Cənubi Qafqazda sülh prosesinin yeni mərhələsi artıq yalnız siyasi və diplomatik razılaşmalarla deyil, iqtisadi münasibətlərin formalaşdırılması ilə də ölçülür.
Ermənistanın qarşıdakı beş il ərzində Azərbaycanla ticarət əlaqələrini genişləndirmək niyyəti bu baxımdan təsadüfi deyil. İrəvan üçün Bakı ilə iqtisadi münasibətlərin qurulması həm sülhün institusionallaşdırılması, həm də ölkənin xarici ticarət istiqamətlərinin şaxələndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.
Ermənistan Baş naziri Nikol Paşinyan hələ aprel ayında Azərbaycanla biznes əlaqələrinin yaradılmasını sülhün institusionallaşdırılmasının əsas alətlərindən biri kimi təqdim etmişdi. Onun sözlərinə görə, bu, sərhədlərin delimitasiyası və demarkasiyasından, sülh sazişinin ilkin paraflanmasından və nəqliyyat infrastrukturlarının açılması üzrə razılaşmalardan sonra iqtisadi əlaqələrin qurulması mərhələsinə keçir.
Bu yanaşmanın praktik nəticələri artıq görünür. 2026-cı ilin əvvəlində Azərbaycan və Ermənistan arasında ikitərəfli ticarət başlayıb, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı həyata keçirilib. Tərəflər iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını da müzakirə ediblər. Avqustun 8-də iki ölkə liderlərinin telefon danışığında da ticarət və iqtisadi əlaqələrin sülhün real faydalarının göstəricisi olduğu vurğulanıb. Azərbaycan neft məhsullarının Ermənistana ixracı və Azərbaycan ərazisindən Ermənistana tranzit daşımalarının genişləndirilməsi ayrıca qeyd edilib.
Bu prosesin arxasında yalnız siyasi iradə dayanmır. Ermənistanın iqtisadi reallıqları da İrəvanı yeni bazarlara çıxış axtarmağa məcbur edir.
Ermənistanın Rusiya ilə münasibətləri son illərdə siyasi baxımdan olduğu kimi, iqtisadi baxımdan da daha mürəkkəb xarakter alıb. 2026-cı ilin yayında Rusiya Ermənistanın bir sıra kənd təsərrüfatı və digər məhsullarına məhdudiyyətlər tətbiq edib. İrəvan bu addımların Avrasiya İqtisadi İttifaqının vahid bazar prinsiplərinə zidd olduğunu bildirib və ixracatçıların dəstəklənməsi üçün tədbirlər müzakirə edib.

Baş nazir Paşinyanın iyulun sonunda Vladimir Putindən bu məhdudiyyətlərin aradan qaldırılmasına kömək istəməsi də problemin miqyasını göstərir. Məhdudiyyətlər meyvə-tərəvəz, çiçək, balıq və spirtli içkilər daxil olmaqla bir sıra Ermənistan məhsullarına şamil edilib. Eyni zamanda Rusiya Ermənistanın xarici ticarətində hələ də mühüm paya malikdir.
İndi Ermənistan üçün məsələ sadəcə Rusiya bazarında yaranan texniki çətinlikdən ibarət deyil. Söhbət bir bazardan həddən artıq asılılığın yaratdığı struktur riskindən gedir. Moskva ilə siyasi münasibətlərin pisləşməsi iqtisadi kanallara təsir etdikcə, İrəvan alternativ istiqamətlər axtarmağa başlayır. Beləliklə, Paşinyan Putinin həm siyasi, həm də iqtisadi çətiri altından çıxmağa çalışır.
Azərbaycan bu mənzərədə Ermənistan üçün əvvəllər mövcud olmayan, lakin coğrafi baxımdan son dərəcə əlverişli iqtisadi istiqamətdir.
Azərbaycanla ticarətin Ermənistan üçün əhəmiyyəti ilk növbədə coğrafiya ilə bağlıdır. İki ölkə arasında uzun illər bağlı qalan sərhədlərin açılması Ermənistanın nəqliyyat və logistika xəritəsini dəyişə bilər. Azərbaycan ərazisindən tranzitin genişlənməsi Ermənistanın digər bazarlara çıxış imkanlarını da artırır.
Bu baxımdan Azərbaycan-Ermənistan ticarətini yalnız iki ölkə arasındakı mal dövriyyəsi kimi qiymətləndirmək doğru olmaz. Əsas məsələ daha böyük regional iqtisadi sistemin formalaşmasıdır.
