image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images

Təhsil və elm sahəsində əməkdaşlığın genişlənməsi, ilk növbədə, Azərbaycan gəncləri üçün yeni imkanlar deməkdir

image-legitimaz-810x90

Təhsil və elm sahəsində əməkdaşlığın genişlənməsi, ilk növbədə, Azərbaycan gəncləri üçün yeni imkanlar deməkdir

Bu gün dünyada enerji sahəsində yeni dəyişikliklər baş verir. Bir çox dövlətlər ənənəvi enerji mənbələri ilə yanaşı, günəş və külək enerjisi kimi bərpaolunan enerji mənbələrindən istifadəyə daha çox üstünlük verirlər. Azərbaycan da bu istiqamətdə geniş imkanlara malikdir və yaşıl enerji sahəsinin inkişafını dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirib.

Ölkəmizin günəş və külək enerjisi potensialı, xüsusilə Xəzər dənizinin külək enerjisi imkanları gələcəkdə böyük layihələrin həyata keçirilməsi üçün əlverişli şərait yaradır. Bu sahədə Böyük Britaniyanın texnoloji təcrübəsindən, maliyyə imkanlarından və investisiya potensialından istifadə olunması qarşılıqlı faydalı nəticələr verə bilər. Yaşıl enerji layihələrinin inkişafı həm iqtisadiyyatın güclənməsinə, həm yeni iş yerlərinin açılmasına, həm də ətraf mühitin qorunmasına xidmət edir.

Bəyannamədə təhsil, elm, innovasiya və müasir texnologiyalar sahəsində əməkdaşlığa da geniş yer ayrılmışdır. Çünki hər bir ölkənin gələcək inkişafı ilk növbədə savadlı, bilikli və peşəkar insanlardan asılıdır. Müasir dünyada yalnız təbii sərvətlərə və iqtisadi imkanlara malik olmaq kifayət etmir. Ölkənin davamlı inkişafı üçün yüksək bilik və bacarıqlara sahib mütəxəssislərin yetişdirilməsi, elmi yeniliklərin tətbiqi və rəqəmsal texnologiyaların genişləndirilməsi vacibdir.

Böyük Britaniya dünyanın tanınmış universitetlərinə və qabaqcıl təhsil sisteminə malik ölkələrdən biridir. Bu ölkənin ali təhsil müəssisələrində müxtəlif ölkələrdən olan tələbələr təhsil alır. Azərbaycanlı gənclər də Böyük Britaniyada ali təhsil almağa, müasir bilik və təcrübə qazanmağa böyük maraq göstərirlər. İki ölkənin universitetləri arasında əlaqələrin genişləndirilməsi, tələbə və müəllim mübadiləsinin təşviqi, birgə elmi layihələrin həyata keçirilməsi gələcəkdə təhsil sahəsində mühüm nəticələr verə bilər. Bununla yanaşı, peşə təhsili, müasir ixtisaslar üzrə kadr hazırlığı, rəqəmsal bacarıqların artırılması və elmi tədqiqatların inkişafı da xüsusi əhəmiyyət daşıyır. Süni intellekt, informasiya texnologiyaları, elektron xidmətlər və rəqəmsal idarəetmə müasir dövrün əsas inkişaf istiqamətlərindəndir. Bu sahələrdə Böyük Britaniyanın təcrübəsinin öyrənilməsi Azərbaycanda dövlət idarəçiliyinin təkmilləşdirilməsinə, xidmətlərin keyfiyyətinin yüksəldilməsinə və innovativ yanaşmaların tətbiqinə kömək edə bilər. Təhsil və elm sahəsində əməkdaşlığın genişlənməsi, ilk növbədə, Azərbaycan gəncləri üçün yeni imkanlar deməkdir. Xarici ölkələrdə təhsil alan, müasir bilik və təcrübə qazanan gənclərin gələcəkdə həmin bilikləri ölkəmizin inkişafı naminə tətbiq etməsi mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycan ilə Böyük Britaniya arasında elmi və təhsil əlaqələrinin möhkəmləndirilməsi gələcək nəsillərin inkişafına yönəlmiş mühüm addımdır.

Ümumilikdə, Azərbaycan ilə Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ölkəmizin xarici siyasətində və beynəlxalq əməkdaşlıq əlaqələrində mühüm hadisə kimi qiymətləndirilə bilər. Bu sənəd iki dövlət arasında siyasi münasibətləri, təhlükəsizlik sahəsində əməkdaşlığı, iqtisadi əlaqələri, enerji tərəfdaşlığını, təhsil və texnologiya sahələrində birgə fəaliyyəti vahid çərçivədə birləşdirir. Ən əsası, belə sənədlər ölkələr arasında münasibətlərin yalnız bu gününü deyil, gələcək inkişaf istiqamətlərini də müəyyənləşdirir. Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir, müxtəlif dövlətlərlə qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığı genişləndirir. Böyük Britaniya ilə strateji tərəfdaşlığın inkişafı da bu siyasətin mühüm tərkib hissəsidir.

 

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki