image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-3

Dövlət Suverenliyi Günü – Azərbaycanın dövlətçilik tarixinin mühüm səhifəsi

image-legitimaz-810x90

Dövlət Suverenliyi Günü – Azərbaycanın dövlətçilik tarixinin mühüm səhifəsi

 

Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaratmaq və onu qoruyaraq inkişaf etdirmək ən böyük milli nailiyyətlərdən biridir. Azərbaycan xalqı da tarixinin müxtəlif mərhələlərində üzləşdiyi siyasi və hərbi sınaqlara, işğal və məhrumiyyətlərə baxmayaraq, müstəqillik və dövlətçilik əzmini daim qoruyub saxlamışdır. Bu əzmin və milli iradənin nəticəsi olaraq bu gün Azərbaycan xalqı öz müstəqil dövlətinə, ərazi bütövlüyünə və tam dövlət suverenliyinə sahibdir.

Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi məhz bu tarixi nailiyyətin dövlət səviyyəsində əbədiləşdirilməsinin mühüm ifadəsidir. Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il sentyabrın 20-sinin Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi Azərbaycan dövlətçiliyinin tarixində xüsusi əhəmiyyət daşıyan hadisənin siyasi və hüquqi baxımdan təsbitidir. Sərəncamda qeyd olunduğu kimi, 2023-cü il sentyabrın 19-da başlanmış antiterror əməliyyatı 23 saat ərzində başa çatmış, nəticədə Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyi tam bərpa edilmişdir.

Dövlət Suverenliyi Gününün mahiyyəti yalnız tarixi hadisənin xatırlanması ilə məhdudlaşmır. Bu gün Azərbaycan dövlətçiliyinin əsas prinsiplərinə – müstəqillik, ərazi bütövlüyü, suverenlik, qanunun aliliyi və milli həmrəyliyə ehtiramın ifadəsidir. Suverenlik dövlətin öz ərazisində ali hakimiyyətə malik olması, milli maraqlarını müstəqil şəkildə müəyyənləşdirməsi və dövlət siyasətini həyata keçirməsi üçün fundamental şərtdir.

Bu baxımdan 20 Sentyabr həm də gələcək nəsillərin dövlətçilik ruhunda tərbiyə olunması baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan xalqının qazandığı tarixi nailiyyətlərin qorunması yalnız hərbi güclə deyil, eyni zamanda güclü iqtisadiyyat, dayanıqlı dövlət institutları, yüksək təhsil, milli-mənəvi dəyərlərə bağlılıq və vətəndaş məsuliyyəti ilə mümkündür. Dövlət suverenliyinin möhkəmləndirilməsi hər bir vətəndaşın dövlət qarşısında məsuliyyətini və dövlətçilik dəyərlərinə bağlılığını daha da artırır.

Bu əlamətdar tarix Azərbaycanın müasir inkişaf mərhələsini də özündə əks etdirir. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılması, şəhər və kəndlərin yenidən qurulması, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışının təmin edilməsi dövlət suverenliyinin praktik nəticələrinin mühüm göstəricilərindəndir.

Dövlət Suverenliyi Günü, eyni zamanda, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinə ehtiram günüdür. Onların fədakarlığı, Azərbaycan əsgər və zabitlərinin qəhrəmanlığı xalqımızın yaddaşında daim yaşayacaqdır. Bu tarixi nailiyyətin qorunması və gələcək nəsillərə çatdırılması hər birimizin vətəndaşlıq borcudur.

20 Sentyabr – Dövlət Suverenliyi Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin, milli iradəsinin və müstəqillik əzminin təntənəsidir. Bu gün Azərbaycanın öz taleyinə sahib çıxan, müstəqil dövlətini qoruyan və gələcəyə inamla addımlayan xalq kimi əldə etdiyi tarixi nailiyyətləri ifadə edir. Dövlət suverenliyimizin əbədi və sarsılmaz olması isə xalqımızın həmrəyliyindən, dövlətimizin gücündən və milli dövlətçilik dəyərlərinə sədaqətindən asılıdır.

 

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki