Bölgədə infrastrukturun yenidən qurulması, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi
2020-ci il noyabrın 25-də Kəlbəcər rayonunun işğaldan azad edilməsindən sonra bölgənin sosial-iqtisadi həyatının bərpası, yaşayış məntəqələrinin yenidən qurulması və nəqliyyat əlaqələrinin yaxşılaşdırılması istiqamətində genişmiqyaslı layihələrin icrasına başlanılmışdır. Kəlbəcərin mürəkkəb dağlıq relyefi və strateji coğrafi mövqeyi nəzərə alınaraq avtomobil yollarının tikintisi və mövcud nəqliyyat infrastrukturunun yenilənməsi əsas prioritetlərdən birinə çevrilmişdir. Bu baxımdan Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun inşası bölgənin gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun ümumi uzunluğu 82 kilometr təşkil edir. I, II və III texniki dərəcələrə uyğun inşa edilən yolun ayrı-ayrı hissələrində iki, üç və dörd hərəkət zolağının yaradılması nəzərdə tutulmuşdur. Layihə çərçivəsində yolun mürəkkəb relyefli ərazilərdən keçən hissələrində beş tunel inşa edilir. Bu tunellərin ümumi uzunluğu 25,9 kilometrdir.
Layihəyə əsasən, avtomobil yolunun 56 kilometri Toğanalı–Kəlbəcər, 26 kilometri isə Kəlbəcər–İstisu istiqamətini əhatə edir. Yolun bu iki hissəsinin vahid nəqliyyat xətti kimi qurulması Kəlbəcər şəhəri ilə ətraf yaşayış məntəqələri və İstisu turizm zonası arasında əlaqələrin yaxşılaşdırılmasına imkan verəcəkdir. Ümumilikdə, Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun tikintisinin 89 faizi tamamlanmışdır. Layihənin ən mühüm mühəndis qurğularından biri Murovdağ tunelidir. Yolun 13,5-ci kilometrliyində inşa edilmiş tunelin uzunluğu 11,7 kilometrdir. Tunelin texniki açılışının həyata keçirilməsi bölgənin nəqliyyat infrastrukturunun inkişafında əlamətdar hadisə olmuşdur. Bu mühəndis qurğusu Murovdağ silsiləsinin mürəkkəb relyefindən keçidi asanlaşdırmaq və nəqliyyat əlaqələrinin daha səmərəli təşkilinə şərait yaratmaq məqsədi daşıyır. Murovdağ tuneli uzunluğuna görə beynəlxalq miqyasda da diqqət çəkən avtomobil tunellərindən biridir. Uzunluq göstəricisinə görə dünyada 18-ci, Avropada 5-ci, MDB ölkələri arasında isə birinci yerdə qərarlaşır. Tunelin dörd hərəkət zolağından – iki gediş və iki gəliş zolağından ibarət olması nəzərdə tutulmuşdur. Bu xüsusiyyət nəqliyyat axınının təhlükəsiz və fasiləsiz təşkilinə xidmət edəcəkdir.
Avtomobil yolunun tikintisi Kəlbəcərin coğrafi baxımdan əlçatanlığının artırılması üçün xüsusi əhəmiyyət kəsb edir. Dağlıq ərazilərdə nəqliyyat əlaqələrinin təmin olunması mühəndislik baxımından mürəkkəb işlər tələb etdiyindən tunellərin və digər yol qurğularının inşası layihənin əsas komponentlərini təşkil edir. Yeni yolun istifadəyə verilməsi məsafələrin və səfər müddətinin azaldılmasına, nəqliyyat hərəkətinin daha rahat təşkilinə imkan yaradacaqdır. Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun iqtisadi əhəmiyyəti də genişdir. Yolun tamamlanması bölgədə kənd təsərrüfatı, turizm, ticarət və xidmət sektorlarının inkişafına müsbət təsir göstərəcəkdir. Xüsusilə, İstisu mineral su mənbələrinin və turizm potensialının daha əlçatan olması ərazidə yeni iqtisadi imkanların formalaşmasına şərait yaradacaqdır. Layihə Kəlbəcərdə həyata keçirilən digər infrastruktur tədbirləri ilə də qarşılıqlı əlaqədədir. Yeni avtomobil yolları yaşayış məntəqələrinin yenidən qurulması, kommunal xidmətlərin təşkili və əhalinin doğma yurdlarına qayıdışı prosesinin sürətləndirilməsi baxımından mühüm rol oynayır. Nəqliyyat əlaqələrinin yaxşılaşdırılması həmçinin tikinti materiallarının, avadanlıqların və digər zəruri resursların bölgəyə daşınmasını asanlaşdırır.
Bununla yanaşı, müasir texniki standartlar əsasında inşa edilən yolun təhlükəsizlik göstəricilərinin yüksəldilməsi də mühüm əhəmiyyət daşıyır. Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun tikintisi Kəlbəcərin yenidən qurulması və davamlı inkişafı istiqamətində həyata keçirilən ən mühüm infrastruktur layihələrindən biridir. Xüsusilə, 11,7 kilometrlik Murovdağ tunelinin inşası Azərbaycanın mühəndislik imkanlarının və müasir yol tikintisi təcrübəsinin mühüm nümunəsi kimi diqqət çəkir. Layihənin tam başa çatdırılması bölgədə nəqliyyat əlçatanlığının, iqtisadi fəallığın və əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edəcəkdir.
Çinarə Pirməmmədova- Zərdab rayon Hüseynxanlı kənd körpələr evi-uşaq bağçasının müdiri
























