image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-14343565083446328733_1200x630

15 İyun – Milli Qurtuluş Günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış taleyüklü əhəmiyyəti olan günlərdən biridir

image-legitimaz-810x90

15 İyun – Milli Qurtuluş Günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış taleyüklü əhəmiyyəti olan günlərdən biridir.

 

Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində elə günlər vardır ki, həmin tarixlər təkcə bir hadisəni deyil, bütöv bir xalqın taleyində dönüş nöqtəsini ifadə edir. 15 İyun – Milli Qurtuluş Günü də məhz belə tarixi günlərdən biridir. Bu gün Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması, ölkənin parçalanmaq və müstəqilliyini itirmək təhlükəsindən xilas edilməsi, ictimai-siyasi sabitliyin bərpa olunması və gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. 1991-ci ildə dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası ilk illərdə son dərəcə mürəkkəb vəziyyətlə üzləşmişdi. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü genişlənir, torpaqlarımızın işğalı davam edir, ölkədə siyasi hakimiyyət böhranı dərinləşir, iqtisadi vəziyyət ağırlaşırdı. Dövlət idarəçiliyində yaranmış problemlər, hakimiyyət uğrunda mübarizə və müxtəlif siyasi qruplar arasında qarşıdurmalar müstəqilliyini yenicə bərpa etmiş ölkənin gələcəyini ciddi təhlükə altında qoymuşdu.1992–1993-cü illərdə ölkədə yaranmış siyasi qeyri-sabitlik dövlət institutlarının fəaliyyətinə mənfi təsir göstərirdi. Müharibə şəraitində olan Azərbaycan həm cəbhədə, həm də daxildə ciddi problemlərlə qarşılaşmışdı. Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində Azərbaycan torpaqlarının işğalı genişlənir, yüz minlərlə insan qaçqın və məcburi köçkün vəziyyətinə düşürdü. Eyni zamanda ölkənin müxtəlif bölgələrində separatçılıq və mərkəzdənqaçma meyilləri baş qaldırır, dövlət hakimiyyətinin nüfuzu zəifləyirdi. Bütün bunlar Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü üçün real təhlükələr yaradırdı. 1993-cü ilin iyun ayında ölkədə vəziyyət daha da gərginləşdi. Gəncədə baş verən hadisələr nəticəsində siyasi böhran kulminasiya nöqtəsinə çatdı. Respublikada vətəndaş qarşıdurması və hətta vətəndaş müharibəsi təhlükəsi yarandı. Dövlət idarəçiliyi iflic vəziyyətinə düşmüş, ölkənin gələcəyi ilə bağlı ciddi narahatlıq formalaşmışdı. Belə bir taleyüklü məqamda Azərbaycan xalqı öz xilaskar liderinə – Naxçıvanda fəaliyyət göstərən görkəmli dövlət xadimi Heydər Əliyevə üz tutdu. Xalqın təkidli tələbi ilə Heydər Əliyev 1993-cü il iyunun 9-da Bakıya gəldi. O, yaranmış böhranın səbəblərini araşdırmaq və vəziyyəti sabitləşdirmək məqsədilə Gəncəyə səfər etdi, müxtəlif tərəflərlə danışıqlar apardı və qarşıdurmanın dərinləşməsinin qarşısının alınmasına nail oldu. Bu addım ölkədə vətəndaş müharibəsinin qarşısının alınmasında mühüm rol oynadı və Azərbaycan dövlətçiliyinin qorunmasına xidmət etdi. 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ölkənin ictimai-siyasi həyatında yeni mərhələnin başlanğıcı oldu. Həmin tarix sonralar Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Milli Qurtuluş Günü elan edildi. Bu gün təkcə siyasi hakimiyyət dəyişikliyi deyil, həm də dövlətçiliyin xilası, xalqın gələcəyə olan ümidlərinin bərpası və ölkənin sabit inkişaf yoluna qədəm qoyması kimi qiymətləndirilir. Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə sabitliyin təmin olunması istiqamətində mühüm tədbirlər həyata keçirildi. Dövlət idarəçiliyi sistemi gücləndirildi, qanunçuluğun bərpası istiqamətində addımlar atıldı, separatçılıq meyillərinin qarşısı alındı, dövlət müstəqilliyinin qorunması üçün zəruri tədbirlər görüldü. Qısa müddət ərzində ictimai-siyasi sabitlik təmin edildi və dövlət quruculuğu prosesində yeni mərhələ başlandı. 1994-cü ildə Ermənistanla atəşkəsin əldə olunması ölkədə insan itkilərinin qarşısının alınmasına və inkişaf üçün əlverişli şəraitin yaranmasına imkan verdi. Həmin ildə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi inkişaf strategiyasının əsasını qoydu, ölkəyə xarici investisiyaların cəlb edilməsinə və beynəlxalq nüfuzunun artmasına şərait yaratdı. Sonrakı illərdə həyata keçirilən ardıcıl siyasət nəticəsində Azərbaycan regionun aparıcı dövlətlərindən birinə çevrildi. Bu baxımdan, 15 İyun – Milli Qurtuluş Günü yalnız bir tarixi hadisənin ildönümü deyil, Azərbaycan dövlətçiliyinin qorunmasının, milli birliyin təmin edilməsinin və müstəqilliyin möhkəmləndirilməsinin rəmzidir. Həmin gün ölkəmizin müasir tarixində dönüş nöqtəsi olmuş, Azərbaycanı siyasi böhrandan sabitlik və inkişaf yoluna çıxarmışdır. 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış taleyüklü və əhəmiyyətli günlərdən biridir. Bu tarix xalqın iradəsinin təntənəsi, dövlətçilik ənənələrinin qorunması və müstəqil Azərbaycanın gələcək inkişafının əsasının qoyulduğu gün kimi hər zaman böyük ehtiramla xatırlanacaqdır.

 

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı İmanova Xanım


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki