image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1703685459_68eda88c-ea30-3925-9cc4-f4480f5a2f2f_850-main

Ağdərə rayonunun yaradılması

image-legitimaz-810x90

Ağdərə rayonunun yaradılması.

 

20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü Azərbaycanın müasir tarixinə təkcə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası kimi deyil, zəfərlə taclanan böyük ədalətin və yeni dirçəliş erasının başlanğıcı kimi həkk olunmuşdur. 2023-cü ilin sentyabr ayında keçirilmiş uğurlu anti-terror tədbirləri nəticəsində Qarabağ regionunun digər yaşayış məntəqələri ilə yanaşı Ağdərə şəhəri və onun ətraf əraziləri də separatçılardan təmizlənmiş, Azərbaycan Respublikasının Konstitusiya quruluşu tam bərpa edilmişdir. Bu tarixi zəfərdən dərhal sonra regionda idarəetmənin effektivliyini təmin etmək, bərpa və quruculuq işlərini daha mütəşəkkil şəkildə həyata keçirmək məqsədilə strateji xarakterli mühüm hüquqi addımlar atılmışdır.

2023-cü il dekabrın 5-də qəbul edilmiş qanuna əsasən Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək mərkəzi Ağdərə şəhəri olmaqla Ağdərə rayonu yaradıldı.

Bu mühüm qərar, ilk növbədə, tarihi ədalətin bərpası baxımından böyük rəmzi və praktiki əhəmiyyət kəsb edir. Tarixə nəzər salsaq görərik ki, Ağdərə rayonu ilk dəfə 1930-cu ildə təşkil olunmuş, zəngin təbii resursları, kənd təsərrüfatı potensialı və strateji coğrafi mövqeyi ilə Qarabağ regionunun ən inkişaf etmiş inzibati vahidlərindən birinə çevrilmişdi. Lakin 1992-ci ilin dekabrında ölkədəki mürəkkəb siyasi şərait fonunda Ağdərə rayonu ləğv edilərək, onun torpaqları qonşu Tərtər, Kəlbəcər və Ağdam rayonları arasında bölüşdürülmüşdü. İşğal dövründə rayonun infrastrukturu tamamilə dağıdılmış, təbiəti və zəngin resursları ekoloji terrora məruz qalmışdı. Otuz ilə yaxın davam edən həsrətdən sonra Ağdərənin yenidən müstəqil inzibati-ərazi vahidi kimi bərpası bölgənin gələcək inkişafının möhkəm təməlini qoydu.

Ağdərə rayonunun yeniden təşkili bölgədə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin tək mərkəzdən, daha çevik və səmərəli idarə olunmasına imkan yaradır. Ərazidə yerləşən Sərsəng su anbarı və Tərtərçay hövzəsi nəinki Ağdərənin, bütövlükdə Qarabağ və Mil-Muğan düzlərinin kənd təsərrüfatı və su təminatı üçün həyati əhəmiyyət daşıyır. Bu su resurslarının yenidən Azərbaycanın nəzarətinə keçməsi və Ağdərə rayonu çərçivəsində idarə olunması regionda aqrar sektorun, energetikanın və ekoloji tarazlığın sürətli bərpasına güclü təkan verir.

Eyni zamanda, Ağdərə Kəlbəcər, Tərtər və Xankəndi şəhərləri arasında mühüm nəqliyyat-logistika qovşağı rolunu oynayır. Hazırda rayonda müasir yol infrastrukturunun qurulması, kommunikasiya xətlərinin çəkilməsi, mülki obyektlərin və yaşayış massivlərinin inkişafı istiqamətində layihələr sürətlə icra olunur. “Böyük Qayıdış” proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz və ləyaqətli dönüşü üçün Ağdərədə müasir standartlara cavab verən sosial şərait yaradılır.

Yekun olaraq vurğulamaq lazımdır ki, Ağdərə rayonunun yeniden doğuluşu Azərbaycanın iqtisadi qüdrətinin, siyasi iradəsinin və dövlətçilik ənənələrinin təntənəsidir. Ağdərənin bərpası və dirçəlişi azad Qarabağın parlaq gələcəyinin, sarsılmaz birliyimizin və əbədi zəfərimizin əsas təməl daşlarından biridir.

 

Babək Mikayılov – Zərdab Peşə liseyinin direktoru

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki