image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images

“Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”

image-legitimaz-810x90

“Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”

Kəlbəcər rayonunun işğaldan azad edilməsindən sonra şəhərin müasir tələblərə uyğun yenidən qurulması, yaşayış mühitinin bərpası və gələcək inkişafının təmin edilməsi istiqamətində genişmiqyaslı planlaşdırma işlərinə başlanılmışdır. Bu məqsədlə şəhərin demoqrafik artımı, ərazi genişlənməsi, sosial infrastrukturu, nəqliyyat sistemi və ekoloji xüsusiyyətləri nəzərə alınaraq uzunmüddətli inkişaf konsepsiyası hazırlanmışdır. Kəlbəcərin yenidən qurulması şəhərin tarixi-memarlıq xüsusiyyətlərinin qorunması ilə yanaşı, müasir şəhərsalma prinsiplərinin tətbiqini də nəzərdə tutur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli Qərarı ilə “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilmişdir. Bu sənəd şəhərin gələcək məkan strukturunu, yaşayış və ictimai obyektlərin yerləşməsini, mühəndis-kommunikasiya sistemlərinin qurulmasını və əhalinin sosial ehtiyaclarının qarşılanmasını müəyyənləşdirən əsas şəhərsalma sənədidir.

Kəlbəcər şəhərinin işğaldan əvvəl, 1969-cu ildə tərtib edilmiş son Baş planına əsasən, şəhərin ərazisi 130 hektar, əhalisinin sayı isə 7500 nəfər olmuşdur. Yeni Baş plana uyğun olaraq, 2040-cı ilədək şəhərin ərazisinin təxminən 290 hektara, əhalisinin sayının isə 17 min nəfərə çatdırılması nəzərdə tutulur. Bu göstəricilər şəhərin əvvəlki miqyası ilə müqayisədə iki dəfədən artıq genişlənməsini və daha böyük yaşayış məkanına çevrilməsini nəzərdə tutur. Baş plana əsasən, şəhərin funksional zonalaşdırılması müasir şəhərsalma tələblərinə uyğun həyata keçiriləcəkdir. Mərkəzi hissədə ortamərtəbəli çoxmənzilli yaşayış binalarının və inzibati obyektlərin yerləşdirilməsi, kənar ərazilərdə isə fərdi yaşayış evlərinin tikintisi planlaşdırılır. Belə yanaşma şəhərin yaşayış məkanının səmərəli təşkilinə, əhali sıxlığının tənzimlənməsinə və müxtəlif yaşayış formalarının uzlaşdırılmasına imkan verəcəkdir.

Şəhərin sosial infrastrukturunun inkişafı Baş planın əsas istiqamətlərindən birini təşkil edir. Əhalinin təhsil, səhiyyə və sosial xidmətlərə əlçatanlığını təmin etmək məqsədilə 4 məktəbin və 4 uşaq bağçasının tikintisi nəzərdə tutulmuşdur. Məktəblərin ümumi tutumu 960 şagird, uşaq bağçalarının tutumu isə 520 yer təşkil edəcəkdir. Bu obyektlər şəhərdə formalaşacaq yeni yaşayış mühitinin təhsil ehtiyaclarının qarşılanmasına xidmət edəcəkdir.

Səhiyyə infrastrukturunun genişləndirilməsi çərçivəsində şəhərdə 160 çarpayılıq iki xəstəxananın və 150 çarpayılıq bir reabilitasiya mərkəzinin yaradılması planlaşdırılır. Bu müəssisələr əhaliyə tibbi xidmətlərin göstərilməsi, müalicə və bərpa prosesinin təşkili, eləcə də müasir səhiyyə xidmətlərinə çıxış imkanlarının artırılması baxımından əhəmiyyət daşıyır.

Baş planda şəhərin tarixi yaddaşının və milli-mədəni irsinin təbliğinə də xüsusi yer ayrılmışdır. Bu məqsədlə İşğal və Zəfər muzeylərinin yaradılması nəzərdə tutulur. Muzeylər Kəlbəcərin tarixi keçmişinin, işğal dövründə yaşadığı hadisələrin, azad olunma tarixinin və bölgənin mədəni irsinin gələcək nəsillərə çatdırılmasına xidmət edəcəkdir. Şəhərin ictimai həyatının canlandırılması üçün mehmanxanaların, müxtəlif ictimai-iaşə obyektlərinin, idman meydançalarının və digər xidmət sahələrinin yaradılması da planlaşdırılır. Bu obyektlər sakinlərin gündəlik tələbatının ödənilməsi ilə yanaşı, şəhərin turizm və xidmət sektorunun inkişafına, yeni iş yerlərinin formalaşmasına və iqtisadi fəallığın artmasına şərait yaradacaqdır.

Kəlbəcər şəhərinin Baş planında ekoloji tarazlığın qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi mühüm prioritetlərdən biri kimi müəyyənləşdirilmişdir. Plana əsasən, şəhər ərazisinin 22 faizini, yəni təxminən 60 hektarını yaşıllıq sahələri təşkil edəcəkdir. Baş planda nəqliyyat infrastrukturunun yenidən qurulması da geniş yer tutur. Şəhərdaxili avtomobil yollarının müasir standartlara uyğun salınması, nəqliyyat hərəkətinin səmərəli təşkili və yaşayış məntəqələri arasında əlaqələrin yaxşılaşdırılması nəzərdə tutulur. Bundan əlavə, uzunluğu 22 kilometr olan velosiped yollarının yaradılması əhalinin alternativ nəqliyyat vasitələrindən istifadəsini təşviq edəcəkdir.

Kəlbəcər şəhərinin inkişafına dair Baş planda mühəndis-kommunikasiya infrastrukturunun müasir tələblərə uyğun qurulması da nəzərdə tutulur. Su təchizatı, kanalizasiya, elektrik enerjisi, qaz təminatı və digər kommunal xidmətlərin yenidən təşkili şəhərin fasiləsiz fəaliyyətinin təmin edilməsi üçün əsas şərtlərdəndir. Bu sistemlərin kompleks şəkildə planlaşdırılması gələcəkdə əhalinin artan tələbatının qarşılanmasına imkan yaradacaqdır. Baş planın mühüm xüsusiyyətlərindən biri də şəhərin təbii-coğrafi şəraitinin nəzərə alınmasıdır. Kəlbəcərin dağlıq relyefi, iqlim xüsusiyyətləri və zəngin təbii landşaftı tikinti və məskunlaşma prosesində xüsusi yanaşma tələb edir. Bu baxımdan şəhərsalma layihələrinin təbii mühitlə uzlaşdırılması, ətraf ərazilərin qorunması və təhlükəsiz yaşayış şəraitinin yaradılması əsas planlaşdırma istiqamətlərindəndir.

Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı şəhərin gələcək simasını müəyyənləşdirən, əhalinin yaşayış şəraitinin yaxşılaşdırılmasını və sosial-iqtisadi inkişafın təmin edilməsini hədəfləyən kompleks sənəddir. Yaşayış fondunun genişləndirilməsi, sosial obyektlərin yaradılması, nəqliyyat və mühəndis infrastrukturlarının yenilənməsi, yaşıllıq sahələrinin artırılması Kəlbəcərin müasir, ekoloji cəhətdən dayanıqlı və rahat yaşayış məkanına çevrilməsinə yönəlmişdir.

 

Ləman Səfərəliyeva- Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki