Siyasətin, hərbi gücün, strateji və taktiki planlamanin uğurlu nəticəsi
Azərbaycanın müasir tarixində 2020-ci ildə qazanılmış Vətən müharibəsi Zəfəri dövlətçilik tariximizin ən parlaq səhifələrindən biridir. Bu qələbə yalnız döyüş meydanında əldə edilmiş hərbi uğur deyil, eyni zamanda uzun illər ərzində həyata keçirilən məqsədyönlü siyasətin, güclü dövlət quruculuğunun, hərbi potensialın artırılmasının, strateji düşüncənin və düzgün taktiki planlaşdırmanın məntiqi nəticəsidir.
Müstəqilliyinin ilk illərindən etibarən Azərbaycan Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunmuş torpaqlarının azad edilməsini dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirmişdi. Bu məqsədə nail olmaq üçün ölkəmiz beynəlxalq münasibətlər sistemində mövqelərini möhkəmləndirir, iqtisadi gücünü artırır, müdafiə qabiliyyətini yüksəldir və milli ordusunu müasir tələblərə uyğun inkişaf etdirirdi.
Hər bir dövlətin uğuru, ilk növbədə, düzgün müəyyənləşdirilmiş siyasi məqsədlərdən və həmin məqsədlərə çatmaq üçün ardıcıl həyata keçirilən strategiyadan asılıdır. Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfərin əsasını təşkil edən amillərdən biri də məhz güclü siyasi iradə və qətiyyətli dövlət rəhbərliyi idi. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik xətti Azərbaycanın müstəqilliyinin qorunması, iqtisadi inkişafının təmin edilməsi və milli maraqlarının müdafiəsi baxımından mühüm əhəmiyyət daşıyırdı. Onun siyasi kursunun davam etdirilməsi nəticəsində Azərbaycan regional və beynəlxalq səviyyədə mövqelərini gücləndirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən iqtisadi, siyasi və hərbi islahatlar dövlətin müdafiə potensialının yüksəlməsinə geniş imkanlar yaratdı. Xüsusilə enerji strategiyasının uğurlu həyata keçirilməsi, beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi və iqtisadi müstəqilliyin möhkəmləndirilməsi Azərbaycanın milli təhlükəsizlik sisteminin güclənməsinə xidmət etdi. Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyi, ərazi bütövlüyünün bərpası istiqamətində apardığı diplomatik fəaliyyət və münaqişənin sülh yolu ilə həlli üçün göstərdiyi səylər ölkəmizin haqlı mövqeyini beynəlxalq ictimaiyyətə çatdırdı. Bununla yanaşı, dövlət rəhbərliyinin siyasi qətiyyəti hərbi əməliyyatların aparılması zamanı vahid məqsəd və fəaliyyət istiqamətinin qorunmasını təmin etdi. Siyasi məqsədlərin reallaşdırılması üçün güclü iqtisadiyyatla yanaşı, müasir və peşəkar orduya malik olmaq da mühüm şərtdir. Azərbaycan müstəqillik dövründə bu istiqamətdə ardıcıl addımlar atdı. Ordunun maddi-texniki bazası yeniləndi, müasir silah və hərbi texnika alındı, şəxsi heyətin döyüş hazırlığı yüksəldildi. Azərbaycan Ordusunun inkişafında beynəlxalq hərbi əməkdaşlıq, təlimlər, peşəkar kadr hazırlığı və müasir texnologiyaların tətbiqi mühüm rol oynadı. Xüsusilə pilotsuz uçuş aparatlarından, dəqiq zərbə sistemlərindən, elektron mübarizə vasitələrindən və müasir kəşfiyyat imkanlarından istifadə müharibənin gedişinə ciddi təsir göstərdi. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan Ordusunun illər ərzində formalaşdırılmış döyüş qabiliyyətini nümayiş etdirdi. 44 gün davam edən müharibə zamanı hərbçilərimiz yüksək peşəkarlıq, əzmkarlıq və qəhrəmanlıq göstərərək düşmənin müdafiə xətlərini yarıb mühüm strateji əraziləri azad etdilər. Noyabrın 8-də Şuşanın azad edilməsi hərbi əməliyyatların ən mühüm mərhələlərindən biri oldu. Şuşa əməliyyatı Azərbaycan əsgərinin cəsarətinin, döyüş ruhunun və mürəkkəb şəraitdə tapşırıqları yerinə yetirmək bacarığının parlaq nümunəsinə çevrildi. Müharibədə qələbə yalnız silahların çoxluğu ilə müəyyən edilmir. Uğurun əsas şərtlərindən biri qüvvələrin düzgün idarə olunması, əməliyyatların əvvəlcədən düşünülmüş plan əsasında həyata keçirilməsi və döyüş şəraitinə uyğun çevik qərarların qəbul edilməsidir. Strateji planlaşdırma müharibənin ümumi məqsədlərini, əsas istiqamətlərini və gözlənilən nəticələrini müəyyənləşdirir. Taktiki planlaşdırma isə konkret döyüş tapşırıqlarının yerinə yetirilməsinə, qüvvə və vasitələrdən səmərəli istifadəyə, yaranan vəziyyətə uyğun qərarların qəbul edilməsinə xidmət edir. Vətən müharibəsi zamanı Azərbaycan Ordusu bu iki istiqamətin vəhdətini nümayiş etdirdi. Döyüş əməliyyatlarının müxtəlif istiqamətlərdə aparılması, kəşfiyyat məlumatlarının təhlili, müasir texnologiyalardan istifadə və əməliyyatların şəraitə uyğun dəyişdirilməsi hərbi uğurların əldə edilməsində mühüm rol oynadı. Xüsusilə Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa istiqamətlərində əldə edilən nəticələr əməliyyatların ardıcıllığını və hərbi planlaşdırmanın əhəmiyyətini göstərdi. Şuşanın mürəkkəb dağlıq relyefdə xüsusi hazırlıq tələb edən əməliyyat nəticəsində azad edilməsi isə Azərbaycan hərb tarixində özünəməxsus yer tutdu. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Sənədə əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması təmin edildi. Beləliklə, hərbi meydanda qazanılmış uğurlar siyasi nəticələrlə tamamlandı. Vətən müharibəsində əldə olunan uğurun mühüm amillərindən biri də Azərbaycan xalqının milli birliyi idi. Müharibə dövründə cəmiyyətin bütün təbəqələri vahid məqsəd ətrafında birləşdi. Cəbhədə döyüşən əsgər və zabitlərimizin arxasında milyonlarla insanın mənəvi dəstəyi dayanırdı.Şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin fədakarlığı, hərbi qulluqçularımızın döyüş əzmi və xalqımızın Vətən sevgisi qələbənin mənəvi əsaslarını təşkil etdi. Bu birlik bir daha göstərdi ki, dövlətin gücü yalnız iqtisadi və hərbi imkanlarla deyil, həm də xalqın həmrəyliyi və milli ruhu ilə ölçülür. 2020-ci ildə əldə edilmiş tarixi Zəfər Azərbaycanın siyasi iradəsinin, güclü dövlət quruculuğunun, müasir ordu potensialının, düzgün strateji yanaşmanın və çevik taktiki planlaşdırmanın uğurlu nəticəsi kimi qiymətləndirilməlidir. Bu qələbə sübut etdi ki, milli maraqlara əsaslanan ardıcıl siyasət, iqtisadi müstəqillik, güclü hərbi potensial və xalq-dövlət birliyi böyük tarixi məqsədlərin həyata keçirilməsində həlledici rol oynayır. Vətən müharibəsi Azərbaycan xalqının yaddaşında yalnız hərbi qələbə kimi deyil, həm də milli iradənin, dövlətçilik əzminin və tarixi ədalətin təntənəsi kimi yaşayacaq. Bu Zəfər gələcək nəsillərə dövlətə sədaqət, Vətənə bağlılıq və milli birliyin əhəmiyyətini aşılayan əbədi tarixi dərsdir.
Zərdab rayon Nizami Gəncəvi adına Şəftəhal kənd tam orta ümumtəhsil məktəbin müəllimi Kərimova Ülviyyə Mayis qızı























