image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-baku-bay

Uğurlu xarici siyasət kursu

image-legitimaz-810x90

Uğurlu xarici siyasət kursu

Azərbaycanın müstəqillik tarixində xarici siyasət kursunun formalaşdırılması və ardıcıl şəkildə həyata keçirilməsi dövlətçiliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşımışdır. Müstəqilliyin ilk illərində ölkənin qarşısında dayanan əsas vəzifələrdən biri Azərbaycanın beynəlxalq münasibətlər sistemində layiqli yer tutmasının, milli maraqlarının qorunmasının və dünya dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulmasının təmin edilməsi idi. Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanın xarici siyasətində məqsədyönlü və ardıcıl kurs formalaşdırıldı. Bu siyasətin əsas istiqamətlərini Azərbaycanın dövlət müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi, milli maraqların beynəlxalq müstəvidə müdafiəsi, beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi və ölkənin dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi təşkil edirdi.

Ulu Öndər Heydər Əliyevin uğurlu xarici siyasət kursu nəticəsində beynəlxalq təşkilatlarla bərabərhüquqlu səviyyədə əməkdaşlıq müstəqilliyin əsas dayaqlarından birinə çevrildi. Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarla münasibətlərini inkişaf etdirərək dünya birliyinin fəal üzvlərindən birinə çevrilmək istiqamətində mühüm addımlar atdı. Yeni kollektiv sənədlərə və beynəlxalq müqavilələrə qoşulan Azərbaycan beynəlxalq hüququn prinsiplərinə əsaslanan xarici siyasət həyata keçirməyə başladı. Bu siyasətin mühüm xüsusiyyətlərindən biri Azərbaycanın öz coğrafi mövqeyindən və iqtisadi potensialından səmərəli istifadə etməsi idi. Şərqlə Qərbin, Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycan əlverişli geosiyasi mövqeyini regional və beynəlxalq əməkdaşlığın inkişafı üçün mühüm amilə çevirdi. Ölkənin tranzit imkanlarının genişləndirilməsi, nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsi və enerji resurslarının dünya bazarlarına çıxarılması Azərbaycanın beynəlxalq əhəmiyyətini daha da artırdı.

Ulu Öndərin xarici siyasət kursunda enerji amili də xüsusi yer tuturdu. Azərbaycanın zəngin neft və qaz ehtiyatlarının işlənməsi, xarici sərmayələrin ölkə iqtisadiyyatına cəlb edilməsi və enerji resurslarının dünya bazarlarına çıxarılması istiqamətində həyata keçirilən layihələr Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrinin genişlənməsinə mühüm təsir göstərdi. Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına çıxarılması ilə bağlı layihələr Azərbaycanın xarici siyasətində iqtisadi diplomatiyanın əhəmiyyətini artırdı. Bu layihələr çərçivəsində müxtəlif dövlətlərin və beynəlxalq şirkətlərin Azərbaycanla əməkdaşlığa cəlb edilməsi ölkənin beynəlxalq iqtisadi münasibətlərinin inkişafına şərait yaratdı. Enerji əməkdaşlığı Azərbaycanın regional və beynəlxalq proseslərdə rolunun genişlənməsinə də təsir edən amillərdən biri oldu.

Xarici siyasətin digər mühüm istiqaməti müxtəlif dövlətlərlə ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf etdirilməsi idi. Azərbaycan öz milli maraqlarını nəzərə alaraq müxtəlif siyasi və iqtisadi tərəfdaşlarla əməkdaşlıq əlaqələri qurdu. Qarşılıqlı hörmət, suverenliyə və ərazi bütövlüyünə hörmət, bərabərhüquqlu əməkdaşlıq prinsipləri Azərbaycanın xarici siyasətində mühüm yer tutdu. Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığının genişləndirilməsi də ölkənin müstəqil dövlət kimi mövqeyinin möhkəmlənməsinə xidmət edən əsas amillərdən biri oldu. Beynəlxalq təşkilatların platformalarından istifadə etməklə Azərbaycanın milli maraqları və qarşılaşdığı problemlər dünya ictimaiyyətinin diqqətinə çatdırılır, ölkənin beynəlxalq əlaqələri daha da genişləndirilirdi.

Bu siyasətin nəticəsi olaraq Azərbaycan regionda həyata keçirilən mühüm nəqliyyat, enerji və kommunikasiya layihələrinin fəal iştirakçısına çevrildi. Ölkənin beynəlxalq layihələrdə iştirakı onun geosiyasi və iqtisadi əhəmiyyətini artırmaqla yanaşı, dövlət müstəqilliyinin iqtisadi əsaslarının möhkəmləndirilməsinə də xidmət etdi.

Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı xarici siyasət kursunda Azərbaycanın milli maraqları, dövlət müstəqilliyinin qorunması və beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsi əsas istiqamətlər kimi çıxış edirdi. Bu kurs Azərbaycanın müxtəlif dövlətlərlə və beynəlxalq qurumlarla əlaqələrinin inkişafına, ölkənin dünya iqtisadi və siyasi sisteminə daha fəal inteqrasiyasına imkan yaratdı.

 

Aygün Mirzəyeva- Zərdab rayon Qoruqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki