image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-w_1517051808132084957944_1200x630

Vətən müharibəsi və Kəlbəcərin azad olunmasinin strateji əhəmiyyəti

image-legitimaz-810x90

Vətən müharibəsi və Kəlbəcərin azad olunmasinin strateji əhəmiyyəti

 

Azərbaycan xalqının çoxəsrlik tarixində Vətənə bağlılıq, torpaq uğrunda mübarizə və milli dövlətçilik ideyası həmişə mühüm yer tutmuşdur. XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü nəticəsində torpaqlarımızın bir hissəsi işğal edilmiş, yüz minlərlə soydaşımız doğma yurdlarından didərgin düşmüşdür. Bu hadisələr Azərbaycan xalqının yaddaşında dərin iz buraxmış, ərazi bütövlüyünün bərpasını dövlətimizin qarşısında duran əsas vəzifələrdən birinə çevirmişdir. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcı oldu. 44 gün davam edən müharibə xalqımızın birliyini, Azərbaycan Ordusunun gücünü, hərbi hazırlığını və Vətən sevgisini bütün dünyaya nümayiş etdirdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızın böyük hissəsini işğaldan azad etdi. Müharibənin hərbi-siyasi nəticələri nəticəsində Ağdam, Kəlbəcər və Laçın rayonlarının da Azərbaycana qaytarılması təmin olundu. Bu qələbələr sırasında Kəlbəcərin azad edilməsi xüsusi əhəmiyyət daşıyır. Çünki Kəlbəcər yalnız təbii sərvətləri və gözəl mənzərələri ilə deyil, həm də coğrafi mövqeyi, hərbi-strateji imkanları və Azərbaycanın təhlükəsizliyi baxımından mühüm əhəmiyyətə malik olan bir bölgədir. Kəlbəcər Azərbaycanın qədim yaşayış məskənlərindən biridir. Kiçik Qafqazın yüksək dağlıq ərazisində yerləşən rayon zəngin təbiəti, meşələri, mineral suları, çayları və faydalı qazıntıları ilə seçilir. Rayonun ərazisində tarixi-memarlıq abidələri, qədim yaşayış yerləri, alban dövrünə aid dini-mədəni irs nümunələri mövcuddur. 1993-cü il aprelin 2-də Kəlbəcər Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Bu işğal nəticəsində rayonun dinc əhalisi öz doğma torpaqlarını tərk etməyə məcbur oldu. Minlərlə insan ev-eşiyindən, əmlakından və əsrlər boyu formalaşmış həyat tərzindən məhrum edildi. Kəlbəcərin işğalı yalnız ərazi itkisi deyil, həm də Azərbaycanın tarixi-mədəni irsinə, iqtisadiyyatına və milli təhlükəsizliyinə ağır zərbə idi. Kəlbəcərin işğalı beynəlxalq hüququn norma və prinsiplərinə zidd idi. BMT Təhlükəsizlik Şurasının 1993-cü il 30 aprel tarixli 822 saylı qətnaməsində Kəlbəcər rayonu və Azərbaycanın digər işğal olunmuş ərazilərindən işğalçı qüvvələrin çıxarılması tələb olunurdu. Lakin uzun illər ərzində bu qətnamənin icrası təmin edilmədi. İşğal dövründə rayonun yaşayış məntəqələrinə, tarixi abidələrinə, təbii sərvətlərinə və infrastrukturuna ciddi ziyan vuruldu. Kəlbəcərin maddi-mədəni irsinin qorunması və gələcək nəsillərə çatdırılması baxımından bu itkilər xüsusi təəssüf doğurur. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı. Beləliklə, xalqımızın 30 ilə yaxın davam edən işğala son qoymaq arzusu real nəticələrini verməyə başladı. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu yüksək peşəkarlıq, müasir hərbi texnologiyalardan istifadə və döyüş ruhu nümayiş etdirdi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut və digər ərazilərin azad edilməsi düşmənin müdafiə sistemini sarsıtdı. Noyabrın 8-də Şuşanın azad edilməsi isə müharibənin gedişində həlledici mərhələ oldu. Vətən müharibəsinin əsas nəticələrindən biri Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün bərpası istiqamətində mühüm irəliləyişin əldə edilməsi idi. Azərbaycan Ordusunun döyüş meydanında qazandığı uğurlar siyasi və diplomatik müstəvidə də ölkəmizin mövqelərini gücləndirdi. 2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən üçtərəfli Bəyanat imzalandı. Bəyanata əsasən, hərbi əməliyyatlar dayandırıldı, həmçinin Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması müəyyən edildi. Bu sənədin nəticəsi olaraq noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonu Azərbaycana təhvil verildi.  Kəlbəcərin azad olunması Azərbaycanın hərbi, siyasi, iqtisadi və geostrateji maraqları baxımından mühüm tarixi hadisədir. Rayonun strateji əhəmiyyətini bir neçə istiqamətdə qiymətləndirmək mümkündür. Kəlbəcər dağlıq relyefə və yüksəkliklərə malik ərazidə yerləşir. Onun coğrafi mövqeyi Qarabağ bölgəsinin təhlükəsizliyi və ətraf ərazilərə nəzarət baxımından mühüm rol oynayır. Rayonun azad edilməsi Azərbaycanın qərb istiqamətində müdafiə imkanlarını gücləndirdi, dövlət sərhədlərinin təhlükəsizliyinin təmin olunması üçün yeni imkanlar yaratdı. Kəlbəcərin yüksək dağlıq mövqeyi hərbi baxımdan müşahidə, müdafiə və əraziyə nəzarət imkanları baxımından xüsusi əhəmiyyət daşıyır. Bu əraziyə nəzarətin bərpası Azərbaycanın regional təhlükəsizlik sistemində mövqelərini möhkəmləndirdi. Kəlbəcərin 2020-ci il noyabrın 25-də Azərbaycana qaytarılması Vətən müharibəsində qazanılmış hərbi qələbənin siyasi nəticələrindən biri idi. Rayonun birbaşa genişmiqyaslı döyüş əməliyyatı aparılmadan, 10 noyabr Bəyanatının şərtlərinə uyğun şəkildə Azərbaycana təhvil verilməsi ölkəmizin hərbi və diplomatik imkanlarının vəhdətini nümayiş etdirdi. Bu hadisə Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ərazi bütövlüyü prinsipinin həyata keçirilməsi baxımından da mühüm əhəmiyyət daşıyırdı. Uzun illər icra edilməyən BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin tələblərinin reallaşması istiqamətində konkret nəticə əldə edildi.

 

Veteran müəllim Vəfadar Niftəliyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki