Qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulması
3 oktyabr 1993-cü il Azərbaycan tarixinin mühüm və yaddaqalan günlərindən biridir. Həmin gün keçirilən prezident seçkilərində xalqın böyük etimadını qazanan Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu hadisə ölkənin gələcək inkişafında mühüm dönüş nöqtəsi kimi tarixə düşdü. 1993-cü ildə Azərbaycan mürəkkəb və çətin bir dövr yaşayırdı. Ölkədə siyasi və iqtisadi vəziyyət gərgin idi, dövlət idarəçiliyində ciddi problemlər mövcud idi. Belə bir vaxtda xalqın Heydər Əliyevə olan inamı və onun dövlətçilik təcrübəsinə ehtiyacı daha da artmışdı. Heydər Əliyevin prezident seçilməsi ilə Azərbaycanda sabitliyin və dövlət idarəçiliyinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Ölkədə qanunçuluğun və dövlət intizamının gücləndirilməsi, iqtisadiyyatın inkişaf etdirilməsi, ordu quruculuğunun aparılması və Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi əsas istiqamətlərdən birinə çevrildi.
Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan müstəqil dövlət kimi öz siyasi və iqtisadi əsaslarını daha da möhkəmləndirməyə başladı. Dövlətçilik ənənələrinin qorunması, milli maraqların müdafiəsi və ölkənin gələcək inkişafı üçün mühüm işlər görüldü. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi inkişafında və xarici sərmayələrin ölkəyə cəlb olunmasında mühüm hadisə oldu. Heydər Əliyevin həyata keçirdiyi siyasətdə güclü dövlət, sabitlik və milli birlik əsas yer tuturdu. Bu dövrdə Azərbaycanın beynəlxalq əlaqələri genişləndi, ölkəmizin dünyada müstəqil dövlət kimi mövqeyi daha da möhkəmləndi. Bu baxımdan 3 oktyabr 1993-cü il təkcə prezident seçkisi deyil, Azərbaycanın müasir dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Sonrakı illərdə ölkədə həyata keçirilən genişmiqyaslı quruculuq işləri və inkişaf prosesləri dövlətin siyasi və iqtisadi əsaslarının daha da güclənməsinə şərait yaratdı.
Bu gün Azərbaycanın müstəqil dövlət kimi əldə etdiyi nailiyyətlərdən danışarkən 1993-cü ildə başlanmış dövlətçilik proseslərini də qeyd etmək vacibdir. Heydər Əliyevin prezident seçilməsi ilə ölkənin qarşısında yeni inkişaf istiqamətləri müəyyənləşdirildi və müasir Azərbaycanın dövlətçilik təməlləri daha da möhkəmləndirildi.
Zərdab rayon Salahlı kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru-Rəşad İsmayılov






















