image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images

25 Noyabr – Kəlbəcər şəhəri günü

image-legitimaz-810x90

25 Noyabr – Kəlbəcər şəhəri günü

 

25 noyabr Azərbaycan xalqının yaddaşında xüsusi tarixi və mənəvi əhəmiyyət daşıyan günlərdən biridir. Bu gün qədim tarixə, zəngin mədəniyyətə, füsunkar təbiətə və əvəzsiz təbii sərvətlərə malik Kəlbəcərin azadlığa qovuşmasının, tarixi ədalətin bərpasının və Böyük Qayıdışın rəmzidir. Azərbaycanın ən yüksək dağ rayonu olan Kəlbəcər qədim yaşayış məskənləri, tarixi abidələri və zəngin arxeoloji irsi ilə seçilir. Ərazidə 30 min ildən artıq tarixə malik yaşayış məskənlərinin, 6 min illik qayaüstü təsvirlərin və qədim türk əlifbası nümunələrinin aşkar edilməsi bu diyarın qədim sivilizasiya mərkəzlərindən biri olduğunu təsdiqləyir. Kəlbəcər həm də ecazkar dağları, meşələri, mineral bulaqları və məşhur İstisu ilə Azərbaycanın təbii sərvət xəzinəsidir. Təəssüf ki, 1993-cü il aprelin 2-də Kəlbəcər Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. İşğal nəticəsində yüzlərlə dinc sakin həyatını itirdi, insanlar doğma yurdlarından didərgin düşdü, tarixi-mədəni abidələr, yaşayış evləri, məktəblər və digər sosial obyektlər dağıdıldı, rayonun zəngin sərvətləri talan edildi. BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsi ilə işğalçı qüvvələrin Kəlbəcərdən və digər işğal olunmuş ərazilərdən çıxarılması tələb olunsa da, bu qərar uzun illər icra edilmədi. Lakin Azərbaycan xalqı doğma torpaqlarını azad etmək əzmindən heç vaxt dönmədi. 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Qələbə regionda yeni reallıqlar yaratdı. 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Beləliklə, 27 illik həsrətə son qoyuldu, Kəlbəcər öz doğma dövlətinə qovuşdu. Bu hadisə Azərbaycan dövlətinin siyasi iradəsinin, hərbi qüdrətinin və uğurlu strateji planlaşdırmasının parlaq təzahürü oldu. Bu gün Kəlbəcər azad edilmiş torpaqlarımızda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinin mühüm mərkəzlərindən birinə çevrilir. Prezident İlham Əliyevin bölgəyə mütəmadi səfərləri zamanı yeni yaşayış komplekslərinin, kəndlərin, yolların, elektrik stansiyalarının, sosial və iqtisadi obyektlərin təməli qoyulur, açılışları həyata keçirilir. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun, Murovdağ tunelinin inşası, kiçik su elektrik stansiyalarının yenidən qurulması və yeni enerji obyektlərinin yaradılması bölgənin inkişafına mühüm töhfə verir. İstisu mineral su zavodunun fəaliyyətə başlaması, Müalicə-İstirahət Kompleksinin yaradılması Kəlbəcərin turizm və iqtisadi potensialının yenidən canlandırılması baxımından böyük əhəmiyyət daşıyır. Şəhərin 2040-cı ilədək inkişafını nəzərdə tutan Baş Plan isə müasir yaşayış məhəllələrinin, məktəblərin, xəstəxanaların, parkların və digər sosial infrastruktur obyektlərinin yaradılmasını əhatə edir. Doğma yurdlarına qayıdan ailələrin məskunlaşması Böyük Qayıdış prosesinin uğurla davam etdiyini göstərir. 25 noyabrın Kəlbəcər şəhəri günü kimi təsis edilməsi xalqımızın tarixi Zəfərinə verilən yüksək qiymətin ifadəsidir. Bu gün biz Kəlbəcərin azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə və qəhrəman Azərbaycan əsgərinə minnətdarlığımızı bildiririk. Kəlbəcər bu gün yalnız azad edilmiş bir şəhər deyil, həm də milli birliyimizin, dövlətimizin gücünün, xalqımızın sarsılmaz iradəsinin və yenilməz ruhunun təcəssümüdür. Əminliklə deyə bilərik ki, doğma sakinlərinin qayıdışı ilə Kəlbəcər yenidən canlanacaq, tarixi şöhrətini bərpa edəcək və Azərbaycanın ən gözəl inkişaf etmiş bölgələrindən birinə çevriləcək.

25 Noyabr – Kəlbəcər şəhəri günü mübarək olsun!

 

  1. Zərdabi adına Əlvənd kənd tam orta ümumtəhsil məktəbinin direktoru Elvin Xəlilov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki