Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi fəaliyyətə başlasa da, qısa müddətdə cəmiyyətin müxtəlif təbəqələrinin dəstəyini qazandı
Ulu Öndər Heydər Əliyev ziyalıların müraciətinə müsbət cavab verdi. Bununla da Azərbaycanın siyasi həyatında yeni bir təşkilatın yaradılması istiqamətində mühüm addım atıldı. Yeni Azərbaycan Partiyasının yaradılması həmin dövrün tələblərindən irəli gələn tarixi zərurət idi. Bu partiya ölkədə sabitliyin təmin olunmasını, dövlət müstəqilliyinin qorunmasını, xalqın birliyinin möhkəmləndirilməsini və Azərbaycanın gələcək inkişafını əsas məqsəd kimi qarşıya qoyurdu.
1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Həmin konfransda Ümummilli Lider Heydər Əliyev partiyanın sədri seçildi. Beləliklə, ölkənin mürəkkəb ictimai-siyasi şəraitində yaranan Yeni Azərbaycan Partiyası fəaliyyətə başladı. Partiyanın təsis konfransının Naxçıvanda keçirilməsi də həmin dövrün siyasi şəraiti ilə bağlı idi. Bakıda belə bir tədbirin keçirilməsi üçün imkan yaradılmadığından konfrans Naxçıvanda təşkil olundu.
Yeni yaradılmış partiya ilk gündən xalqın diqqətini cəlb etdi. Çünki insanlar bu siyasi təşkilatın rəhbərliyində ölkənin ağır dövrlərində dövlətçilik təcrübəsi qazanmış, Azərbaycanın inkişafında böyük xidmətləri olmuş Heydər Əliyevi görürdülər. Partiyanın qarşıya qoyduğu məqsədlər də cəmiyyətin əsas gözləntiləri ilə üst-üstə düşürdü. İnsanlar ölkədə sabitliyin yaranmasını, müharibənin dayandırılmasını, iqtisadiyyatın bərpasını və dövlət müstəqilliyinin möhkəmlənməsini istəyirdilər.
Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi fəaliyyətə başlasa da, qısa müddətdə cəmiyyətin müxtəlif təbəqələrinin dəstəyini qazandı. Partiyanın ətrafında ziyalılar, elm və mədəniyyət xadimləri, əmək adamları, gənclər və müxtəlif peşə sahibləri birləşməyə başladılar. Bu, YAP-ın yalnız siyasi təşkilat deyil, eyni zamanda ölkənin gələcəyinə dair ortaq düşüncələri birləşdirən böyük ictimai-siyasi qüvvəyə çevrildiyini göstərirdi.
Yeni Azərbaycan Partiyasının yaradılmasından cəmi bir neçə ay sonra, 1993-cü ilin iyununda Azərbaycanda siyasi vəziyyət daha da ağırlaşdı. Ölkə parçalanmaq, vətəndaş qarşıdurmasına sürüklənmək və müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qaldı. Xalqın təkidli tələbi ilə Heydər Əliyev Bakıya qayıtdı və ölkə rəhbərliyinə gəldi. Bununla da Azərbaycanın tarixində yeni bir mərhələnin əsası qoyuldu.
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə dövlət idarəçiliyinin bərpası, sabitliyin təmin olunması və müstəqilliyin qorunması istiqamətində mühüm tədbirlər həyata keçirildi. İlk növbədə, ölkədə baş verən qarşıdurmaların qarşısının alınması, qanunçuluğun möhkəmləndirilməsi və dövlət orqanlarının normal fəaliyyətinin təmin edilməsi əsas vəzifələrdən biri oldu. Həmin dövrdə atılan addımlar Azərbaycanın bir dövlət kimi mövcudluğunu qorumaq baxımından son dərəcə vacib idi.
1994-cü ildə Ermənistanla atəşkəs razılaşmasının əldə olunması ölkədə genişmiqyaslı dövlət quruculuğu və iqtisadi islahatların aparılması üçün imkan yaratdı. Həmin il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın iqtisadi inkişafında mühüm dönüş nöqtəsinə çevrildi. Bu müqavilə ölkəmizin zəngin enerji ehtiyatlarının beynəlxalq əməkdaşlıq çərçivəsində istifadəsinə yol açdı, xarici investisiyaların cəlb edilməsinə və Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasına təkan verdi.
Fazil Kərimov – Zərdab rayonu, İsaqbağı kənd sakini, təqaüddə olan müəllim




















