image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-808e22af161976791782187331210639598

Erməni vandalizmi

image-legitimaz-810x90

Erməni vandalizmi

 

Cəbrayıl rayonu Azərbaycanın zəngin tarixi-mədəni irsə malik qədim yaşayış məskənlərindən biridir. Rayonun ərazisində müxtəlif dövrlərə aid arxeoloji abidələr, qədim yaşayış məskənləri, qalalar, türbələr, məqbərələr, məscidlər və digər memarlıq nümunələri yerləşmişdir. Bu abidələr Cəbrayılın qədim tarixini, milli-mədəni dəyərlərini və Azərbaycan xalqının əsrlər boyu formalaşdırdığı zəngin irsi özündə əks etdirirdi. Lakin rayonun işğalı zamanı onun tarixi-mədəni irsi də ciddi dağıntılara məruz qalmışdır. Erməni işğalı nəticəsində Cəbrayıl rayonunda yalnız yaşayış məntəqələri və sosial obyektlər deyil, xalqımızın tarixi yaddaşını yaşadan çoxsaylı mədəni irs nümunələri də məhv edilmiş və ya dağıdılmışdır. Bu dağıntılar nəticəsində əsrlər boyu qorunub saxlanılan bir sıra abidələr öz əvvəlki görünüşünü itirmiş, onların bir qismi isə tamamilə məhv edilmişdir. Tarixi abidələrin dağıdılması Azərbaycan xalqının maddi-mədəni irsinə vurulmuş ciddi zərər kimi qiymətləndirilir.

Cəbrayıl ərazisində yerləşən arxeoloji abidələr rayonun qədim tarixinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyırdı. Dağtumas kəndinin yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə və Mərmər nənə məqbərələri rayonun qədim və zəngin mədəni irsinin nümunələri sırasında yer alırdı. Bu abidələr təkcə Cəbrayılın deyil, bütövlükdə Azərbaycanın tarixinin və arxeoloji keçmişinin öyrənilməsi baxımından qiymətli mənbələr hesab olunur. Rayonda orta əsrlərə və sonrakı dövrlərə aid memarlıq abidələri də geniş yayılmışdı. Doğtumas kəndində yerləşən “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası” və digər tarixi tikililər Cəbrayılın qədim memarlıq ənənələrini əks etdirirdi. Bu abidələr xalqımızın tikinti mədəniyyətinin, memarlıq üslubunun və tarixi inkişafının mühüm nümunələri idi. İşğal dövründə həmin abidələrin hər biri dağıntıya məruz qalmış və onların bir qismi məhv edilmişdir.

Cəbrayılın tarixi-mədəni irsində dini və memarlıq abidələri də xüsusi yer tuturdu. Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzində yerləşən “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbələr və məqbərələr xalqımızın zəngin tarixi-memarlıq irsinin qiymətli nümunələri olmuşdur. Xüsusilə Xudafərin körpüləri Azərbaycanın tarixində mühüm əhəmiyyət daşıyan memarlıq abidələrindəndir. Bu tarixi tikililər bölgənin keçmişini, müxtəlif dövrlərdə burada mövcud olmuş ictimai və iqtisadi əlaqələri əks etdirən mühüm maddi sübutlardır.

Erməni vandalizminin nəticələri Cəbrayılın mədəni irsinin qorunması məsələsini daha da aktuallaşdırmışdır. Tarixi abidələrin məhv edilməsi və dağıdılması gələcək nəsillərin öz tarixini və mədəniyyətini öyrənmək imkanlarına da mənfi təsir göstərir. Buna görə də işğaldan azad edilmiş ərazilərdə tarixi və mədəni abidələrin müəyyənləşdirilməsi, sənədləşdirilməsi, mühafizəsi və bərpası mühüm vəzifələrdən biridir.

 

Çinarə Pirməmmədova- Zərdab rayon Hüseynxanlı kənd körpələr evi-uşaq bağçasının müdiri

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki