image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-1

Kəlbəcərin azadlığı – siyasətin, hərbi gücün və düzgün strategiyanın uğurlu nəticəsi

image-legitimaz-810x90

Kəlbəcərin azadlığı – siyasətin, hərbi gücün və düzgün strategiyanın uğurlu nəticəsi

Tarix göstərir ki, böyük qələbələr yalnız güclü ordu ilə deyil, düzgün siyasi qərarlar, uzaqgörən strategiya və məqsədyönlü planlaşdırma nəticəsində əldə olunur. Azərbaycanın 2020-ci ildə qazandığı tarixi Zəfər bunun ən parlaq nümunələrindən biridir. Kəlbəcərin işğaldan azad olunması isə həmin qələbənin siyasi, hərbi və strateji baxımdan mühüm nəticələrindən biri kimi tarixə düşüb.

Kəlbəcər Azərbaycanın coğrafi mövqeyinə, təbii sərvətlərinə və hərbi-strateji əhəmiyyətinə görə xüsusi yer tutan rayonlarından biridir. 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən bu rayonun itirilməsi ölkəmiz üçün ağır nəticələr yaratmışdı. Kəlbəcərin işğalı ilə Ermənistanla keçmiş Dağlıq Qarabağ arasında əlavə coğrafi əlaqələr yaranmış, düşmənin bölgədəki mövqeləri möhkəmlənmişdi. Buna görə də Kəlbəcərin geri qaytarılması Azərbaycanın təhlükəsizliyi və ərazi bütövlüyünün bərpası baxımından mühüm məsələ idi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycanın iqtisadi imkanları genişləndi, ordunun maddi-texniki təminatı yaxşılaşdırıldı, müasir silah və texnologiyalar əldə edildi. Ən əsası, Azərbaycan Ordusu müasir döyüş şəraitinə uyğun hazırlanaraq yüksək döyüş qabiliyyətinə malik güclü hərbi qüvvəyə çevrildi. Bütün bu hazırlıqlar Vətən müharibəsində öz real nəticəsini göstərdi. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın uzun illər apardığı siyasi və hərbi hazırlığın həlledici mərhələsi oldu. Azərbaycan Ordusu döyüş meydanında böyük qəhrəmanlıq göstərərək düşmənin müdafiə sistemini yarıb keçdi, mühüm yüksəklikləri və yaşayış məntəqələrini azad etdi. Əməliyyatların uğurunda hərbi qüvvələrin düzgün istiqamətləndirilməsi, ərazinin xüsusiyyətlərinin nəzərə alınması və çevik qərarların qəbul edilməsi mühüm rol oynadı. 44 gün davam edən müharibədə əldə olunan qələbə yalnız döyüş meydanında qazanılmış uğur deyildi. Bu, illərlə aparılan siyasi fəaliyyətin, ordu quruculuğunun, iqtisadi inkişafın və düzgün strateji planlaşdırmanın bir nəticəsi idi. Azərbaycan həm hərbi gücünü, həm də müstəqil qərar qəbul etmək imkanlarını nümayiş etdirdi. Kəlbəcərin azad olunması isə bu prosesin özünəməxsus xüsusiyyətləri ilə seçildi. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunu tərk etməli idi. Nəticədə 25 noyabr 2020-ci ildə Kəlbəcər birbaşa hərbi əməliyyat aparılmadan Azərbaycanın nəzarətinə qaytarıldı. Bu nəticə Vətən müharibəsində əldə olunan hərbi üstünlüyün siyasi razılaşmada da öz əksini tapdığını göstərirdi.

Kəlbəcərin geri qaytarılmasında hərbi gücün siyasi nəticəyə çevrilməsi xüsusi diqqətə layiqdir. Azərbaycan Ordusunun döyüş meydanında qazandığı uğurlar danışıqlar prosesində ölkəmizin mövqeyini əhəmiyyətli dərəcədə gücləndirdi. Beləliklə, hərbi əməliyyatların nəticəsi diplomatik müstəvidə də öz bəhrəsini verdi. Bu, müasir tariximizdə düzgün siyasi və hərbi strategiyanın uğurlu nümunələrindən biri oldu. Kəlbəcərin azad edilməsi Azərbaycanın təhlükəsizlik imkanlarını da genişləndirdi. Rayonun strateji yüksəklikləri, dağlıq relyefi və sərhəd mövqeyi ölkənin müdafiə sistemində mühüm əhəmiyyət daşıyır. Bu əraziyə nəzarətin bərpası bölgədə yeni təhlükəsizlik reallıqlarının yaranmasına və Azərbaycanın mövqelərinin möhkəmlənməsinə şərait yaratdı.

Bu gün Kəlbəcərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri, yeni yolların, yaşayış komplekslərinin və enerji obyektlərinin inşası dövlətimizin uzunmüddətli inkişaf planının tərkib hissəsidir. 2025-ci ilin avqustundan etibarən Kəlbəcər şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışına başlanması isə bu prosesin ən sevindirici mərhələlərindən biridir.

 

Zərdab rayon Salahlı kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru-Rəşad İsmayılov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki