Kəlbəcərdə yeni həyat başlayır – doğma yurda qayıdış davam edir
Bir vaxtlar doğma yurdlarından ayrılmağa məcbur olan insanların ən böyük arzusu öz evlərinə, ata-baba ocaqlarına qayıtmaq idi. İllərlə bu arzu ilə yaşayan kəlbəcərlilər üçün həmin gün artıq reallığa çevrilib. Bu gün Kəlbəcərdə yalnız evlər və yollar tikilmir, illər əvvəl yarımçıq qalmış həyat yenidən davam edir. Doğma yurda qayıdan ailələrin sayı artır, şəhərin küçələrində yenidən yaşayış canlanır.
Kəlbəcər 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra rayon sakinləri öz doğma torpaqlarından didərgin düşdülər. İnsanlar evlərini, təsərrüfatlarını, xatirələri ilə bağlı olan yerləri tərk etməli oldular. Uzun illər müxtəlif şəhər və rayonlarda yaşayan kəlbəcərlilər doğma torpaqlarına qayıdacaqları günü gözlədilər. Onların yaddaşında Kəlbəcər yalnız bir yaşayış yeri deyil, uşaqlıq xatirələri, ailə tarixləri və ata-baba ocağı idi. 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər bu arzuların gerçəkləşməsi üçün yeni imkan yaratdı. Noyabrın 25-də Kəlbəcərin Azərbaycana qaytarılması ilə rayonun həyatında yeni mərhələ başlandı. Lakin qarşıda görüləsi böyük işlər var idi. İşğal dövründə dağıdılmış infrastrukturun bərpası, yolların çəkilməsi, yaşayış evlərinin tikilməsi və təhlükəsizliyin təmin olunması əsas vəzifələrdən birinə çevrildi.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış Proqramı çərçivəsində Kəlbəcərdə genişmiqyaslı quruculuq işlərinə başlanıldı. Dağlıq ərazinin çətin relyefinə baxmayaraq, burada müasir yaşayış binaları, fərdi evlər, yollar və zəruri infrastruktur yaradılır. Məqsəd insanların doğma torpaqlarına qayıtdıqdan sonra rahat və təhlükəsiz həyat sürmələrini təmin etməkdir. Kəlbəcərə qayıdışın mühüm mərhələsi 2025-ci il avqustun 20-də keçmiş məcburi köçkünlərin şəhərə köçürülməsinin başlanması oldu. Artıq uzun illər gözləyən ailələr öz mənzillərinə qovuşmağa başladılar. 2025-ci il avqustun 21-də Prezident İlham Əliyevin Kəlbəcərə səfəri zamanı sakinlərə yeni mənzillərin açarlarının təqdim edilməsi bu tarixi qayıdışın sevincini daha da artırdı. Köç prosesi mərhələli şəkildə davam etdirilir. Müxtəlif şəhər və rayonlarda müvəqqəti məskunlaşmış ailələr doğma yurda qayıdır, yeni mənzillərində məskunlaşırlar. Bu ailələrin arasında uzun illər Kəlbəcərin həsrəti ilə yaşayan yaşlı insanlar, gələcəyini doğma torpaqda qurmaq istəyən gənclər və uşaqlar da var. Hər yeni köç karvanı rayonun həyatına yeni nəfəs gətirir. Kəlbəcərdə məskunlaşmanın davam etməsi üçün yalnız yaşayış evlərinin tikilməsi kifayət deyil. İnsanların gündəlik ehtiyaclarının qarşılanması, sosial xidmətlərdən istifadə etməsi, məşğulluq imkanlarının yaradılması da vacibdir. Buna görə də yol, elektrik, su, rabitə və digər kommunikasiya sistemlərinin qurulması ilə yanaşı, sosial infrastrukturun inkişafına da diqqət yetirilir.
Rayonun kəndlərinin yenidən qurulması da Böyük Qayıdışın mühüm istiqamətlərindəndir. Kəlbəcərin Zar kəndində və digər yaşayış məntəqələrində aparılan işlər gələcək məskunlaşma üçün geniş imkanlar yaradır. İstisu qəsəbəsinin və bir sıra kəndlərin bərpası rayonun təkcə şəhər mərkəzində deyil, bütün ərazisində həyatın yenidən canlanmasına xidmət edir. Beləliklə, Kəlbəcərin inkişafı vahid və uzunmüddətli plan əsasında həyata keçirilir. Doğma yurda qayıdışın ən gözəl tərəfi isə insanların öz torpaqlarında yenidən gələcək qurmasıdır. Bir vaxtlar məcburi köçkün həyatı yaşayan ailələr indi öz evlərinin həyətində ağac əkir, uşaqlarının gələcəyini Kəlbəcərlə bağlayır, doğma mühitə qovuşurlar. Bu, sadəcə yaşayış yerinin dəyişməsi deyil, insanın öz köklərinə qayıtmasıdır. Kəlbəcərin yenidən məskunlaşması dövlətimizin qarşıya qoyduğu məqsədlərin ardıcıl şəkildə həyata keçirildiyini göstərir.
Zərdab rayon Şəftəhal kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Sədiyar Xəlilov























