image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-shekil-13-kelbecer-hospitla

Şanlı zəfərin təcəssümü – 25 Noyabrın Kəlbəcər Şəhəri Günü elan edilməsi

image-legitimaz-810x90

Şanlı zəfərin təcəssümü – 25 Noyabrın Kəlbəcər Şəhəri Günü elan edilməsi

 

Hər bir xalqın tarixində elə günlər var ki, həmin tarixlər zaman keçdikcə daha böyük məna və əhəmiyyət qazanır. Bu günlər xalqın yaddaşında yalnız baş vermiş hadisə kimi deyil, milli qürurun, birliyin və dövlətçilik iradəsinin ifadəsi kimi yaşayır. 25 Noyabr – Kəlbəcər Şəhəri Günü də Azərbaycan xalqı üçün məhz belə əlamətdar tarixlərdəndir. Bu tarixin əhəmiyyəti yalnız Kəlbəcərin işğaldan azad olunması ilə məhdudlaşmır. 25 noyabr həm də uzun illər doğma yurd həsrəti ilə yaşayan insanların ümidlərinin gerçəkləşdiyi, tarixi ədalətin bərpa olunduğu və Azərbaycanın öz gücünü bütün dünyaya nümayiş etdirdiyi günlərdən biridir.

Kəlbəcər Azərbaycanın qədim yaşayış məskənlərindən, zəngin tarixi və təbii sərvətlərə malik bölgələrindən biridir. Dağları, meşələri, çayları, mineral bulaqları və qədim abidələri ilə seçilən bu diyar xalqımızın milli-mədəni irsində xüsusi yer tutur. Lakin 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi Kəlbəcərin tarixində ağır bir dövrün başlanğıcı oldu. Rayon sakinləri öz evlərini tərk etməyə məcbur qaldılar. Uzun illər kəlbəcərlilər doğma torpaqlarına qayıdacaqları günü gözlədilər. Azərbaycan dövləti bütün bu illər ərzində torpaqlarımızın azad olunması istiqamətində ardıcıl siyasət həyata keçirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi, siyasi və hərbi gücü artırıldı, ordu quruculuğu sahəsində mühüm addımlar atıldı. Bütün bunlar 2020-ci ildə Vətən müharibəsində əldə olunan tarixi Zəfərin əsasını təşkil etdi. 44 gün davam edən Vətən müharibəsi Azərbaycan xalqının birliyini, əsgər və zabitlərimizin qəhrəmanlığını, dövlətimizin qətiyyətini nümayiş etdirdi. Döyüş meydanında qazanılan qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində tarixi dönüş yarandı. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata uyğun olaraq, Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunu tərk etdi və 25 noyabr 2020-ci ildə rayon Azərbaycanın nəzarətinə qaytarıldı. Bu hadisə kəlbəcərlilər üçün illərlə gözlənilən böyük sevinc, bütün Azərbaycan xalqı üçün isə Zəfərin növbəti təntənəsi idi. Kəlbəcərin azad olunması hərbi əməliyyatların nəticəsi ilə yanaşı, ölkəmizin siyasi iradəsinin və diplomatik mövqeyinin də uğuru idi. Beləliklə, uzun illər işğal altında qalan bu qədim diyar yenidən öz sahibinə qovuşdu.

25 noyabrın Kəlbəcər Şəhəri Günü elan edilməsi bu tarixi hadisəyə verilən yüksək qiymətin ifadəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə hər il noyabrın 25-i Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur. Bu qərar Kəlbəcərin azad olunması tarixinin dövlət səviyyəsində əbədiləşdirilməsi, həmin günün gələcək nəsillərin yaddaşında yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır.

Şəhər günlərinin qeyd olunması sadəcə təqvimdə bir tarixin xatırlanması demək deyil. Bu günlər şəhərin keçmişinə, tarixinə, mədəniyyətinə və insanlarına ehtiramın ifadəsidir. Kəlbəcər Şəhəri Günü isə bunlarla yanaşı, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda aparılan mübarizənin, xalqımızın sarsılmaz iradəsinin rəmzidir.

Bu gün Kəlbəcərdə aparılan bərpa və quruculuq işləri həmin Zəfərin davamı kimi qiymətləndirilə bilər. Yeni yolların çəkilməsi, yaşayış evlərinin və sosial obyektlərin tikilməsi, mühəndis-kommunikasiya infrastrukturunun yaradılması rayonun əvvəlki həyatına qayıtmasına xidmət edir. Əsas məqsəd Kəlbəcəri yalnız fiziki baxımdan yenidən qurmaq deyil, burada davamlı və müasir yaşayış mühiti formalaşdırmaqdır.Şanlı Zəfərin təcəssümü olan bu əlamətdar tarix həm keçmişə ehtiram, həm bu günə qürur, həm də gələcəyə inam deməkdir. Kəlbəcər Şəhəri Gününün qeyd olunması xalqımızın yaddaşında azadlığın, birliyin və tarixi ədalətin rəmzi kimi daim yaşayacaqdır.

 

Zərdab rayon Dəkkəoba kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Səlim Zeynalov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki