Birgə Bəyannamədə əsas diqqət yetirilən məsələlərdən biri müdafiə və təhlükəsizlik sahəsində uzunmüddətli əməkdaşlığın gücləndirilməsidir
Müasir dövrdə dünyada baş verən siyasi proseslər, geosiyasi münasibətlərin dəyişməsi, müxtəlif regionlarda yaranan münaqişələr və təhlükəsizlik çağırışları dövlətlər arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın əhəmiyyətini daha da artırır. Hər bir dövlətin əsas vəzifələrindən biri öz müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü və milli təhlükəsizliyini qorumaq, ölkədə sabitliyi təmin etməkdir. Bu məqsədlərə nail olmaq üçün dövlətlər təkcə öz imkanlarına deyil, həm də beynəlxalq əməkdaşlığa, qarşılıqlı etimada və tərəfdaşlıq münasibətlərinə böyük əhəmiyyət verirlər.
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamədə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Bu sənəd iki ölkənin regional və beynəlxalq təhlükəsizliyin təmin olunması, ümumi təhdidlərə qarşı mübarizə, müdafiə imkanlarının inkişaf etdirilməsi və hüquq-mühafizə sahəsində əlaqələrin gücləndirilməsi istiqamətində birgə fəaliyyət göstərmək niyyətini ifadə edir.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli təhlükəsizlik sisteminin qurulması və müdafiə qabiliyyətinin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri olub. Ölkəmiz uzun illər ərzində mürəkkəb təhlükəsizlik şəraitində fəaliyyət göstərib, ərazi bütövlüyünün və suverenliyinin qorunması üçün mühüm siyasi, diplomatik və hərbi addımlar atıb. Bu gün Azərbaycanın müdafiə və təhlükəsizlik sahəsində həyata keçirdiyi siyasət dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, regionda sülhün və sabitliyin qorunmasına xidmət edir. Birgə Bəyannamədə əsas diqqət yetirilən məsələlərdən biri müdafiə və təhlükəsizlik sahəsində uzunmüddətli əməkdaşlığın gücləndirilməsidir. Bu əməkdaşlıq ölkələrin qarşılaşa biləcəyi ümumi təhlükələrin əvvəlcədən müəyyənləşdirilməsi, onların qarşısının alınması və yaranmış təhlükələrə vaxtında cavab verilməsi baxımından əhəmiyyətlidir. Müasir dövrdə təhlükəsizlik anlayışı yalnız hərbi müdafiə ilə məhdudlaşmır. Kibertəhlükəsizlik, terrorçuluq, mütəşəkkil cinayətkarlıq, qanunsuz silah və narkotik dövriyyəsi, sərhəd təhlükəsizliyi və digər məsələlər də dövlətlərin təhlükəsizlik siyasətində mühüm yer tutur.
Bu baxımdan Azərbaycan və Böyük Britaniya arasında təcrübə mübadiləsinin aparılması, müvafiq dövlət qurumları arasında əlaqələrin genişləndirilməsi və qarşılıqlı fəaliyyətin gücləndirilməsi hər iki ölkənin təhlükəsizlik imkanlarının inkişafına töhfə verə bilər. Xüsusilə təhlükələrin vaxtında müəyyən edilməsi və onların qarşısının alınması üçün müasir texnologiyalardan, peşəkar biliklərdən və qabaqcıl təcrübələrdən istifadə böyük əhəmiyyət daşıyır.
Sənəddə yüksək səviyyəli qarşılıqlı əlaqələrin davam etdirilməsi və ikitərəfli, regional, eləcə də beynəlxalq məsələlər üzrə koordinasiyanın dərinləşdirilməsi də nəzərdə tutulur. Bu, iki ölkə arasında siyasi və diplomatik dialoqun davamlı olmasının vacibliyini göstərir. Dövlətlər arasında müntəzəm təmasların və fikir mübadiləsinin aparılması qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, mövcud problemlərin müzakirə edilməsinə və ortaq maraq doğuran məsələlər üzrə uyğun yanaşmaların müəyyənləşdirilməsinə imkan yaradır.
Eltun Məmmədli – Zərdab şəhər sakini, fəal gənc


















