image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-2

Cəbrayıl rayonundan olan məcburi köçkünlər

image-legitimaz-810x90

Cəbrayıl rayonundan olan məcburi köçkünlər
4 Oktyabr – Cəbrayıl şəhəri günü Cəbrayılın tarixində yeni mərhələnin rəmzi olmaqla yanaşı, illər boyu doğma yurd həsrəti ilə yaşayan minlərlə cəbrayıllının taleyini də yada salır. Çünki Cəbrayılın işğalı yalnız bir rayonun ərazisinin itirilməsi deyil, on minlərlə insanın doğma evindən, ata-baba yurdundan məcburi şəkildə uzaq düşməsi ilə nəticələnmiş böyük humanitar faciə idi.
Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində Cəbrayıl rayonunun sakinləri öz doğma torpaqlarını tərk etmək məcburiyyətində qaldılar. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən müxtəlif illərdə qaçqın düşərgələrində, yük vaqonlarında, yataqxanalarda və digər müvəqqəti məskunlaşma yerlərində yaşamağa məcbur oldular. Bu yaşayış məntəqələri onlar üçün illərlə müvəqqəti ünvan olsa da, ürəklərindəki əsas ünvan dəyişmədi – Cəbrayıl.
Məcburi köçkünlük illəri cəbrayıllılar üçün ağır sosial və məişət çətinlikləri ilə yanaşı, mənəvi sınaq dövrü də oldu. Doğma evlərin, küçələrin, məktəblərin, məscidlərin və ata-baba məzarlarının həsrəti nəsildən-nəslə ötürüldü. Uşaqlığı Cəbrayılda keçən nəsil öz xatirələrini övladlarına danışdı, Cəbrayılı heç vaxt görməyən gənclər isə ata-babalarının söylədiyi xatirələr əsasında doğma yurd obrazını təsəvvürlərində yaşatdılar. Beləliklə, məcburi köçkünlük şəraitində doğma torpağa bağlılıq yalnız qorunmadı, həm də yeni nəsillərə ötürüldü.
Bu illər ərzində dövlət tərəfindən məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi və digər sosial məsələlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirildi. Lakin cəbrayıllılar üçün bütün bu addımların fövqündə dayanan əsas arzu dəyişməz olaraq qalırdı: doğma torpağa qayıtmaq.
2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə bu uzun həsrətin sonu göründü. Cəbrayıl şəhərinin və rayonun kəndlərinin azad edilməsi cəbrayıllıların həyatında yeni səhifə açdı. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılması ilə illərlə yalnız xatirələrdə yaşayan doğma yurdlar yenidən real həyat məkanına çevrilməyə başladı.
Bu gün Cəbrayılın siması sürətlə dəyişir. Yeni yollar, yaşayış məhəllələri, sosial obyektlər, məktəblər və digər infrastruktur layihələri doğma yurda qayıdışın maddi əsaslarını formalaşdırır. Cəbrayıllıların qayıdışı artıq yalnız keçmişə dönüş deyil, gələcəyə doğru atılan mühüm addımdır.
4 Oktyabr – Cəbrayıl şəhəri günü bu baxımdan iki mühüm duyğunu birləşdirir: illərlə davam edən ayrılığın ağrısını və doğma torpağa qovuşma sevincini. Cəbrayıllı məcburi köçkünlərin həyat hekayəsi Azərbaycan xalqının öz yurduna bağlılığının, yaddaşını qorumasının və qayıdış əzminin canlı nümunəsidir. Bu gün Cəbrayılın küçələrində yenidən həyat canlanırsa, bunun arxasında illərlə yurd həsrəti çəkmiş insanların sarsılmaz inamı, səbri və doğma torpağa olan sevgisi dayanır.

Yaşar Nuriyev – Zərdab rayonu Alıcanlı kənd sakini

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki