəni irsimizin qarşılıqlı tanıdılmasına və xalqlarımız arasında mənəvi yaxınlığın daha da güclənməsinə xidmət edir.
Mədəni əlaqələrin əhəmiyyəti yalnız incəsənət nümunələrinin və ədəbi əsərlərin mübadiləsi ilə məhdudlaşmır. Bu münasibətlər xalqlarımızın tarixi yaddaşının, milli dəyərlərinin və mədəni kimliyinin qarşılıqlı şəkildə öyrənilməsinə də imkan yaradır. Azərbaycan və Vyetnam arasında mədəniyyət günlərinin, sərgilərin, konsertlərin, kino nümayişlərinin və digər birgə tədbirlərin keçirilməsi qarşılıqlı marağın artırılması və humanitar əlaqələrin genişləndirilməsi baxımından mühüm vasitədir. Xalqlarımız arasında dostluq və həmrəyliyin digər mühüm təzahürü çətin anlarda qarşılıqlı dəstək göstərilməsidir. Azərbaycan Vyetnamda baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması istiqamətində dəstəyini əsirgəməmişdir. 2024-cü ildə “Yaqi” tayfununun törətdiyi dağıntıların aradan qaldırılması, eləcə də 2025-ci ildə baş vermiş genişmiqyaslı daşqınların nəticələrinin aradan qaldırılması üçün ölkəmiz tərəfindən maliyyə yardımı göstərilməsi bu həmrəyliyin konkret ifadəsidir. Belə addımlar dövlətlərarası münasibətlərin humanitar mahiyyətini və xalqlarımız arasında mövcud olan dostluq bağlarının dərinliyini nümayiş etdirir.
Azərbaycan ilə Vyetnam arasında mədəni əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi üçün böyük imkanlar mövcuddur. Xüsusilə kino, musiqi, teatr, ədəbiyyat, təsviri sənət və yaradıcı sənayelər sahəsində birgə layihələrin həyata keçirilməsi qarşılıqlı mədəni mübadiləyə yeni dinamika verə bilər. Gənc yaradıcıların, sənətkarların və mədəniyyət nümayəndələrinin qarşılıqlı səfərləri isə bu əlaqələrin gələcək nəsillərə ötürülməsində mühüm rol oynayacaqdır.
Dilarə Məmmədova- Zərdab şəhər 2 saylı körpələr evi-uşaq bağçasının müdiri

























