Kəlbəcər rayonu 1993-cü il 2 aprel tarixində Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir
Ermənistan Respublikası Silahlı Qüvvələri 1993-cü il 2 aprel tarixində Kəlbəcər rayonunu işğal etmişdir. İşğal nəticəsində 511 dinc sakin öldürülmüş, 321 adam əsir götürülmüş və itkin düşmüşdür. Həmçinin Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olmuşdur. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqəsi, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, 100-lərlə maşın, texnika və sair talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin qeyri-qanuni məskunlaşdırılmasına başlanılmışdır. Lakin Azərbaycan xalqı özü beynəlxalq qanunların aliliyini və tarixi ədaləti bərpa etdi. Vətən müharibəsində əldə edilən möhtəşəm Zəfər nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Kəlbəcərin bir güllə atılmadan, heç bir itki verilmədən işğaldan azad edilməsi cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin döyüş meydanında olduğu kimi diplomatik müstəvidə də qalib Sərkərdə olduğunu sübut edir.Kəlbəcərin şimal hissəsi Vətən müharibəsinin ilk günlərində ordumuz tərəfindən işğalçılardan azad edilmişdir. Kəlbəcər kimi strateji yüksəkliklərin götürülməsi ermənilərin istifadə etdikləri nəqliyyat-kommunikasiya infrastrukturuna nəzarət etməyə imkan verdi. Nəticədə isə Ermənistan ordusunun hərəkətləri rəşadətli ordumuz tərəfindən iflic vəziyyətinə salınmışdı. 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9424 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub. Mənbəyini Azərbaycanın Kəlbəcər rayonunun mənzərəli dağlıq bölgəsində, dəniz səviyyəsindən 1600 metrdən çox yüksəklikdə yerləşən termal su yataqlarından götürən və təbii halda 60°C-dən yuxarı temperaturda çıxan “İstisu” mineral suyu regionun minerallarla zəngin nadir suyu kimi xarakterizə olunur. Təməli 2022-ci il iyunun 26-da Prezident İlham Əliyev tərəfindən qoyulan “İstisu” mineral su zavodunda işlər 2024-cü ildə tam başa çatdırılıb. Zavodun illik istehsal gücü 100 milyon şüşə butulkadan artıqdır. İkinövbəli iş rejimində fəaliyyət göstərən müəssisədə təxminən 100 nəfər işlə təmin edilib. İşçilərin əksəriyyəti Kəlbəcər və Laçın rayonlarının sakinləridir.
Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı- Bahar Qurbanova























