Xəbər verildiyi kimi, Rusiya prezidenti Vladimir Putin dünən Ukrayna ilə Pasxa atəşkəsini elan etdi, bütün hərbi əməliyyatların dayandırılacağını bildirdi.
Xeberaz.info-nun xəbərinə görə, Putin müvəqqəti atəşkəsin şənbə günü saat 18:00-dan başlayaraq bazar ertəsinə qədər davam edəcəyini dedi.
“Humanitar mülahizələrə əsaslanaraq, bu gün saat 18:00-dan bazar günündən bazar ertəsinə keçən gecə saat 00:00-a qədər Rusiya tərəfi Pasxa atəşkəsini elan edir. Bu müddət ərzində bütün hərbi fəaliyyətlərin dayandırılması üçün əmr verirəm”, – deyə Putin bildirdi.
O, bu qərarı Rusiya ordusunun Baş Qərargah rəisi Valeri Gerasimov ilə müzakirələrdən sonra verdiyini açıqladı.
Xatırladaq ki, mart ayının əvvəlində ABŞ prezidenti Donald Tramp Pasxadan xeyli əvvəl genişmiqyaslı bir atəşkəsin mümkün ola biləcəyinə ümid etdiyini söyləmişdi.
Keçən həftə isə Tramp Rusiyanın Ukraynanın Sumı vilayətinə hücumunu “dəhşətli” adlandıraraq, bu müharibənin başlanmasının keçmiş prezident Co Baydenin günahı olduğunu bildirmişdi.
“Bloomberg”ə görə, Ağ Ev 20 aprelə qədər atəşkəs əldə etməyə çalışırdı. Bu tarix simvolik əhəmiyyət daşıyırdı, çünki bu il həm Qərb, həm də pravoslav kilsələri Pasxa bayramını eyni gündə qeyd edirlər.
“Kyiv Post”un “Bloomberg”ə istinadla verdiyi xəbərə görə, Donald Trampa verilən vaxt 20 apreldə başa çatırdı və Putin artıq atəşkəs məsələsində konkret addım atmalı idi. Əks halda, ABŞ səbir kasasının dolduğunu bildirərək danışıqlardan çəkilə və Putini sülhə yaxın olmayan lider kimi təqdim edə bilərdi.
ABŞ dövlət katibi Marko Rubio da cümə günü verdiyi açıqlamada Ukraynada atəşkəsin “real olub-olmayacağına” dair qərarın bir neçə gün ərzində veriləcəyini demişdi.
“Qısa müddətdə bu məsələnin reallaşıb-reallaşmayacağını dəqiqləşdirməliyik. Əgər mümkün deyilsə, yolumuza davam edəcəyik”, – Rubio qeyd etmişdi.
Prezident Donald Tramp isə cümə günü belə bir açıqlama vermişdi: “Əgər tərəflərdən biri prosesi çox çətinləşdirirsə, sadəcə belə deyəcəyik: “Siz axmaqsınız. Axmaqsınız. Dəhşətli insanlarsınız – və biz bu işdən çəkilirik’”.
Tramp yanvarda Ağ Evə qayıtmadan öncə bu müharibəni 24 saat ərzində bitirə biləcəyini demişdi. Lakin son zamanlar bu açıqlamasının “kinayə ilə deyilmiş” sözlər olduğunu iddia edib.