Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilir
Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən qarşısına Azərbaycanın müstəqilliyinin qorunması, dövlətçiliyinin möhkəmləndirilməsi, ölkədə siyasi sabitliyin təmin olunması və xalqın rifahının yüksəldilməsi kimi mühüm məqsədlər qoydu. Partiyanın əsas fərqləndirici xüsusiyyəti onun ölkənin ağır vəziyyətdən çıxarılmasını, milli maraqların qorunmasını və Azərbaycanın gələcək inkişafını əsas fəaliyyət istiqaməti kimi müəyyən etməsi idi.
Partiyanın yaranması cəmiyyətdə böyük maraq doğurdu. Müxtəlif bölgələrdə yaşayan insanlar, ziyalılar, müəllimlər, alimlər, gənclər və digər peşə sahibləri bu siyasi təşkilatın ətrafında birləşməyə başladılar. Qısa müddətdə Yeni Azərbaycan Partiyası geniş ictimai dəstək qazandı. Bu dəstəyin əsas səbəbi insanların Heydər Əliyevin siyasi təcrübəsinə və Azərbaycanın gələcəyinə dair müəyyənləşdirdiyi inkişaf yoluna olan inamı idi.
1993-cü il Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Ölkədə siyasi böhran daha da dərinləşmiş, vətəndaş qarşıdurması təhlükəsi yaranmış, dövlət müstəqilliyinin qorunması ciddi sual altına düşmüşdü. Belə bir vəziyyətdə xalqın təkidli tələbi ilə Heydər Əliyev Bakıya qayıtdı və ölkə rəhbərliyinə gəldi. Onun siyasi hakimiyyətə qayıdışı Azərbaycanın gələcək taleyində həlledici rol oynadı.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə qısa müddətdə ölkədə sabitliyin yaradılması, dövlət idarəetmə sisteminin möhkəmləndirilməsi və qanunsuz silahlı birləşmələrin fəaliyyətinin qarşısının alınması istiqamətində mühüm addımlar atıldı. 1994-cü ildə atəşkəsə nail olunması müharibənin dayandırılması və ölkənin inkişafına diqqətin yönəldilməsi üçün imkan yaratdı. Həmin dövrdə Azərbaycanın iqtisadi və siyasi həyatında əsaslı dəyişikliklərin əsası qoyuldu.
1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ölkəmizin iqtisadi inkişafında yeni mərhələnin başlanğıcı oldu. Azərbaycanın zəngin enerji ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün geniş imkanlar yarandı. Eyni zamanda, ölkəmizin beynəlxalq əlaqələri genişləndi, xarici dövlətlərlə əməkdaşlıq möhkəmləndi və Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artmağa başladı. Bütün bunlar müstəqil dövlətimizin gələcək inkişafı üçün möhkəm zəmin yaratdı.
Yeni Azərbaycan Partiyası da bu proseslərdə mühüm siyasi qüvvə kimi iştirak etdi. Partiyanın fəaliyyəti ölkədə həyata keçirilən dövlətçilik siyasətinin dəstəklənməsi, ictimai-siyasi sabitliyin qorunması və cəmiyyətin müxtəlif təbəqələrinin vahid məqsəd ətrafında birləşdirilməsi baxımından əhəmiyyət daşıdı.
Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilir. 2003-cü ildən ölkəyə rəhbərlik edən Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan bütün istiqamətlərdə böyük inkişaf yolu keçib. Ölkə iqtisadiyyatı güclənib, yeni istehsal müəssisələri yaradılıb, yollar, körpülər, məktəblər, xəstəxanalar və digər sosial obyektlər tikilib, regionların inkişafına xüsusi diqqət yetirilib.
Bu illər ərzində Azərbaycan beynəlxalq münasibətlər sistemində mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirib. Ölkəmiz müstəqil xarici siyasət yürüdərək milli maraqlarını qətiyyətlə müdafiə edib, beynəlxalq təşkilatlarla əməkdaşlığını genişləndirib və regionda söz sahibi olan dövlətə çevrilib.
Fərid Qurbanov – Zərdab rayonu, Təzəkənd kənd sakini, fəal gənc


























