Vətən müharibəsi və Kəlbəcərin azad olunmasının strateji əhəmiyyəti
Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğal edilmiş, uzun illər işğal altında saxlanılmışdır. İşğal nəticəsində rayonun dinc əhalisi doğma yurdlarından məcburi köçkün düşmüş, yaşayış məntəqələri, sosial-iqtisadi infrastruktur və tarixi-mədəni abidələr ciddi dağıntılara məruz qalmışdır. Kəlbəcərin işğalı Azərbaycanın qərb istiqamətində mühüm strateji ərazisinin itirilməsi ilə yanaşı, bölgənin təhlükəsizlik və müdafiə sisteminə də ciddi təsir göstərmişdir.
Uzun sürən işğalın ardından 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm tarixi mərhələ olmuşdur. Müharibənin ilk günlərindən etibarən Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində işğal altında olan ərazilərin azad edilməsi istiqamətində ciddi nailiyyətlər əldə edilmişdir. Kəlbəcər də yerləşdiyi coğrafi mövqeyə və hərbi-strateji əhəmiyyətinə görə bu prosesdə xüsusi yer tutmuşdur. Vətən müharibəsinin ilk günlərində döyüş əməliyyatları zamanı Kəlbəcərin şimal hissəsindəki strateji yüksəkliklər Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir. Bu yüksəkliklərin ələ keçirilməsi Ermənistan silahlı qüvvələrinin həmin istiqamətdə hərəkət imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırmış, Basarkeçər–Kəlbəcər yolundan istifadəyə mane olmuşdur.
Kəlbəcərin şimal hissəsində əldə edilmiş hərbi-strateji üstünlük bölgədə qüvvələr nisbətinə təsir göstərmiş, Ermənistan silahlı qüvvələrinin mövqelərinin və təchizat imkanlarının məhdudlaşdırılmasında mühüm rol oynamışdır. Dağlıq relyefə malik ərazilərdə strateji yüksəkliklərə nəzarət hərbi təhlükəsizliyin təmin edilməsi, ərazinin müşahidəsi və müdafiə mövqelərinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli Bəyanata əsasən, Kəlbəcər rayonunun Azərbaycana qaytarılması nəzərdə tutulmuşdur, beləliklə rayonun 27 ildən artıq davam edən işğalına son qoyulmuşdur.
Kəlbəcərin azad olunmasının strateji əhəmiyyəti ilk növbədə onun coğrafi mövqeyi ilə bağlıdır. Rayon Azərbaycanın qərb sərhədləri boyunca yerləşən, Ermənistanla həmsərhəd olan və dağlıq relyefi sayəsində mühüm müdafiə mövqelərinə malik ərazidir. Onun Azərbaycanın nəzarətinə qaytarılması qərb istiqamətində sərhəd təhlükəsizliyinin və müdafiə imkanlarının möhkəmləndirilməsi baxımından əhəmiyyətli olmuşdur. Rayonun azad edilməsi nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, sərhəd təhlükəsizliyinin təmin olunması və bölgənin iqtisadi potensialından istifadə imkanlarının genişləndirilməsi üçün yeni şərait yaratmışdır. Kəlbəcərin Laçın, Goranboy, Göygöl və digər ərazilərlə coğrafi əlaqələri onun regional nəqliyyat və iqtisadi sistemdəki rolunu artırır.
Kəlbəcərin strateji əhəmiyyəti onun zəngin təbii sərvətləri ilə də əlaqədardır. Mineral su ehtiyatları, faydalı qazıntılar, meşələr, su resursları və geniş yaylaq sahələri rayonun iqtisadi inkişaf imkanlarını müəyyənləşdirir. Ərazinin Azərbaycanın nəzarətinə qaytarılması bu sərvətlərin milli iqtisadiyyatın inkişafı naminə qiymətləndirilməsi və səmərəli istifadəsi üçün imkanlar açmışdır. Kəlbəcərin 2020-ci il noyabrın 25-də Azərbaycana qaytarılması Vətən müharibəsindən sonra ölkənin ərazi bütövlüyünün təmin olunması prosesində mühüm mərhələ təşkil etmişdir. Rayonun azad edilməsi hərbi-strateji, geosiyasi, iqtisadi və humanitar baxımdan əhəmiyyətli nəticələr yaratmaqla Azərbaycanın qərb bölgəsində təhlükəsizlik, quruculuq və inkişaf üçün yeni imkanlar formalaşdırmışdır.
Zülfiyyə Əhmədova- Zərdab şəhər 3 saylı tam orta ümumtəhsil məktəbinin direktoru
























