image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17950995094089226809_1200x630

Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə əlaqələrimizi keyfiyyətcə yeni səviyyəyə qaldıran mühüm sənəd oldu

image-legitimaz-810x90

Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə əlaqələrimizi keyfiyyətcə yeni səviyyəyə qaldıran mühüm sənəd oldu

Vyetnam–Azərbaycan münasibətləri uzun illər ərzində formalaşmış tarixi dostluq, qarşılıqlı etimad və hörmət prinsiplərinə əsaslanaraq ardıcıl inkişaf etmişdir. Xalqlarımız arasında 1959-cu ildən başlayan dostluq ənənələri sonrakı dövrlərdə yüksəksəviyyəli siyasi təmaslar, qarşılıqlı səfərlər və müxtəlif sahələrdə əməkdaşlıq vasitəsilə daha da möhkəmlənmişdir. 1992-ci ildə diplomatik münasibətlərin qurulması ilə bu əlaqələr dövlətlərarası əməkdaşlığın yeni mərhələsinə qədəm qoymuş, sonrakı illərdə siyasi, iqtisadi və humanitar istiqamətlərdə əhəmiyyətli məzmun qazanmışdır. 2025-ci ilin may ayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi cənab To Lamın Azərbaycana ilk dövlət səfəri isə çoxillik münasibətlərimizin inkişafında yeni tarixi mərhələnin əsasını qoymuşdur.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lam arasında keçirilən görüşlər və aparılan konstruktiv danışıqlar ikitərəfli əməkdaşlığın gələcək prioritetlərini müəyyənləşdirdi. Energetika, investisiyalar, müdafiə, təhlükəsizlik və kibertəhlükəsizlik də daxil olmaqla, geniş sahələri əhatə edən müzakirələr tərəflərin münasibətləri daha yüksək səviyyəyə çatdırmaqda qarşılıqlı siyasi iradəsini nümayiş etdirdi. Nəticədə, 2025-ci il mayın 7-də Strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə qəbul edildi. Bu sənəd Vyetnam–Azərbaycan münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsini rəsmiləşdirən mühüm siyasi qərar oldu.  Birgə Bəyannamənin qəbul edilməsi, ilk növbədə, iki ölkə arasında siyasi etimadın və qarşılıqlı anlaşmanın yüksək səviyyəsinin göstəricisidir. Sənəd Vyetnam və Azərbaycanın uzun illər ərzində formalaşmış dostluq münasibətlərini strateji tərəfdaşlıq çərçivəsində daha da möhkəmləndirmək niyyətini təsdiqləyir. Eyni zamanda, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsi, yeni təşəbbüslərin irəli sürülməsi və mövcud potensialdan səmərəli istifadə olunması üçün mühüm siyasi və institusional zəmin yaradır.

Strateji tərəfdaşlıq münasibətlərinin davamlı inkişafı yalnız dövlət başçılarının və yüksək səviyyəli nümayəndə heyətlərinin görüşləri ilə məhdudlaşmır. Hökumətlərarası komissiyaların fəaliyyəti, müvafiq dövlət qurumları arasında əlaqələr, parlamentlərarası dostluq qruplarının qarşılıqlı təmasları ikitərəfli əməkdaşlığın praktiki istiqamətlər üzrə inkişafına xidmət edir. Bu mexanizmlər siyasi razılaşmaların konkret təşəbbüs və layihələrə çevrilməsində, müxtəlif sahələr üzrə əlaqələndirmənin gücləndirilməsində mühüm rol oynayır. Partiyalararası münasibətlər də Vyetnam–Azərbaycan siyasi dialoqunun mühüm tərkib hissəsidir. Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əməkdaşlığın inkişafı siyasi təcrübə mübadiləsi, qarşılıqlı səfərlər və birgə müzakirələr üçün əlverişli imkanlar yaradır. Hakim partiyalar arasında əlaqələrin genişlənməsi iki ölkənin siyasi institutları arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və dövlətlərarası münasibətlərin davamlılığının təmin olunmasına töhfə verir.

Vyetnam ilə Azərbaycan arasında əməkdaşlıq ikitərəfli münasibətlərlə yanaşı, çoxtərəfli diplomatiya müstəvisində də inkişaf edir. Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) və digər beynəlxalq platformalar çərçivəsində qarşılıqlı təmaslar ölkələrimizin ortaq maraq doğuran məsələlər üzrə dialoqunu genişləndirir. Bu əməkdaşlıq beynəlxalq münasibətlər sistemində qarşılıqlı dəstəyin, konstruktiv mövqelərin və çoxtərəfli tərəfdaşlığın əhəmiyyətini bir daha ön plana çıxarır. Strateji tərəfdaşlığın yeni mərhələsində iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi xüsusi prioritetlərdən biri kimi çıxış edir. Siyasi münasibətlərdə əldə olunmuş yüksək səviyyənin iqtisadi əməkdaşlıqda da konkret nəticələrlə müşayiət olunması mühüm əhəmiyyət daşıyır. Bu baxımdan qarşılıqlı investisiyaların təşviqi, biznes dairələri arasında birbaşa təmasların artırılması, birgə müəssisələrin yaradılması və uzunmüddətli iqtisadi layihələrin həyata keçirilməsi üçün geniş imkanlar mövcuddur.

 

Çinarə Pirməmmədova- Zərdab rayon Hüseynxanlı kənd körpələr evi-uşaq bağçasının müdiri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki