Cəbrayıla qayıdış
Cəbrayıl rayonunun işğaldan azad edilməsindən sonra qarşıda duran əsas vəzifələrdən biri doğma torpaqlarından uzun illər ayrı düşmüş sakinlərin öz yurdlarına qayıdışının təmin edilməsi olmuşdur. Bu məqsədlə Cəbrayıl şəhərində və rayonun kəndlərində genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri həyata keçirilmiş, müasir yaşayış məhəllələri, sosial obyektlər və zəruri infrastruktur yaradılmışdır. Bu proses işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın mühüm istiqamətlərindən birini təşkil edir.
Cənab Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində yenidən qurulan Cəbrayıl şəhərinə ilk köç karvanı 2024-cü il sentyabrın 26-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınmışdır.. Bu hadisə uzun illər doğma yurd həsrəti ilə yaşayan insanların öz torpaqlarına qayıdışının yeni mərhələsinin başlanğıcı olmuşdur.
Cəbrayıl şəhərinə qayıdan sakinlər üçün müasir yaşayış şəraitinin yaradılması istiqamətində mühüm işlər görülmüşdür. Yeni yaşayış binaları, məktəblər, uşaq bağçaları, tibb müəssisələri və digər sosial obyektlərin inşası şəhərin gələcək inkişafına hesablanmışdır. Eyni zamanda mühəndis-kommunikasiya və yol infrastrukturu yenidən qurularaq şəhərin rahat və təhlükəsiz yaşayış üçün zəruri imkanlarla təmin olunmasına şərait yaradılmışdır.
Qayıdış prosesi yalnız Cəbrayıl şəhəri ilə məhdudlaşmır. Rayonun kəndlərinin də mərhələli şəkildə bərpası və sakinlərin həmin yaşayış məntəqələrinə köçürülməsi həyata keçirilir. Horovlu və Şükürbəyli kəndlərində yaradılan yeni yaşayış məhəllələri buna nümunədir. Bu kəndlərdə əhalinin məskunlaşması Cəbrayıl rayonunda kənd həyatının yenidən canlandırılması baxımından mühüm əhəmiyyət daşıyır.
2026-cı il sentyabrın 28-nə olan məlumata görə, Cəbrayıl şəhərində 680 ailə, 2 974 nəfər, Horovlu kəndində 321 ailə, 1 326 nəfər, Şükürbəyli kəndində isə 599 ailə, 2 749 nəfər məskunlaşıb. Beləliklə, ümumilikdə Cəbrayıl rayonunun bu üç yaşayış məntəqəsində 1 600 ailənin, 7 022 nəfərin məskunlaşması təmin olunub.
Cəbrayıla qayıdış həm də insanların doğma torpaqları ilə bağlı mənəvi bağlarının yenidən bərpası deməkdir. Uzun illər müxtəlif bölgələrdə müvəqqəti məskunlaşmış ailələrin öz ata-baba yurdlarına qayıtması rayonun sosial həyatının canlanmasına, yerli icmaların yenidən formalaşmasına və Cəbrayılın gələcək inkişafına mühüm töhfə verir. Cəbrayılın bərpası və əhalinin qayıdışı mərhələli şəkildə davam edən uzunmüddətli prosesdir. Yeni yaşayış məntəqələrinin salınması, sosial və iqtisadi infrastrukturun yaradılması, məşğulluq imkanlarının genişləndirilməsi rayonun dayanıqlı inkişafı üçün əsas istiqamətlərdəndir. Bu baxımdan Cəbrayıla qayıdış yalnız insanların yaşayış yerinin dəyişməsi deyil, uzun illər işğal altında qalmış ərazidə həyatın, sosial və iqtisadi fəaliyyətin yenidən qurulması prosesidir.
Aygün Mirzəyeva- Zərdab rayon Qoruqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri






















