Qarabağ Universitetinin yaradılması.
20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü Azərbaycanın müasir tarixinə təkcə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası kimi deyil, həmin torpaqlarda yeni bir dirçəliş erasının başlanğıcı kimi həkk olunub. Qarabağda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq prosesi yalnız infrastrukturun yenidən qurulmasını deyil, həm də regionun intellektual və elmi potenasialının bərpasını özündə ehtiva edir.
İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri regionda yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili zərurətini meydana çıxarmışdır. Bu məqsədlə Prezident İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradıldı.
Bu tarixi addım Qarabağın təhsil mərkəzi kimi yenidən formalaşmasında strateji əhəmiyyət kəsb edir. Qarabağ Universiteti regionun sürətli inteqrasiyası, müasir standartlara cavab verən kadr təminatı və gənclərin elmi potensialının reallaşdırılması üçün əvəzolunmaz platformadır. Universitetdə yaradılan müasir tədris mühiti, zəngin maddi-texniki baza və tələbələr üçün nəzərdə tutulan geniş imkanlar Xankəndini yenidən tələbə şəhərinə çevirir.
Qarabağ Universitetinin fəaliyyətə başlaması regionda insan kapitalının inkişafına, elm və texnologiyanın tətbiqinə, eləcə də dayanıqlı məskunlaşma prosesinə güclü təkan verir. Bu ali təhsil ocağı azad edilmiş torpaqlarımızda gələcək inkişafın, zəfərin və intellektual gücün rəmzi olaraq fəaliyyətini uğurla davam etdirir.
Marusa Qasımova – Zərdab rayonu Körpükənd kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru




















