Beynəlxalq hüquqa hörmət və dövlət suverenliyinin toxunulmazlığı
Dövlətlərarası münasibətlərin sağlam təməllər üzərində qurulması, ilk növbədə, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə bağlıdır. Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamədə bu məsələyə xüsusi yer ayrılması sənədin siyasi və hüquqi əhəmiyyətini daha da artırır.
Bəyannamədə tərəflər Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, beynəlxalq hüququn prinsiplərinə və normalarına, dövlətlərin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşacaqlarını bir daha təsdiqləyirlər. Xüsusilə beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsipinin vurğulanması müasir beynəlxalq münasibətlər sistemində mühüm əhəmiyyət daşıyır.
Azərbaycanın müstəqil dövlət kimi inkişaf yolu göstərir ki, suverenliyin və ərazi bütövlüyünün qorunması milli dövlətçilik siyasətinin əsas prioritetlərindəndir. Ölkəmiz uzun illər ərzində beynəlxalq hüququn norma və prinsiplərinin müdafiə olunmasını, dövlətlərin ərazi bütövlüyünə hörmət edilməsini beynəlxalq platformalarda ardıcıl şəkildə gündəmə gətirib. Bu baxımdan Bəyannamədə həmin prinsiplərin təsbit olunması Azərbaycanın xarici siyasətinin fundamental istiqamətləri ilə uzlaşır.
Müasir dünyada beynəlxalq hüququn aliliyinin qorunması yalnız ayrı-ayrı dövlətlərin deyil, bütövlükdə beynəlxalq təhlükəsizlik sisteminin maraqlarına xidmət edir. Dövlətlərin sərhədlərinin güc yolu ilə dəyişdirilməsinin yolverilməzliyi, müstəqilliyə və suverenliyə qarşılıqlı hörmət sabitliyin və etimadın əsas şərtləridir.
Sənədin digər mühüm tərəfi ondan ibarətdir ki, tərəflər beynəlxalq və regional məsələlərdə ortaq prinsiplər əsasında dialoqun davam etdirilməsinə maraq göstərirlər. Bu isə qarşılıqlı siyasi etimadın möhkəmləndirilməsi üçün əlverişli zəmin yaradır. Strateji Tərəfdaşlıq Bəyannaməsində beynəlxalq hüququn əsas prinsiplərinə verilən önəm Azərbaycan-Böyük Britaniya münasibətlərinin yalnız qarşılıqlı maraqlara deyil, həm də dövlətlərarası münasibətlərin ümumtanınmış hüquqi əsaslarına söykəndiyini nümayiş etdirir.
Aqil Mehdiyev – Zərdab rayonu Alıcanlı kənd sakini



















