Cəbrayıl rayonunun infrastrukturu
4 Oktyabr – Cəbrayıl şəhəri günü rayonun zəngin tarixini, iqtisadi və sosial potensialını, eləcə də bu qədim yurdun yenidən dirçəldilməsi istiqamətində görülən işləri xatırlamaq baxımından mühüm əhəmiyyət daşıyır. Cəbrayıl yalnız əlverişli coğrafi mövqeyi və təbii sərvətləri ilə deyil, formalaşmış infrastrukturu, əməksevər əhalisi və inkişaf etmiş ictimai-mədəni mühiti ilə də seçilən rayonlardan biri olub.
İşğaldan əvvəl Cəbrayıl rayonunun iqtisadi həyatında kənd təsərrüfatı mühüm yer tuturdu. Münbit torpaqlar və təbii iqlim şəraiti üzümçülük, taxılçılıq, heyvandarlıq və baramaçılığın inkişafına geniş imkanlar yaradırdı. Rayonda fəaliyyət göstərən 42 kolxoz, iri və xırda buynuzlu mal-qaranın kökəltmə birliyi və quşçuluq fabriki kənd təsərrüfatının rayon iqtisadiyyatındakı çəkisini göstərirdi. Bununla yanaşı, Cəbrayılın yeraltı sərvətləri də sənaye potensialının formalaşması üçün mühüm baza idi. Rayon ərazisinin sement, mərmər, mişar daşı və digər tikinti materialları ilə zəngin olması burada istehsal sahələrinin inkişafına əlverişli şərait yaradırdı. Dəmir filizi və neft yataqlarının mövcudluğu barədə məlumatlar isə ərazinin təbii resurs baxımından zənginliyini bir daha nümayiş etdirirdi.
Cəbrayılın inkişaf göstəriciləri yalnız iqtisadi sahə ilə məhdudlaşmırdı. İşğaldan əvvəl rayonda sosial infrastruktur da geniş şəbəkəyə malik idi. 510 çarpayılıq xəstəxanalarda 92 həkim və 432 orta ixtisaslı tibb işçisi əhaliyə tibbi xidmət göstərirdi. 72 məktəbdə 1660-dan çox müəllimin çalışması təhsil sahəsinə göstərilən diqqətin və rayonun maarifçilik ənənələrinin miqyasını əks etdirirdi. Üç musiqi məktəbinin fəaliyyəti isə gənc nəslin estetik və yaradıcı inkişafına yaradılan imkanların göstəricisi idi.
Cəbrayılın mədəni həyatı da zəngin və çoxşaxəli olmuşdur. Rayonda 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana fəaliyyət göstərirdi. Bu müəssisələrdə çalışan 508 mədəniyyət işçisi əhalinin mədəni-maarif ehtiyaclarının ödənilməsində mühüm rol oynayırdı. Rayon tarix-diyarşünaslıq muzeyində 20 mindən artıq eksponatın qorunması isə Cəbrayılın tarixi yaddaşının və milli-mədəni irsinin nə qədər zəngin olduğunu göstərirdi. Həmin eksponatlar təkcə keçmişin maddi nümunələri deyil, həm də xalqın bu torpaqlarda əsrlər boyu yaratdığı mədəniyyətin izləri idi.
1993-cü il avqustun 23-də Cəbrayıl rayonunun işğal edilməsi ilə bütün bu inkişaf prosesi ağır zərbə aldı. İşğal nəticəsində yaşayış məntəqələri, sosial obyektlər, təsərrüfat və sənaye müəssisələri dağıdıldı, rayonun iqtisadi və mədəni infrastrukturu böyük itkilərə məruz qaldı. Lakin Cəbrayılın inkişaf potensialı və onun tarixi kimliyi məhv olmadı. 2020-ci ildə ərazi bütövlüyünün bərpasından sonra qarşıda tamamilə yeni mərhələ – doğma torpaqların sistemli şəkildə yenidən qurulması və insanların öz yurdlarına qayıdışının təmin edilməsi vəzifəsi dayandı.
Bu gün Cəbrayılın timsalında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa-quruculuq işləri keçmişin itirilmiş imkanlarının bərpası ilə yanaşı, daha müasir və dayanıqlı gələcəyin təməlinin yaradılmasına xidmət edir. Yeni yolların, yaşayış məhəllələrinin, sosial obyektlərin, istehsal və enerji infrastrukturunun qurulması Cəbrayılın həyatına yeni dinamizm gətirir.
4 Oktyabr – Cəbrayıl şəhəri günü bu baxımdan yalnız tarixi bir hadisənin xatırlanması deyil. Bu gün həm də bir zamanlar inkişaf etmiş infrastruktura, zəngin iqtisadi və mədəni potensiala malik olan Cəbrayılın yenidən qurulan gələcəyinə nəzər salmaq üçün əlamətdar tarixdir. Cəbrayılın keçmişdə yaratdığı inkişaf ənənələri bu gün Böyük Qayıdışın yeni reallıqları ilə birləşir və qədim yurdun müasir Azərbaycan tarixində yeni səhifəsini formalaşdırır.
Rəsul Abbasov – Zərdab rayonu Alıcanlı kənd sakini






















