image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images

Yeni Azərbaycan Partiyasının yaradılması xalqın sabitlik və güclü dövlətçilik arzularını özündə birləşdirən mühüm siyasi hadisəyə çevrildi

image-legitimaz-810x90

Yeni Azərbaycan Partiyasının yaradılması xalqın sabitlik və güclü dövlətçilik arzularını özündə birləşdirən mühüm siyasi hadisəyə çevrildi

 

1992-ci il noyabrın 21-i Azərbaycan xalqının siyasi tarixində mühüm yer tutan əlamətdar günlərdən biridir. Həmin gün Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsi ölkəmizin gələcək taleyi, müstəqilliyinin qorunması və dövlətçiliyinin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Bu hadisə Azərbaycanın olduqca çətin bir dövründə baş vermiş, xalqın sabitliyə, güclü dövlətə və ölkəni böhrandan çıxara biləcək siyasi liderə olan ehtiyacından irəli gəlmişdir.

1990-cı illərin əvvəlləri Azərbaycan üçün çox ağır və mürəkkəb bir dövr idi. Ölkəmiz yenicə dövlət müstəqilliyini bərpa etmişdi. Lakin müstəqilliyin ilk illərində respublikada siyasi vəziyyət getdikcə gərginləşir, hakimiyyət daxilində çəkişmələr artır, idarəetmədə ciddi problemlər yaranırdı. Bir tərəfdən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü davam edir, torpaqlarımız işğal olunur, minlərlə insan doğma yurdlarından didərgin düşürdü. Digər tərəfdən isə ölkədə siyasi qarşıdurma, iqtisadi çətinliklər, qanunsuz silahlı dəstələrin fəaliyyəti və idarəetmədəki zəiflik dövlət müstəqilliyimizi ciddi təhlükə qarşısında qoyurdu.

Həmin dövrdə insanların əsas istəyi ölkədə sabitliyin yaranması, müharibənin ağır nəticələrinin aradan qaldırılması, dövlətin idarə olunmasında nizam-intizamın təmin edilməsi və Azərbaycanın gələcəyinin etibarlı əllərdə olması idi. Cəmiyyət yaxşı başa düşürdü ki, ölkəni düşdüyü ağır vəziyyətdən çıxarmaq üçün böyük siyasi təcrübəyə, dövlətçilik düşüncəsinə və qətiyyətli mövqeyə malik rəhbərə ehtiyac var. Məhz belə bir şəraitdə xalqın böyük ümid bəslədiyi şəxs Ulu Öndər Heydər Əliyev idi.

Heydər Əliyev uzun illər dövlət idarəçiliyində çalışmış, Azərbaycanın inkişafında mühüm xidmətlər göstərmiş, zəngin siyasi təcrübəyə malik görkəmli dövlət xadimi kimi tanınırdı. Onun rəhbərliyi dövründə ölkəmizdə sənaye, kənd təsərrüfatı, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə mühüm nailiyyətlər əldə edilmişdi. İnsanlar onun idarəçilik bacarığına, siyasi uzaqgörənliyinə və çətin vəziyyətlərdə düzgün qərarlar qəbul etmək qabiliyyətinə inanırdılar.

Belə bir tarixi şəraitdə Azərbaycanın müxtəlif bölgələrini təmsil edən 91 nəfər tanınmış ziyalı 1992-ci il oktyabrın 16-da Ulu Öndər Heydər Əliyevə müraciət ünvanladı. Həmin müraciətdə ölkənin ağır vəziyyətindən çıxarılması, xalqın birliyinin təmin olunması və Azərbaycanın gələcəyini düşünən yeni siyasi təşkilatın yaradılması zərurəti ifadə olunurdu. Tarixə “91-lər”in müraciəti kimi düşən bu təşəbbüs əslində cəmiyyətdə yetişən böyük bir siyasi ehtiyacın göstəricisi idi.

Ziyalılar Heydər Əliyevdən yeni yaradılacaq siyasi təşkilata rəhbərlik etməsini xahiş edir, onun ətrafında birləşməyin ölkənin gələcəyi üçün mühüm əhəmiyyət daşıdığını bildirirdilər. Ulu Öndər bu müraciətə müsbət cavab verdi. Bununla da Azərbaycanın siyasi həyatında yeni bir mərhələnin başlanğıcı qoyuldu.

Nəhayət, 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Azərbaycanın müxtəlif bölgələrindən olan nümayəndələrin iştirak etdiyi konfransda yeni siyasi təşkilatın yaradılması haqqında qərar qəbul edildi və Heydər Əliyev partiyanın sədri seçildi. Bu hadisə ölkədə baş verən siyasi proseslərə yeni istiqamət verdi.

 

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki