Vətən müharibəsi və Kəlbəcərin azad olunmasının strateji əhəmiyyəti
25 Noyabr – Kəlbəcər Şəhəri Günü xalqımızın tarixinə Zəfər, qürur və milli iradənin təntənəsi kimi həkk olunmuş əlamətdar gündür. Bu tarix yalnız qədim yurdumuzun işğaldan azad edilməsini deyil, həm də Azərbaycanın hərbi-siyasi qüdrətinin, dövlətçilik əzminin və ərazi bütövlüyü uğrunda mübarizəsinin parlaq təcəssümünü ifadə edir.
Vətən müharibəsi Azərbaycanın çoxəsrlik tarixində yeni bir mərhələ açdı. Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu döyüş meydanında misilsiz qəhrəmanlıq göstərərək düşmənin müdafiə xətlərini darmadağın etdi, strateji əhəmiyyətli mövqeləri ələ keçirdi və tarixi torpaqlarımızın azadlığına gedən yolu müəyyənləşdirdi. Bu mübarizədə Kəlbəcər istiqaməti xüsusi hərbi-strateji əhəmiyyət daşıyırdı. Mürəkkəb dağlıq relyefi, yüksəklikləri və mühüm kommunikasiya xətləri ilə seçilən rayonun coğrafi mövqeyi hərbi əməliyyatların ümumi gedişinə ciddi təsir göstərirdi.
Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Vətən müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir. Biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər. Bəzi istiqamətlərdə strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkətlərini demək olar ki, iflic vəziyyətə salmışdıq”.
Bu fikirlər Kəlbəcər istiqamətində aparılan hərbi əməliyyatların ümumi Qələbə strategiyasında oynadığı mühüm rolu aydın şəkildə ifadə edir. Strateji yüksəkliklərin nəzarətə götürülməsi düşmənin hərəkət imkanlarını məhdudlaşdırmaqla yanaşı, onun hərbi təminat və müdafiə sisteminə ciddi zərbə vurdu. Kəlbəcərin coğrafi mövqeyi və hərbi əhəmiyyəti bir daha sübut etdi ki, Vətən müharibəsində qazanılan Zəfər dəqiq hesablanmış hərbi strategiyanın, güclü siyasi iradənin və xalq-ordu birliyinin məntiqi nəticəsi idi.
25 noyabr 2020-ci ildə Kəlbəcərin Azərbaycana qaytarılması tarixi ədalətin bərpası, beynəlxalq hüququn və milli suverenliyimizin təntənəsi oldu. Bu gün Kəlbəcər yalnız azad edilmiş torpaq deyil, həm də Böyük Qayıdışın, quruculuğun və gələcəyə inamın rəmzidir. Dövlətimizin həyata keçirdiyi genişmiqyaslı bərpa və yenidənqurma işləri, müasir infrastruktur layihələri, doğma yurda qayıdan sakinlərin sevinci Kəlbəcərin yeni inkişaf salnaməsini formalaşdırır.
Kəlbəcər Şəhəri Günü bizə bir daha xatırladır ki, torpaq yalnız sərhədlərlə deyil, onun uğrunda canından keçən şəhidlərin müqəddəs xatirəsi, xalqın yaddaşı və milli kimliyi ilə Vətən olur. Kəlbəcərin azadlığı Azərbaycanın yenilməz iradəsinin və müstəqil dövlətçilik tarixinin şanlı səhifəsidir. Bu Zəfər əbədi yaşayacaq!
Rüxsarə Eminova – Zərdab rayonu Körpükənd kənd tam orta ümumtəhsil məktəbinin direktoru























