Rusiyanın işğalı altında olan Krıma gedən magistral yolda yük maşınlarının yanmasını əks etdirən videogörüntülər yayılıb.
Musavat.com xəbər verir ki, yayılan məlumatlara əsasən, Rusiyanın “Novorossiya” adlandırdığı magistral yol Ukrayna pilotsuz uçuş aparatlarının intensiv nəzarəti altındadır.
Bu xüsusda rusiyalı hərbi ekspertlər yüz minlərlə Rusiya hərbçisinin mühasirəyə düşmək təhlükəsi ilə üzləşə biləcəyini bildirirlər. Məlumatda qeyd olunur ki, Kerç körpüsünün avtomobil hissəsinin dağıdılmasından sonra Krımda və Ukraynanın şərqində yerləşən böyük Rusiya hərbi qruplaşmasının təchizatı daha da çətinləşib.
Bəs mühasirə nə ilə nəticələnə bilər, doğrudanmı yüz minlərlə rus hərbçi mühasirəyə düşə bilər? Krım körpüsünü Rusiya üçün itirilmiş saymaq olarmı?
Hərbi ekspert Əfrahim Təhməzov mövzu ilə bağlı Musavat.com-a bildirib ki, yayılan məlumatlar cəbhədə logistik balansı dərindən sarsıdan ciddi tendensiyalardan xəbər verir.
Onun sözlərinə görə, məsələyə klassik hərbi-strateji və logistika qanunauyğunluqları prizmasından yanaşsaq, burada həm real təhlükələr, həm də informasiya müharibəsinin müəyyən çalarları var.
![]()
Ə.Təhməzov qeyd edib ki, hərbi elmdə mühasirə anlayışı ilə “logistik boğulma” (təchizat xətlərinin kəsilməsi və ya ağır zərər görməsi) fərqli hadisələrdir: “Krım yarımadasının coğrafiyası, xüsusilə Perekop bərzəxi, Çonqar və Arabat oxu kimi dar boğazlar böyük qoşun birləşmələrinin sürətli manevrləri üçün məhdud imkanlar yaradır. Yüz minlərlə şəxsi heyətin tam fiziki halqaya alınması üçün qarşı tərəfin həm dərinlikdə zərbə potensialı, həm də ehtiyat qüvvələri olmalıdır.
Ona görə də “yüz minlərlə hərbçinin dərhal tam mühasirəyə düşməsi” daha çox ən ağır ssenari və ya xəbərdarlıq ritorikası kimi qiymətləndirilməlidir. Bununla belə, logistik boğulma riski tamamilə realdır. Müasir müharibədə ordunu diz çökdürmək üçün onu tam mühasirəyə almaq mütləq deyil. Onun yanacaq, sursat, tibbi təminat və ehtiyat hissələri axınını kəsmək və ya kəskin məhdudlaşdırmaq kifayətdir. Cənub dəhlizi (“Novorossiya” magistralı) PUA-ların daimi nəzarəti və zərbələri altına düşürsə, bu, təchizat kolonlarının gecikməsi, itkilərin artması və artilleriya-zirehli texnika tempinin düşməsi deməkdir”.
Hərbi ekspert vurğulayıb ki, əgər Krımdakı və cənub istiqamətindəki qruplaşmanın təchizatı kritik həddə zəifləsə, proses bir neçə mərhələdə inkişaf edə bilər: “İlk növbədə sursat və yanacaq qıtlığı şəraitində ordunun əsas vəzifəsi irəliləmək yox, mövqeləri saxlamaq və qənaət rejiminə keçmək olur, yəni, hücum potensialı sönür. Ardınca idarəetmə və manevr çətinlikləri yaranır: rabitə, texnika təmiri və rotasiya pozulduqda bölmələr arasında koordinasiya zəifləyir, bu da lokal müdafiə xətlərinin yarılması riskini artırır.
Təchizat marşrutları tam iflic olarsa, komandanlıq ya vaxtında qüvvələrin bir hissəsini çıxarmaq qərarı verməli olur, ya da qüvvələr resurs çatışmazlığı səbəbindən ağır itkilərlə üzləşir. Eyni zamanda, məsələnin ciddi hərbi-siyasi təsiri də var: Krım Rusiya üçün təkcə hərbi platsdarm deyil, həm də siyasi-simvolik mərkəzdir. Orada yaranacaq ciddi təchizat böhranı Moskvanın danışıqlar və siyasi manevr imkanlarına birbaşa təsir göstərər”.
Krım körpüsünün statusuna gəlincə, Əfrahim Təhməzov bildirib ki, hərbi-mühəndis və strateji baxımdan məsələyə iki cəhətdən yanaşmaq lazımdır: “Müasir yüksək dəqiqlikli zərbə vasitələri və dəniz-hava dronları dövründə uzun, açıq və coğrafi cəhətdən həssas infrastruktur obyektini yüz faiz qorumaq son dərəcə çətindir. Avtomobil hissəsinin dağıdılması və daimi zərbə riski körpünü etibarlı, fasiləsiz və ağır yüklər üçün dayanıqlı logistik arteriya olmaqdan çıxarır.
Hərbi logistikada “zərbə altında işləyən körpü” ilə “sərbəst işləyən körpü” arasında prinsipial fərq var. Digər tərəfdən, müharibə şəraitində infrastrukturun tam yox edilməsi ilə onun müvəqqəti və ya qismən sıradan çıxarılması fərqlidir. Təmir-bərpa işləri, alternativ keçidlər, dəniz daşımaları və quru dəhlizi vasitəsilə kompensasiya cəhdləri davam edir. Lakin quru dəhlizi də PUA-ların təsiri altına düşürsə, bu, artıq ehtiyat marşrutun da təhlükəsizliyini itirməsi deməkdir ki, bu da Rusiya logistikası üçün ən xoşagəlməz vəziyyətdir”.
Müsahibinin fikrincə, burada əsas məsələ sensasion başlıqlardan çox logistik riyaziyyatdır: “Böyük qoşun qruplaşmasını saxlamaq gündəlik minlərlə ton yük tələb edir. Əgər həm dəniz-körpü marşrutu zəifləyibsə, həm də quru magistralı dronların nəzarəti altındadırsa, bu, Rusiya ordusu üçün operativ gərginliyin və təchizat xərclərinin kəskin artması deməkdir. Müharibədə isə logistikanı uduzan tərəf cəbhədə təşəbbüsü saxlamaqda ciddi çətinlik çəkir”.


























