20 SENTYABR – MÜZƏFFƏR AZƏRBAYCANIN SUVERENLİK GÜNÜ!
Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında 19 sentyabr 2024-cü il tarixli Sərəncam bu tarixi həqiqətin dövlət səviyyəsində təsdiqidir. Sentyabrın 20-də qeyd olunan bu əlamətdar gün Azərbaycan xalqının milli dövlətçilik tarixində xüsusi əhəmiyyət daşıyır. Çünki dövlət suverenliyi yalnız ərazi üzərində hakimiyyətin həyata keçirilməsi deyil, həm də xalqın öz taleyini müəyyən etmək, milli maraqlarını qorumaq və müstəqil inkişaf yolunu seçmək hüququdur. Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğal olunması, yüz minlərlə insanın öz doğma yurdlarından didərgin düşməsi, şəhər və kəndlərin dağıdılması, tarixi və mədəni irsə zərər vurulması dövlət suverenliyimizə qarşı ən ağır təhdidlərdən biri olmuşdur. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri ilə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması tələb edilsə də, uzun illər ərzində bu sənədlərin icrası təmin edilməmişdir. Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi ilə əlaqədardır. 44 gün davam edən müharibədə Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş ərazilərin böyük hissəsini azad etmiş, hərbi-siyasi üstünlük əldə etmişdir. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması təmin edilmişdir. Beləliklə, Azərbaycan öz hərbi gücü və siyasi iradəsi ilə BMT Təhlükəsizlik Şurasının qətnamələrində əksini tapmış tələblərin yerinə yetirilməsinə nail olmuşdur.
Dövlət suverenliyinin tam təmin edilməsi istiqamətində mühüm addımlardan biri 2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında, Həkəri çayı üzərində Azərbaycan sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılması olmuşdur. Bu addım Azərbaycanın beynəlxalq səviyyədə tanınmış dövlət sərhədləri daxilində təhlükəsizlik və nəzarət funksiyalarını həyata keçirmək hüququnun təmin olunması baxımından əhəmiyyətli idi. Azərbaycanın öz ərazisində sərhəd nəzarətini həyata keçirməsi beynəlxalq hüququn əsas prinsiplərinə, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət tələblərinə uyğun olmuşdur. 2023-cü il sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda başlanan lokal xarakterli antiterror tədbirləri Azərbaycanın dövlət suverenliyinin tam bərpasında həlledici mərhələ təşkil etmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlumatına görə, tədbirlər 23 saat 43 dəqiqə davam etmişdir. Azərbaycan Ordusu qarşısında duran vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmiş, separatçı silahlı birləşmələrin fəaliyyətinə son qoyulmuş və həmin ərazilərdə Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpası təmin edilmişdir. 2023-cü il sentyabrın 20-də Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin bərpa olunması müasir dövlətçilik tariximizin mühüm hadisəsidir. Bu gün Azərbaycanın əldə etdiyi müstəqillik, ərazi bütövlüyü və tam suverenlik xalqımızın ən böyük milli sərvətlərindəndir. Bu nailiyyətlər bizə asanlıqla başa gəlməyib. Bu yolda minlərlə şəhidin qanı, Azərbaycan əsgərinin qəhrəmanlığı, xalqımızın iradəsi və dövlətimizin qətiyyətli siyasəti dayanır. Bu gün Azərbaycan xalqı öz müstəqil dövlətinə, bütöv ərazisinə və suverenliyinə sahibdir. Bu nailiyyət şəhidlərimizin canı, qazilərimizin fədakarlığı, Azərbaycan Ordusunun qəhrəmanlığı və dövlətimizin məqsədyönlü siyasəti hesabına əldə edilmişdir. Dövlət Suverenliyi Günü xalqımızın milli iradəsinin, dövlətçilik əzminin və müstəqillik yolunda əldə etdiyi tarixi Zəfərin təcəssümüdür. Dövlətimizin qarşısında duran əsas vəzifə bu tarixi nailiyyəti qorumaq, suverenliyimizi daha da möhkəmləndirmək, ölkəmizin iqtisadi və siyasi gücünü artırmaq, xalqımızın rifahını yüksəltmək və gələcək nəsillərə daha qüdrətli Azərbaycan dövlətini miras qoymaqdır. Dövlət Suverenliyi Günü bu məqsədlər ətrafında milli həmrəyliyi gücləndirən, dövlətçilik dəyərlərini möhkəmləndirən və Azərbaycanın gələcəyə inamını ifadə edən əlamətdar tarixdir. Dövlət suverenliyinin tam bərpası Azərbaycanın qarşısında yeni və daha böyük vəzifələr qoyur. Torpaqları azad etmək və suverenliyi bərpa etmək tarixi nailiyyətdir. Bu nailiyyətin qorunması, azad edilmiş ərazilərin dirçəldilməsi, insanların doğma yurdlarına qaytarılması və həmin bölgələrin ölkənin ümumi inkişafına tam inteqrasiyası yeni dövrün əsas vəzifələridir.
Azərbaycan bu gün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirir. Şəhərlər və kəndlər yenidən qurulur, müasir yollar çəkilir, elektrik və enerji infrastrukturu yaradılır, məktəblər, xəstəxanalar və digər sosial obyektlər inşa edilir. Bir zamanlar xarabalığa çevrilmiş yaşayış məntəqələrinin yenidən canlanması Azərbaycanın gücünün və imkanlarının göstəricisidir. Son illərin tarixi hadisələri bir daha göstərdi ki, dövlətin gücü yalnız hərbi imkanlarla ölçülmür. Güclü iqtisadiyyat, müstəqil siyasət, müasir Ordu, xalqla hakimiyyət arasında birlik və milli məqsəd ətrafında həmrəylik böyük nəticələrin əldə edilməsinin əsas şərtləridir. Azərbaycan uzun illər ərzində məhz bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirdi. Ölkəmizin iqtisadi imkanları gücləndirildi, enerji və nəqliyyat layihələri həyata keçirildi, beynəlxalq mövqelərimiz möhkəmləndi, Azərbaycan Ordusu ən müasir imkanlarla təchiz edildi. Bu hazırlıq nəticəsində Azərbaycan 2020-ci ildə öz tarixi Qələbəsini qazandı. 2023-cü ilin antiterror tədbirləri isə göstərdi ki, Azərbaycan öz suveren hüquqlarını qorumaq və dövlət təhlükəsizliyini təmin etmək iqtidarında olan qüdrətli dövlətdir. Xalq, Ordu və Ali Baş Komandan birliyi Azərbaycanın Zəfər yolunun ən mühüm dayaqlarından biri oldu.
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının sədri
Elşən Əzizov




