TRIPP marşrutu və digər regional bağlantı layihələri məhz bu məntiqə əsaslanır. ABŞ-nin iştirakı ilə formalaşdırılan mexanizm Ermənistan ərazisindən keçməklə Naxçıvanla bağlantının yaradılmasını və daha geniş regional ticarət imkanlarının açılmasını nəzərdə tutur. ABŞ Ticarət Nazirliyi də TRIPP-i yeni bazarlara çıxış və Cənubi Qafqazda ticarət imkanlarının genişlənməsi baxımından mühüm layihə kimi qiymətləndirir.
![]()
Azərbaycan üçün isə bu prosesin əhəmiyyəti başqa aspektlərdə ortaya çıxır. Bakı Ermənistan bazarına çıxış əldə etməklə yanaşı, öz ərazisinin regional tranzit və logistika mərkəzi kimi rolunu gücləndirə bilər. Başqa sözlə, Ermənistanla ticarət Azərbaycan üçün böyük həcmli bazar məsələsindən daha çox regional iqtisadi inteqrasiyanın bir elementidir.
İrəvan Azərbaycanla ticarəti sadəcə yeni bazar kimi deyil, sülhün gündəlik həyatın və iqtisadi münasibətlərin bir hissəsinə çevrilməsi mexanizmi kimi görür.
Ermənistan prezidentinin may ayında səsləndirdiyi fikirlər də bu yanaşmanı tamamlayır. Xaçaturyan Cənubi Qafqazda bağlantıların yalnız nəqliyyat dəhlizlərinin açılması anlamına gəlmədiyini, azad ticarət və daha geniş iqtisadi şəbəkələrin formalaşmasını nəzərdə tutduğunu bildirib. O, Azərbaycanla münasibətlərin normallaşmasını regionun iqtisadi potensialını reallaşdıran əsas amillərdən biri kimi qiymətləndirib.
Bu baxımdan Bakı ilə İrəvan arasında ticarət əlaqələrinin inkişafı sülh prosesinin iqtisadi sütununa çevrilə bilər.
Lakin prosesin qarşısında ciddi maneələr də var. Belə ki, beş il ərzində genişmiqyaslı Azərbaycan-Ermənistan ticarətinin formalaşacağına avtomatik zəmanət vermək olmaz.
İlk növbədə, siyasi razılaşmaların tam hüquqi qüvvəyə minməsi və onların icra mexanizmlərinin formalaşması vacibdir. 2025-ci ildə paraflanan sülh sazişi hələ ratifikasiya olunmuş yekun sənəd mərhələsində deyil. Buna görə iqtisadi münasibətlərin inkişafı siyasi prosesin davamlılığından birbaşa asılıdır.

İkinci amil Ermənistanın Rusiya ilə münasibətlərinin gələcək trayektoriyasıdır. İrəvan Moskva ilə iqtisadi əlaqələri tamamilə itirmədən Avropa və regional bazarlara çıxışını artırmağa çalışır. Bu, Ermənistan üçün mürəkkəb balans siyasəti yaradır. Rusiya ilə iqtisadi qarşıdurmanın dərinləşməsi İrəvanı alternativlərə daha sürətlə yönəldə bilər, lakin eyni zamanda Ermənistan iqtisadiyyatının üzərinə əlavə təzyiq də yarada bilər.
Üçüncü məsələ biznes mühitidir. Azərbaycan və Ermənistan şirkətləri arasında uzun illər ərzində formalaşmış qarşılıqlı iqtisadi əlaqələrin olmaması səbəbindən yeni münasibətlərin yaranması üçün hüquqi, gömrük, bank və sığorta mexanizmlərinin yaradılması lazım gələcək.
Əgər sülh sazişi tam şəkildə qüvvəyə minərsə, nəqliyyat kommunikasiyaları açılarsa və biznes üçün zəruri hüquqi mexanizmlər yaradılarsa, Azərbaycan-Ermənistan ticarəti bir neçə il ərzində simvolik göstəricidən real iqtisadi münasibətlər sisteminə çevrilə bilər.
İlk mərhələdə neft məhsulları, kənd təsərrüfatı, logistika və tranzit ön plana çıxa bilər. Daha sonra sənaye məhsulları, tikinti materialları, xidmət sektoru və investisiya layihələri üçün imkanlar yarana bilər. Əsas dəyişiklik isə ticarətin həcmindən daha çox onun yaratdığı qarşılıqlı asılılıq olacaq.
Əgər bu proses ardıcıl şəkildə davam edərsə, Cənubi Qafqazda sülh yalnız sənədlərdə və diplomatik bəyanatlarda deyil, bazarlarda, nəqliyyat marşrutlarında və biznes maraqlarında da öz ifadəsini tapacaq. Məhz bu halda sülhün institusionallaşdırılması siyasi anlayışdan çıxaraq regionun iqtisadi reallığına çevrilə bilər.


























