image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17873889692601129979_1200x630

Kəlbəcərə uzanan yollar – inkişafın və yeni imkanların başlanğıcı

image-legitimaz-810x90

Kəlbəcərə uzanan yollar – inkişafın və yeni imkanların başlanğıcı

Bir bölgənin inkişafı üçün ilk növbədə onun digər ərazilərlə əlaqəsi möhkəm olmalıdır. Yollar insanların rahat hərəkət etməsinə, məhsulların daşınmasına, xidmətlərin göstərilməsinə və iqtisadi əlaqələrin genişlənməsinə şərait yaradır. Bu baxımdan Kəlbəcərdə yol infrastrukturunun qurulması rayonun gələcəyini müəyyən edən mühüm amillərdən biridir. Kəlbəcər Azərbaycanın dağlıq ərazidə yerləşən rayonlarından biridir. Onun mürəkkəb relyefi və təbii şəraiti yolların çəkilməsini və saxlanılmasını çətinləşdirir. Lakin bu çətinliklər rayonun inkişafı üçün yol infrastrukturunun nə qədər vacib olduğunu daha aydın göstərir. Kəlbəcərin ölkənin digər bölgələri ilə rahat əlaqəsinin təmin edilməsi burada yaşayışın bərpasına və iqtisadi fəaliyyətin genişlənməsinə birbaşa təsir göstərir.

Uzun illər işğal altında qalan Kəlbəcər rayonunda nəqliyyat və digər infrastruktur sahələri ciddi zərər görmüşdü. İnsanların doğma yurda qayıtması üçün ilk növbədə təhlükəsiz və müasir yolların salınması, mövcud yolların yenilənməsi zəruri idi. 2020-ci il noyabrın 25-də rayonun Azərbaycana qaytarılmasından sonra bu istiqamətdə geniş quruculuq işlərinə başlanıldı.

Bu gün Kəlbəcərdə həyata keçirilən yol layihələri yalnız bir yaşayış məntəqəsini digərinə bağlamaq məqsədi daşımır. Bu yollar gələcəkdə rayonun iqtisadi həyatını canlandıracaq, kənd təsərrüfatı məhsullarının bazarlara çıxarılmasını asanlaşdıracaq, turizm imkanlarının genişlənməsinə kömək edəcək. Eyni zamanda, yolların yaxşılaşdırılması insanların təhsil, səhiyyə və digər xidmətlərdən istifadə imkanlarını da artıracaq. Dağlıq ərazilərdə yol çəkilişi xüsusi mühəndislik yanaşması tələb edir. Bəzi yerlərdə sərt qayalıqlar, dik yamaclar və mürəkkəb relyef tikinti işlərini çətinləşdirir. Belə şəraitdə tunellərin, körpülərin və müasir yol qurğularının inşası böyük əhəmiyyət daşıyır. Bu layihələr sayəsində əvvəllər hərəkət üçün çətin olan ərazilərdə daha rahat və təhlükəsiz nəqliyyat əlaqəsi yaratmaq mümkündür. Yolların əhəmiyyəti ilk növbədə insanların gündəlik həyatında hiss olunur. Bir ailənin başqa yaşayış məntəqəsinə rahat gedə bilməsi, xəstə şəxsin tibbi xidmətə vaxtında çatdırılması, uşaqların təhsil müəssisələrinə təhlükəsiz şəkildə gedib-gəlməsi nəqliyyat infrastrukturunun real nəticələridir. Deməli, yol yalnız avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş tikili deyil, insanların həyatını asanlaşdıran mühüm vasitədir. Kəlbəcərin iqtisadi inkişafı baxımından da yolların xüsusi rolu var. Rayonun təbii və təsərrüfat imkanlarından səmərəli istifadə etmək üçün istehsal olunan məhsulların daşınması və satış bazarlarına çıxarılması vacibdir. Heyvandarlıq, arıçılıq və digər kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən təsərrüfatlar üçün əlverişli nəqliyyat əlaqələri yeni imkanlar yaradır. Məhsulun vaxtında və rahat daşınması istehsalçının qazancına, ümumilikdə isə yerli iqtisadiyyatın inkişafına müsbət təsir göstərir.

Turizmin inkişafı da yol infrastrukturundan birbaşa asılıdır. Kəlbəcərin təbii gözəlliklərini, tarixi məkanlarını və İstisu kimi tanınmış yerlərini görmək istəyən insanlar üçün rahat və təhlükəsiz yolların olması mühüm şərtdir. Yolların yaxşılaşdırılması turistlərin bölgəyə səfərini asanlaşdırmaqla yanaşı, burada xidmət sahələrinin inkişafına da təkan verə bilər. Turistlərin artması yerləşmə, iaşə, nəqliyyat və digər xidmətlərə tələbatı yüksəldərək yeni iş imkanları yarada bilər. Bununla yanaşı, yol tikintisi zamanı Kəlbəcərin təbiətinin qorunması da diqqətdə saxlanılmalıdır. Bu rayonun dağları, meşələri, çayları və bulaqları onun ən qiymətli sərvətləridir. İnfrastruktur layihələri həyata keçirilərkən ətraf mühitə təsirin minimuma endirilməsi, təbii landşaftın qorunması və ekoloji tarazlığın saxlanılması vacibdir. Müasir inkişaf təbiətlə uyğun şəkildə aparıldıqda daha davamlı nəticə verir.

 

Zərdab rayon Hüseynxanlı  kənd ümumi orta ümumtəhsil məktəbinin  müəllimi-Əfsun Nuriyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki