Akademik Zərifə Əliyeva – Oftalmologiya Elminin İnkişafında Müstəsna Xidmətlər
1949-cu ildən etibarən əmək fəaliyyətinə başlayan Zərifə Əliyeva bütün ömrünü oftalmologiya sahəsinə həsr etmişdir. Onun fəaliyyətə başladığı dövrdə Azərbaycanda göz xəstəlikləri, xüsusilə traxoma geniş yayılmış və ciddi sosial problemə çevrilmişdi. Belə bir mürəkkəb şəraitdə o, yalnız kabinet həkimi kimi fəaliyyət göstərməklə kifayətlənməmiş, respublikanın müxtəlif bölgələrinə səfərlər edərək xəstəliyin yayılma arealını öyrənmiş, ocaqları müəyyənləşdirmiş və əhali arasında maarifləndirici iş aparmışdır.
Zərifə Əliyevanın traxoma ilə mübarizə sahəsində həyata keçirdiyi tədbirlər kompleks xarakter daşımışdır. O, həm müalicə metodlarının təkmilləşdirilməsi, həm də profilaktik tədbirlərin tətbiqi istiqamətində mühüm nailiyyətlər əldə etmişdir. Bu fəaliyyət nəticəsində traxomanın aradan qaldırılması istiqamətində ciddi dönüş yaranmış, xəstəlik tədricən sosial təhlükə statusunu itirmişdir.
Alimin elmi maraqları bununla məhdudlaşmamışdır. O, qlaukoma, görmə orqanının iltihabi xəstəlikləri və diaqnostika məsələlərinə xüsusi diqqət yetirmişdir. Bununla yanaşı, Zərifə Əliyeva oftalmologiyanın nisbətən az öyrənilmiş sahəsi olan görmə orqanının peşə patologiyasını dərindən araşdıraraq bu istiqamətdə elmi məktəb yaratmışdır. Kimya və elektronika sənayesinin sürətli inkişafı fonunda bu sahənin aktuallığını düzgün qiymətləndirən alim peşə oftalmologiyasının əsasını qoymuşdur. Onun təşəbbüsü ilə yaradılan elmi-tədqiqat laboratoriyası bu sahədə aparılan sistemli araşdırmaların mərkəzinə çevrilmişdir. “Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti” mövzusunda yazdığı doktorluq dissertasiyası fundamental elmi iş kimi yüksək qiymətləndirilmiş, 1977-ci ildə ona tibb elmləri doktoru elmi dərəcəsinin verilməsi bu uğurların məntiqi nəticəsi olmuşdur.
Zərifə Əliyevanın elmi fəaliyyəti dövlət səviyyəsində də yüksək qiymətləndirilmişdir. O, 1980-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüş, 1981-ci ildə isə oftalmologiya sahəsində apardığı mühüm tədqiqatlara görə akademik M.İ. Averbax adına mükafatla təltif edilmişdir. Bu nüfuzlu mükafata layiq görülən ilk qadın alim olması onun elmi nüfuzunun beynəlxalq səviyyədə qəbul edildiyini göstərir. 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilən alim ölkə elminin inkişafında mühüm rol oynayan şəxsiyyətlər sırasında yer almışdır. Onun müəllifi olduğu monoqrafiyalar, dərs vəsaitləri və elmi məqalələr bu gün də oftalmologiya sahəsində çalışan mütəxəssislər üçün dəyərli mənbədir. Xüsusilə iridodiaqnostika və iridoterapiya sahəsində apardığı tədqiqatlar dünya miqyasında bu istiqamətdə ilk fundamental işlərdən hesab olunur. Zərifə Əliyeva yalnız alim kimi deyil, həm də fəal ictimai xadim kimi tanınmışdır. O, müxtəlif elmi və ictimai qurumlarda təmsil olunaraq cəmiyyətin inkişafına töhfələr vermişdir.
1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat edən görkəmli alim sonradan Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olunmuşdur. Bu gün onun məzarı Azərbaycan xalqının dərin ehtiramla ziyarət etdiyi müqəddəs məkanlardan biridir. Akademik Zərifə Əliyevanın həyat yolu elmə sədaqətin, insanlara xidmətin və yüksək peşəkarlığın parlaq nümunəsidir. Onun yaratdığı elmi irs və qazandığı nailiyyətlər Azərbaycan tibb elminin inkişaf tarixində silinməz iz qoymuş, adı isə milli elmin qızıl səhifələrində əbədi olaraq həkk olunmuşdur.
Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc






















