2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi.
25 Noyabr – Kəlbəcər Şəhəri Günü xalqımızın yaddaşında tarixi Zəfərin, qəhrəmanlığın və milli qürurun təcəssümü kimi xüsusi yer tutur. Bu əlamətdar tarix Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canından keçən şəhidlərimizin müqəddəs xatirəsinə ehtiramın, qazilərimizin fədakarlığına verilən yüksək qiymətin ifadəsidir. Kəlbəcərin işğaldan azad olunması ilə nəticələnən tarixi Qələbə Azərbaycan dövlətinin gücünü, Ordumuzun döyüş qabiliyyətini və xalqımızın sarsılmaz birliyini bütün dünyaya nümayiş etdirdi.
Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərin mühüm nəticələrindən biri də qəhrəman hərbçilərimizin şücaətinin dövlət səviyyəsində yüksək qiymətləndirilməsi oldu. 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalının təsis edilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyırdı. Bu medal Kəlbəcərin azadlığı uğrunda döyüşmüş, hərbi tapşırıqların yerinə yetirilməsində igidlik və fədakarlıq göstərmiş hərbi qulluqçuların xidmətlərinə verilən ali dövlət qiymətinin rəmzlərindən birinə çevrildi.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9455 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Bu təltiflər sadəcə bir mükafat deyil, həm də Azərbaycan əsgərinin qəhrəmanlıq salnaməsinə verilən tarixi qiymətdir. Kəlbəcərin mürəkkəb dağlıq relyefində, çətin döyüş şəraitində nümayiş etdirilən igidlik, əzmkarlıq və Vətən sevgisi xalqımızın hərbi tarixində silinməz iz qoyub. Hər bir medalın arxasında döyüş yolu, fədakarlıq, qələbə əzmi və doğma torpağa bağlılıq dayanır. Bu şərəfli mübarizədə şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı və əsgərlərimizin qəhrəmanlığı ilə yazılan Zəfər tariximiz daim ehtiramla xatırlanacaq.
Bu gün Kəlbəcərdə aparılan genişmiqyaslı quruculuq işləri, yenidən salınan yollar, tikilən yaşayış məntəqələri və doğma yurda qayıdan insanların sevinci həmin Qələbənin davamıdır. Vaxtilə işğalın ağır nəticələri ilə üzləşmiş bu qədim diyar indi dirçəliş və inkişaf dövrünü yaşayır.
25 Noyabr – Kəlbəcər Şəhəri Günü bizə bir daha xatırladır ki, Vətən uğrunda göstərilən qəhrəmanlıq heç vaxt unudulmur. “Kəlbəcərin azad olunmasına görə” medalı isə bu qəhrəmanlığın dövlətçilik tariximizdə əbədi yaşayacaq rəmzlərindən biridir. Kəlbəcərin azadlığı uğrunda döyüşən hər bir Azərbaycan əsgərinin adı xalqımızın qəlbində daim yaşayacaqdır!
Rəqsanə Qurbanova – Zərdab Peşə liseyinin müəllimi























