Müstəqilliyimizin ağrılı və əzablı mərhələsi.
Azərbaycanın müstəqillik tarixində 1990-cı illərin əvvəlləri xalqımız üçün ən mürəkkəb və çətin dövrlərdən biri olub. 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa edən Azərbaycan qarşısında böyük vəzifələr dayanırdı. Lakin müstəqilliyin ilk illərində ölkədə siyasi və iqtisadi böhran, daxili qarşıdurmalar, idarəetmədə çətinliklər və Ermənistanın hərbi təcavüzü vəziyyəti daha da ağırlaşdırmışdı. Həmin dövrdə insanların gündəlik həyatı da ciddi problemlərlə üzləşmişdi. Ölkədə sabitliyin pozulması, iqtisadiyyatın zəifləməsi, müxtəlif silahlı qrupların fəaliyyəti və siyasi qarşıdurmalar dövlətin gələcəyi ilə bağlı narahatlıqları artırırdı. 1993-cü ilin may-iyun aylarında vəziyyət daha da gərginləşmiş, ölkədə vətəndaş qarşıdurması və müstəqilliyin təhlükə altına düşməsi ehtimalı yaranmışdı.
Belə ağır bir zamanda xalq böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin Azərbaycana qayıtmasını və ölkənin idarə olunmasında iştirak etməsini istəyirdi. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. İyunun 24-dən isə prezident səlahiyyətlərini həyata keçirməyə başladı. Bu hadisələr Azərbaycanın müasir tarixində mühüm dönüş mərhələsi kimi qiymətləndirilir.
1993-cü il oktyabrın 3-də keçirilən ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu hadisə ölkənin gələcək inkişafı baxımından mühüm siyasi hadisə oldu. Qarşıda duran əsas məsələlər dövlətçiliyin möhkəmləndirilməsi, ölkədə sabitliyin təmin edilməsi, iqtisadiyyatın bərpası, təhlükəsizliyin gücləndirilməsi və Azərbaycanın beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi idi. Heydər Əliyevin prezidentliyi dövründə dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı. 1995-ci ildə Azərbaycan Respublikasının yeni Konstitusiyası qəbul edildi, siyasi və iqtisadi islahatlara başlanıldı, Azərbaycanın dünya ölkələri ilə əlaqələri genişləndirildi. Sonrakı illərdə ölkənin iqtisadi inkişafı və dövlət institutlarının möhkəmləndirilməsi istiqamətində tədbirlər həyata keçirildi.
1993-cü ilin hadisələri göstərdi ki, müstəqilliyi əldə etmək qədər onu qorumaq və möhkəmləndirmək də böyük məsuliyyət tələb edir. Azərbaycan xalqının yaddaşında müstəqilliyin ilk illəri çətinliklərlə dolu bir mərhələ kimi qalsa da, həmin dövr həm də dövlətçilik ənənələrinin möhkəmləndirilməsi baxımından mühüm mərhələ oldu. 3 oktyabr 1993-cü ildə Heydər Əliyevin Prezident seçilməsi Azərbaycanın müasir tarixində yeni mərhələnin başlanğıcı kimi təqdim olunur. Bu tarix dövlət müstəqilliyinin qorunması, sabitliyin yaradılması və ölkənin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Zərdab rayon İsaqbağı kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Dayangül Vəliyeva






















