image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-media-4865_1716864308-1itgnysem5plf70h4okx

15 İyun bizə göstərir ki, xalq və dövlət bir olduqda ən çətin sınaqlardan belə uğurla çıxmaq mümkündür

image-legitimaz-810x90

15 İyun bizə göstərir ki, xalq və dövlət bir olduqda ən çətin sınaqlardan belə uğurla çıxmaq mümkündür

Azərbaycan xalqının tarixində elə günlər var ki, həmin günlər ölkənin taleyini dəyişib, gələcək inkişafının əsasını qoyub. Belə əlamətdar tarixlərdən biri də 15 İyun – Milli Qurtuluş Günüdür. Bu gün təkcə təqvimdə qeyd olunan bayram deyil, həm də Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması, xalqın birlik və həmrəyliyinin təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyan tarixi hadisədir.

1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini bərpa etsə də, müstəqilliyin ilk illəri ölkəmiz üçün çox ağır və mürəkkəb dövr olmuşdur. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü davam edir, torpaqlarımız işğal olunur, minlərlə insan həlak olur, yüz minlərlə soydaşımız öz doğma yurdlarından didərgin düşürdü. Bununla yanaşı, ölkə daxilində siyasi qeyri-sabitlik, hakimiyyət uğrunda mübarizə və iqtisadi tənəzzül vəziyyəti daha da ağırlaşdırırdı.

Həmin dövrdə hakimiyyətdə olan AXC-Müsavat iqtidarının ölkəni idarə etməkdə yol verdiyi səhvlər vəziyyətin daha da gərginləşməsinə səbəb olmuşdu. Dövlət idarəçiliyində təcrübəsizlik, daxili qarşıdurmalar, iqtisadi sahədə ardıcıl siyasətin olmaması və xarici əlaqələrdə buraxılan nöqsanlar ölkəni böhran həddinə çatdırmışdı. Ayrı-ayrı bölgələrdə mərkəzi hakimiyyətə tabe olmamaq meyilləri yaranmış, ölkədə vətəndaş qarşıdurması təhlükəsi meydana çıxmışdı. Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı.

Belə bir mürəkkəb şəraitdə xalq çıxış yolunu yalnız böyük dövlət xadimi Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışında görürdü. Xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 9-da Heydər Əliyev Bakıya gəldi. Bu qayıdış adi siyasi hadisə deyildi. Bu, Azərbaycanın gələcəyinin xilasına yönəlmiş taleyüklü addım idi.

1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ölkənin həyatında yeni mərhələnin başlanğıcı oldu. Məhz bu tarix sonradan Milli Qurtuluş Günü kimi tariximizə yazıldı. Həmin gündən etibarən ölkədə sabitliyin bərpası, dövlət qurumlarının möhkəmləndirilməsi, qanunun aliliyinin təmin olunması və milli birliyin yaradılması istiqamətində ciddi işlər həyata keçirilməyə başlandı.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə qısa müddət ərzində ölkədə ictimai-siyasi sabitlik təmin edildi. İnsanlarda gələcəyə inam yarandı. Dövlət idarəçiliyində peşəkarlıq prinsipləri tətbiq olundu, iqtisadiyyatın bərpası istiqamətində mühüm addımlar atıldı.

15 İyun bizə göstərir ki, xalq və dövlət bir olduqda ən çətin sınaqlardan belə uğurla çıxmaq mümkündür. Bu tarix Azərbaycan xalqının müdrikliyinin, dövlətçilik iradəsinin və müstəqilliyə sədaqətinin parlaq nümunəsidir.

Bu gün müstəqil, güclü, qalib və suveren Azərbaycan Milli Qurtuluş ideyalarının real nəticəsidir. 15 İyun – Milli Qurtuluş Günü xalqımızın yaddaşında hər zaman yaşayacaq, gələcək nəsillərə dövlətçilik tariximizin ən şərəfli səhifələrindən biri kimi ötürüləcəkdir.

 

Abdulbağı Fazilli – Zərdab rayonu, Təzəkənd kənd sakini, fəal gənc

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki