Azərbaycanın müstəqilliyi əbədidir.
Müstəqillik hər bir xalq üçün ən böyük milli dəyərlərdən biridir. Öz taleyini özü müəyyən etmək, dövlətini müstəqil şəkildə idarə etmək və gələcəyini sərbəst qurmaq xalqın ən böyük arzularındandır. Azərbaycan xalqı da uzun və mürəkkəb tarixi yol keçərək 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdi. Lakin müstəqilliyi əldə etmək qədər onu qorumaq və möhkəmləndirmək də böyük məsuliyyət tələb edirdi. Müstəqilliyin ilk illərində Azərbaycan ciddi çətinliklərlə üzləşdi. Ölkədə siyasi və iqtisadi böhran, daxili qarşıdurmalar və Ermənistanın hərbi təcavüzü dövlətin qarşısında böyük problemlər yaratmışdı. Belə bir mürəkkəb dövrdə Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərliyə qayıtması ölkənin gələcəyi baxımından mühüm hadisəyə çevrildi.
1 993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Həmin ilin oktyabrın 3-də isə keçirilən prezident seçkilərində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu hadisə müasir Azərbaycan tarixində mühüm mərhələ kimi yadda qaldı. Heydər Əliyevin rəhbərliyi ilə dövlətçiliyin möhkəmləndirilməsi, ölkədə sabitliyin təmin edilməsi və müstəqil dövlət institutlarının formalaşdırılması istiqamətində mühüm addımlar atıldı. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi müstəqil dövlət quruculuğunun əsas mərhələlərindən biri oldu. Ölkənin iqtisadi müstəqilliyinin gücləndirilməsi də qarşıda duran əsas vəzifələrdən idi. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın neft və qaz potensialından istifadə edilməsi, xarici investisiyaların cəlb olunması və beynəlxalq iqtisadi əlaqələrin genişləndirilməsi baxımından mühüm hadisə oldu. Müstəqil Azərbaycan sonrakı illərdə iqtisadi, siyasi və sosial sahələrdə inkişaf etdi. Ölkənin beynəlxalq əlaqələri genişləndi, müxtəlif dövlətlərlə əməkdaşlıq gücləndi. Azərbaycan öz milli maraqlarını qoruyan və müstəqil siyasət yürüdən dövlət kimi beynəlxalq münasibətlər sistemində mövqeyini möhkəmləndirdi.
Müstəqilliyin qorunmasında xalqın milli həmrəyliyi və dövlətçilik düşüncəsi mühüm rol oynayır. Azərbaycan xalqı öz tarixini, dilini, mədəniyyətini və milli dəyərlərini qoruyaraq gələcək nəsillərə ötürür. Dövlət müstəqilliyinin möhkəmliyi də ilk növbədə xalqın dövlətinə və milli dəyərlərinə bağlılığı ilə əlaqəlidir. 3 oktyabr 1993-cü il Azərbaycan tarixində mühüm siyasi hadisə kimi yadda qalıb. Heydər Əliyevin Prezident seçilməsi ölkənin mürəkkəb dövründə dövlət quruculuğunun davam etdirilməsi və müstəqilliyin möhkəmləndirilməsi istiqamətində yeni mərhələnin başlanğıcı oldu. Bu gün Azərbaycan müstəqil dövlət kimi öz inkişaf yolunu davam etdirir. Müstəqilliyin qorunması hər bir vətəndaş üçün mühüm məsuliyyətdir. Çünki müstəqil Azərbaycan xalqımızın ən böyük milli sərvətlərindən biridir. Bu sərvətin qorunması, möhkəmləndirilməsi və gələcək nəsillərə çatdırılması dövlətimizin və cəmiyyətimizin qarşısında duran əsas vəzifələrdəndir.
Zərdab rayon Gəlmə kənd sakini, gənc fəal-Ziya Tağızadə






















