image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images

Azərbaycanın müstəqillik tarixində belə mühüm hadisələrdən biri də Yeni Azərbaycan Partiyasının yaradılmasıdır

image-legitimaz-810x90

Azərbaycanın müstəqillik tarixində belə mühüm hadisələrdən biri də Yeni Azərbaycan Partiyasının yaradılmasıdır

 

Hər bir ölkənin tarixində onun gələcək taleyinə ciddi təsir göstərən mühüm hadisələr və dönüş nöqtələri olur. Belə hadisələr bəzən xalqın qarşılaşdığı çətinliklərdən çıxış yolu tapmasında, dövlətin qorunub saxlanılmasında və gələcək inkişaf istiqamətinin müəyyən edilməsində həlledici rol oynayır. Azərbaycanın müstəqillik tarixində belə mühüm hadisələrdən biri də Yeni Azərbaycan Partiyasının yaradılmasıdır. 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis edilməsi ölkəmizin ictimai-siyasi həyatında yeni mərhələnin başlanğıcı oldu.

Həmin dövr Azərbaycanın tarixində ən ağır və mürəkkəb mərhələlərdən biri kimi yadda qalıb. Xalqımız uzun illər arzuladığı dövlət müstəqilliyini yenicə bərpa etmişdi. Lakin müstəqilliyin ilk illərində ölkədə yaranmış siyasi qeyri-sabitlik, idarəetmədəki ciddi problemlər, iqtisadi çətinliklər, torpaqlarımızın Ermənistan tərəfindən işğalı və cəmiyyətdə artan qarşıdurma müstəqil dövlətimizin gələcəyini ciddi təhlükə altına almışdı. İnsanlar gündəlik həyatlarında çoxsaylı problemlərlə üzləşir, ölkədə sabitliyin nə vaxt bərpa olunacağı, Azərbaycanın hansı istiqamətdə inkişaf edəcəyi barədə narahatlıq keçirirdilər.

Həmin illərdə ölkədə vahid və ardıcıl dövlət idarəçiliyinin olmaması, siyasi qüvvələr arasında mübarizənin güclənməsi, qanunçuluğun və ictimai asayişin zəifləməsi vəziyyəti daha da ağırlaşdırmışdı. İqtisadiyyat tənəzzülə uğramış, insanların yaşayış səviyyəsi aşağı düşmüş, cəmiyyətdə sabaha inam xeyli zəifləmişdi. Belə bir şəraitdə Azərbaycanın müstəqilliyini qorumaq, ölkədə qayda-qanun yaratmaq və xalqı vahid məqsəd ətrafında birləşdirmək üçün təcrübəli, qətiyyətli və güclü siyasi liderə ehtiyac var idi. Prezident İlham Əliyev də çıxışlarında həmin dövrün tarixi əhəmiyyətinə toxunaraq gənc nəslin Azərbaycanın müstəqilliyini hansı çətinliklər hesabına qoruyub saxladığını bilməsinin vacibliyini dəfələrlə vurğulayıb. Çünki müstəqilliyin əldə olunması nə qədər böyük tarixi hadisə idisə, onun qorunub saxlanılması da bir o qədər məsuliyyətli və çətin vəzifə idi. Məhz belə bir vaxtda xalqımızın Ümummilli Lider Heydər Əliyevin rəhbərliyinə və zəngin dövlətçilik təcrübəsinə ehtiyacı daha aydın hiss olunurdu.

1992-ci ilin oktyabrında Azərbaycanın tanınmış ziyalılarından ibarət 91 nəfər nüfuzlu şəxs Ümummilli Lider Heydər Əliyevə müraciət etdi. Tarixə “91-lərin müraciəti” kimi düşən bu müraciətin əsas məqsədi ölkədə yaranmış ağır vəziyyətdən çıxış yolu tapmaq, yeni siyasi təşkilat yaratmaq və Heydər Əliyevin həmin təşkilata rəhbərlik etməsinə nail olmaq idi. Bu müraciətə imza atan ziyalılar ölkənin gələcəyinə görə məsuliyyət hiss edərək belə bir addım atmışdılar. Onlar Azərbaycanın düşdüyü çətin vəziyyəti görür, dövlət müstəqilliyinin təhlükə altında olduğunu anlayır və ölkənin təcrübəli dövlət xadiminin rəhbərliyinə ehtiyac duyduğunu düşünürdülər. Əslində, 91 nəfərin bu müraciəti yalnız ziyalıların deyil, ölkədə sabitlik, əmin-amanlıq və güclü dövlət görmək istəyən çoxsaylı insanların arzu və düşüncələrini ifadə edirdi. Həmin vaxt belə bir müraciət etmək heç də asan deyildi. Ölkədə siyasi gərginlik yüksək idi, fərqli fikirlərə münasibət birmənalı deyildi. Buna görə də ziyalıların öz mövqelərini açıq şəkildə bildirməsi böyük cəsarət tələb edirdi. Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII Qurultayında etdiyi çıxışında da “91-lər”in bu addımının xüsusi əhəmiyyət daşıdığını vurğulamış, onların mürəkkəb şəraitdə göstərdikləri vətəndaş mövqeyini yüksək qiymətləndirmişdir.

 

Kəmalə Əliyeva – Zərdab rayonu, Qaravəlli kənd tam ümumtəhsil məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki