Cəbrayıl rayonunun işğaldan azad olunması
Bəzən bir şəhərin azadlığı bütöv bir xalq üçün böyük tarixi hadisəyə çevrilir. Cəbrayıl şəhərinin azad edilməsi də Azərbaycan tarixində belə mühüm günlərdən biridir. Uzun illər doğma yurdlarından ayrı düşən cəbrayıllıların arzusu 2020-ci ilin payızında gerçəkləşdi və Cəbrayıl yenidən Azərbaycan ərazisi kimi öz tarixi sahibinə qovuşdu. Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal nəticəsində rayonun sakinləri doğma evlərini tərk etməyə məcbur oldular. Uzun illər ərzində minlərlə cəbrayıllı müxtəlif bölgələrdə yaşasa da, doğma torpaqlarına qayıtmaq ümidini itirmədi. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Cəbrayılın da taleyində dönüş yaratdı. Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində rayonun kəndləri və strateji əraziləri bir-birinin ardınca azad edildi. Azərbaycan əsgərinin iradəsi və qəhrəmanlığı Cəbrayıl istiqamətində də özünü göstərdi. Nəhayət, 4 oktyabr 2020-ci ildə Cəbrayıl şəhərinin işğaldan azad edilməsi xəbəri bütün ölkədə böyük sevinc və qürur hissi yaratdı. Həmin gün Cəbrayıl şəhəri ilə yanaşı, rayonun doqquz kəndi də azad edildi. Bu hadisə Vətən müharibəsinin gedişində mühüm mərhələlərdən biri oldu.
Cəbrayılın azad olunması yalnız bir şəhərin azad edilməsi deyildi. Bu, illərlə doğma yurd həsrəti ilə yaşayan insanların ümidlərinin yenidən canlanması idi. Cəbrayıllılar üçün 4 oktyabr doğma torpağa qayıdışın, sevincin və Zəfərin rəmzinə çevrildi. Cəbrayılın azadlığının əldə olunmasında Azərbaycan əsgər və zabitlərinin böyük qəhrəmanlığı dayanır. Vətən uğrunda canından keçən şəhidlərin fədakarlığı sayəsində Azərbaycan Ordusu qarşıya qoyulan mühüm hərbi vəzifələri yerinə yetirdi. Şəhidlərimizin xatirəsi xalqımız tərəfindən daim ehtiramla yad edilir.
Bu gün Cəbrayıl rayonunda yeni həyat qurulur. İşğal dövründə dağıdılmış ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, yollar, yaşayış məhəllələri və sosial obyektlər inşa edilir. Məqsəd Cəbrayılı müasir və abad yaşayış məkanına çevirmək, rayon sakinlərinin doğma yurdlarında rahat yaşamasını təmin etməkdir. 4 Oktyabr – Cəbrayıl Şəhəri Günü bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu tarix həm Cəbrayılın işğaldan azad edilməsini xatırladır, həm də şəhərin gələcək inkişafına və yenidən qurulmasına diqqəti artırır. Cəbrayılın keçdiyi yol Azərbaycan xalqının doğma torpağa bağlılığının göstəricisidir. Bu gün Cəbrayılın üzərində dalğalanan üçrəngli bayraq həmin torpağın azadlığının və yeni həyatının rəmzidir. 4 Oktyabr tarixi isə Cəbrayılın yaddaşında əbədi olaraq azadlıq və Zəfər günü kimi yaşayacaq.
Zərdab rayon Əlibəyli kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Kəmalə Əliyeva























