image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17595289944020765300_1200x630

Cəbrayıl rayonunun işğal edilməsi

image-legitimaz-810x90

Cəbrayıl rayonunun işğal edilməsi

 

1993-cü il avqustun 23-ü Cəbrayıl rayonunun tarixində ağır və faciəli gün kimi yadda qalıb. Həmin gün Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən rayon uzun illər ərzində doğma yurdlarından didərgin salınmış minlərlə insanın həsrət ünvanına çevrildi. İşğal zamanı Cəbrayıl rayonu bir şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi. Rayonun işğalı nəticəsində yaşayış məntəqələri dağıdıldı, tarixi-mədəni irsə ciddi ziyan vuruldu, əhali öz doğma torpaqlarından məcburi köçkün vəziyyətinə düşdü.

Lakin Cəbrayılın işğalı Azərbaycan xalqının bu torpaqlara qayıdış ümidini heç vaxt söndürmədi. Uzun illər ərzində dövlətimizin apardığı məqsədyönlü siyasət, ordumuzun gücləndirilməsi, beynəlxalq hüquqa əsaslanan prinsipial mövqe və xalqın milli həmrəyliyi torpaqlarımızın azadlığı üçün möhkəm zəmin yaratdı.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində tarixi dönüş yaratdı. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Cəbrayıl rayonunun kəndləri bir-birinin ardınca işğaldan azad edildi. 2020-ci il oktyabrın 4-də isə Cəbrayıl şəhərinin azad edilməsi xəbəri xalqımızın Zəfər yolunda mühüm mərhələyə çevrildi. Prezident İlham Əliyevin xalqa müraciətində Cəbrayıl şəhərinin və rayonun bir sıra kəndlərinin azad edildiyini elan etməsi ölkə ictimaiyyətində böyük sevinc və qürur hissi doğurdu.

Cəbrayılın azad olunması yalnız bir yaşayış məntəqəsinin düşmən işğalından qurtarılması deyildi. Bu hadisə Azərbaycanın hərbi qüdrətinin, xalqımızın iradəsinin və dövlətimizin öz ərazi bütövlüyünü bərpa etmək əzminin real nəticəsi idi. Cəbrayıl şəhərinin azad edilməsi ilə Azərbaycanın cənub istiqamətində strateji mövqeləri möhkəmləndi və sonrakı hərbi əməliyyatların uğurla davam etdirilməsi üçün mühüm imkanlar yarandı.

Bu gün Cəbrayıl artıq yalnız keçmişin ağrılı xatirəsi deyil, həm də Böyük Qayıdışın ünvanlarından biridir. İşğal dövründə xarabalığa çevrilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, yeni yollar, yaşayış məhəllələri və sosial infrastruktur yaradılır. Bununla da Cəbrayılın tarixində yeni inkişaf mərhələsinin əsası qoyulur.

4 Oktyabr – Cəbrayıl şəhəri günü həm keçmişi xatırlamaq, həm də gələcəyə baxmaq baxımından xüsusi əhəmiyyət daşıyır. Bu tarix bizə bir daha göstərir ki, xalqın milli iradəsi və dövlətin qətiyyətli siyasəti nəticəsində ən mürəkkəb tarixi məsələlər belə öz həllini tapa bilər. Cəbrayılın azadlığı Azərbaycan tarixinin Zəfər salnaməsində özünəməxsus yer tutur. Bu gün həmin torpaqlarda həyatın yenidən canlanması isə Zəfərin yalnız hərbi deyil, həm də quruculuq və dirçəliş mərhələsinin davam etdiyini nümayiş etdirir.

 

Talıb Talıbov – Zərdab rayonu Alıcanlı kənd sakini

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki