Kəlbəcərin enerji potensialı – təbii sərvətlərdən səmərəli istifadə gələcək inkişafın əsasını yaradır
Hər bir bölgənin inkişafında onun təbii sərvətləri və iqtisadi imkanları mühüm rol oynayır. Bəzən bir ərazinin malik olduğu imkanlar yalnız həmin bölgənin deyil, bütövlükdə ölkənin gələcək inkişafına töhfə verə bilər. Azərbaycanın zəngin təbii sərvətlərə malik bölgələrindən olan Kəlbəcər də belə ərazilərdəndir. Xüsusilə rayonun su və külək enerjisi ehtiyatları ölkəmizin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Kəlbəcər uzun illər işğal altında qaldığı dövrdə öz iqtisadi və təbii imkanlarından ölkəmizin inkişafı naminə istifadə edə bilmədi. İşğal nəticəsində rayonun enerji infrastrukturu dağıdıldı, bir sıra su elektrik stansiyaları yararsız vəziyyətə salındı. 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra isə bu imkanların yenidən qiymətləndirilməsi və bərpası üçün geniş şərait yarandı.
Bu gün Kəlbəcərdə həyata keçirilən layihələr göstərir ki, dövlətimizin diqqət mərkəzində yalnız ərazilərin bərpası deyil, həm də mövcud təbii ehtiyatların gələcək nəsillər üçün səmərəli istifadəsi dayanır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaşıl enerji zonasına çevrilməsi strategiyasında Kəlbəcər xüsusi yer tutur. Rayonun ən böyük enerji imkanlarından biri zəngin su ehtiyatlarıdır. Dağlardan başlayan çaylar, güclü su axınları və əlverişli relyef kiçik su elektrik stansiyalarının yaradılması üçün geniş imkanlar açır. Bu istiqamətdə artıq mühüm işlər görülüb.
2025-ci il avqustun 21-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyalarının açılışı keçirilib. Bu layihələr Kəlbəcərin enerji potensialının artırılması istiqamətində atılan mühüm addımlardır. 2026-cı ilin mayında açıqlanan məlumata görə, rayonda artıq 10-dan çox su elektrik stansiyası istifadəyə verilib. Bu isə Kəlbəcərin enerji sahəsində qısa müddətdə böyük inkişaf yolu keçdiyini göstərir. Su elektrik stansiyalarının əhəmiyyəti yalnız elektrik enerjisi istehsalı ilə məhdudlaşmır. Bu stansiyalar təbii su ehtiyatlarından istifadə etməklə əlavə yanacaq sərfiyyatına ehtiyacı azaldır, ətraf mühitə atılan zərərli qazların həcminin aşağı düşməsinə kömək edir. İstehsal olunan elektrik enerjisi həm rayonun yaşayış məntəqələrinin, həm də burada fəaliyyət göstərən müəssisələrin enerji təminatına xidmət edir. Beləliklə, təbii sərvət iqtisadi inkişafa və insanların gündəlik həyatına töhfə verir.
Kəlbəcərin digər mühüm üstünlüyü onun külək enerjisi imkanlarıdır. Rayonun yüksək dağlıq ərazilərində küləyin gücündən elektrik enerjisi istehsal etmək üçün əlverişli şərait mövcuddur. Bu istiqamətdə də yeni layihələr nəzərdə tutulur. Bölgənin enerji imkanlarından danışarkən təbii sərvətlərin qorunması məsələsini də unutmaq olmaz. Kəlbəcərin çayları, meşələri, dağları və təmiz havası onun ən böyük sərvətlərindəndir. Enerji layihələri həyata keçirilərkən suyun təbii axınının qorunması, ekoloji tarazlığın pozulmaması və canlı aləmin mühafizəsi əsas şərtlərdən biri olmalıdır. Çünki məqsəd yalnız daha çox enerji istehsal etmək deyil, bunu təbiətə zərər vurmadan həyata keçirməkdir. Enerji ehtiyatlarından səmərəli istifadə Kəlbəcərin iqtisadi həyatına da yeni imkanlar qazandırır. Sabit elektrik təminatı yeni müəssisələrin yaradılması, istehsal sahələrinin genişləndirilməsi, turizmin inkişafı və əhalinin məşğulluğunun artırılması üçün vacib şərtdir. İstisu mineral su zavodunun fəaliyyəti, turizm obyektlərinin yaradılması və yaşayış məntəqələrinin yenidən qurulması enerji infrastrukturunun əhəmiyyətini daha da artırır. Gələcəkdə Kəlbəcərin enerji potensialından daha geniş istifadə olunması rayonun ölkənin ümumi enerji sisteminə verdiyi töhfəni artıracaq. Burada istehsal edilən yaşıl enerjinin digər bölgələrə ötürülməsi də mümkündür. Bu, həm ənənəvi enerji mənbələrindən asılılığın azaldılmasına, həm də Azərbaycanın beynəlxalq enerji bazarında mövqeyinin möhkəmlənməsinə xidmət edə bilər.
Zərdab rayon Əlibəyli kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Kəmalə Əliyeva
























