Üçtərəfli Bəyanatın şərtlərinə əsasən ermənilərin Kəlbəcəri boşaltması zamanı işğalçının eybəcər siması bir daha ortaya çıxdı.
25 Noyabr – Kəlbəcər Şəhəri Günü Azərbaycan xalqının tarixi yaddaşına ədalətin bərpası, milli iradənin təntənəsi və tarixi Zəfərimizin növbəti səhifəsi kimi həkk olunub. Otuz ilə yaxın işğal altında saxlanılan Kəlbəcərin azad edilməsi Azərbaycanın hərbi-siyasi qüdrətinin, xalqımızın sarsılmaz əzminin və beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyinin parlaq nəticəsi idi.
44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı möhtəşəm Qələbə Ermənistanı 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatı imzalamağa məcbur etdi. Bəyanatın şərtlərinə əsasən, Kəlbəcər rayonu 25 noyabr 2020-ci il tarixində Azərbaycana qaytarıldı. Lakin erməni işğalçı qüvvələrinin və onların qanunsuz məskunlaşdırma siyasətinin nəticəsi olaraq rayonu tərk edən bəzi sakinlərin davranışları işğalçılığın yalnız torpaqların zəbt edilməsi ilə məhdudlaşmadığını, həm də mənəvi və ekoloji fəlakətə səbəb olduğunu bir daha göstərdi.
Kəlbəcəri boşaldan qeyri-qanuni sakinlər rüsvayçı hərəkətləri və barbar davranışları ilə yadda qaldılar. Azərbaycanlılara qalmaması üçün evlərə, bağlara od vuranlar öz vəhşi xislətlərini nümayiş etdilər. Beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verən bu vəhşiliklər bir daha erməni vandalizmini dünya birliyinə nümayiş etdirdi. İşğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır.
Bu hadisələr bir daha təsdiqlədi ki, Ermənistanın uzun illər davam edən işğalçılıq siyasəti təkcə Azərbaycanın ərazi bütövlüyünə deyil, həm də bölgənin tarixi-mədəni irsinə, təbii sərvətlərinə və ekoloji tarazlığına ağır zərbə vurub. Dağıdılmış yaşayış məntəqələri, talan edilmiş evlər, məhv edilmiş meşələr və yararsız vəziyyətə salınmış infrastruktur işğal dövrünün acı mənzərəsini əks etdirən tarixi sübutlardır.
Bu gün isə Kəlbəcərdə tamamilə fərqli mənzərə hökm sürür. Azərbaycan dövləti azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirir. Yeni yollar, müasir infrastruktur, yaşayış məntəqələri və sosial obyektlər doğma yurda həyat qaytarır. Böyük Qayıdış proqramı çərçivəsində kəlbəcərlilərin öz doğma torpaqlarına qayıdışı tarixi ədalətin real təcəssümünə çevrilir.
25 Noyabr – Kəlbəcər Şəhəri Günü yalnız bir şəhərin azadlıq tarixini deyil, xalqımızın sarsılmaz iradəsini, dövlətimizin qüdrətini və Vətənə bağlılığını ifadə edir. Bir zamanlar viran qoyulmuş Kəlbəcər bu gün dirçəliş və tərəqqi yolundadır. Bu torpaqda həyat yenidən canlanır, Azərbaycan bayrağı əbədi dalğalanır!
Marusa Qasımova – Zərdab rayonu Körpükənd kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru























