BMT Təhlükəsizlik Şurasının 822 saylı Qətnaməsi – Kəlbəcərin işğalına beynəlxalq hüquqi münasibət
Kəlbəcərin 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş hərbi təcavüzün ağır nəticələrindən biri olmaqla yanaşı, regionda sülh və təhlükəsizliyə ciddi təhdid yaratmışdır. İşğal nəticəsində minlərlə insan doğma yurd-yuvasından didərgin düşmüş, mülki əhali ağır humanitar problemlərlə üzləşmiş, rayonun sosial-iqtisadi infrastrukturu və tarixi-mədəni irsi böyük dağıntılara məruz qalmışdır. Baş verən hadisələr beynəlxalq ictimaiyyətin də diqqətini cəlb etmiş və BMT Təhlükəsizlik Şurasının müvafiq qərar qəbul etməsini zəruri etmişdir.1993-cü il aprelin 30-da BMT Təhlükəsizlik Şurasının 3205-ci iclasında 822 saylı Qətnamə qəbul edilmişdir. Sənəd Azərbaycanın Kəlbəcər rayonuna hücumu, hərbi əməliyyatların genişlənməsi, mülki əhalinin məcburi köçkün vəziyyətinə düşməsi və regionda yaranmış humanitar böhranla bağlı ciddi narahatlığı əks etdirirdi. Qətnamə Təhlükəsizlik Şurasının bütün 15 üzvünün lehinə səs verməsi ilə yekdilliklə qəbul olunmuşdur.822 saylı Qətnamənin ən mühüm müddəalarından biri bütün hərbi əməliyyatların və düşmənçilik aktlarının dərhal dayandırılması, davamlı atəşkəsin təmin edilməsi, eləcə də bütün işğalçı qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın digər bu yaxınlarda işğal olunmuş ərazilərindən dərhal çıxarılması tələbi idi. Bununla yanaşı, sənəddə münaqişənin sülh yolu ilə həlli üçün danışıqların bərpası, beynəlxalq humanitar yardımın maneəsiz çatdırılması və mülki əhalinin beynəlxalq humanitar hüquq normaları çərçivəsində müdafiəsi məsələləri də öz əksini tapmışdı.Qətnamənin qəbul edilməsi Azərbaycanın ərazi bütövlüyünün və beynəlxalq sərhədlərinin toxunulmazlığının BMT Təhlükəsizlik Şurası səviyyəsində bir daha təsdiqlənməsi baxımından mühüm əhəmiyyət daşıyırdı. Sənəddə ərazilərin güc yolu ilə əldə edilməsinin yolverilməzliyi prinsipi xüsusi vurğulanırdı. Bu, beynəlxalq hüququn əsas prinsiplərindən biri olan dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət öhdəliyinin ifadəsi idi.Lakin qətnamənin qəbul edilməsinə baxmayaraq, onun əsas tələbləri uzun müddət yerinə yetirilmədi. Kəlbəcər işğal altında qaldı, rayonun sakinləri doğma torpaqlarına qayıda bilmədilər. BMT Təhlükəsizlik Şurasının 822 saylı Qətnaməsi ilə müəyyən edilmiş tələblərin icra olunmaması beynəlxalq hüquqi sənədlərin praktik həyata keçirilməsi və beynəlxalq ictimaiyyətin məsuliyyəti ilə bağlı ciddi suallar doğurdu.
Sonrakı aylarda BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı daha üç qətnamə – 853, 874 və 884 saylı sənədləri də qəbul etdi. Bu qətnamələrdə də hərbi əməliyyatların dayandırılması, işğal olunmuş ərazilərdən qüvvələrin çıxarılması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi və münaqişənin sülh yolu ilə həlli məsələləri ön plana çəkilirdi. Beləliklə, 1993-cü ildə qəbul edilmiş dörd qətnamə Azərbaycanın ərazi bütövlüyü məsələsinin beynəlxalq gündəlikdə mühüm yer tutduğunu nümayiş etdirirdi.Bununla belə, uzun illər ərzində həmin sənədlərin icrası üçün gözlənilən nəticələrin əldə olunmaması işğalın davam etməsinə, humanitar problemlərin dərinləşməsinə və yüz minlərlə azərbaycanlının doğma yurdlarından ayrı düşməsinə səbəb olan amillərdən biri kimi qiymətləndirilir.
2020-ci ildə Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində tarixi mərhələ başlandı. 25 noyabr 2020-ci ildə Kəlbəcər rayonu Azərbaycana qaytarıldı. Bununla da 1993-cü ildə işğal edilmiş rayonun 27 ildən artıq davam edən işğalına son qoyuldu. Kəlbəcərin azad edilməsi həm də 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrdə əksini tapmış ərazi bütövlüyü və suverenlik prinsiplərinin reallaşması baxımından mühüm tarixi hadisə oldu.Bu gün 822 saylı Qətnamə Kəlbəcərin yaxın tarixinin mühüm hüquqi-siyasi sənədlərindən biri kimi əhəmiyyətini qoruyur. Onun qəbul edilməsi beynəlxalq ictimaiyyətin işğal faktına münasibətini, sənəddə əks olunan tələblər isə dövlətlərin suverenliyi və ərazi bütövlüyünün beynəlxalq hüququn əsas prinsipləri olduğunu bir daha xatırladır.Kəlbəcərin tarixi göstərir ki, beynəlxalq hüquqi sənədlərin qəbul edilməsi ilə yanaşı, onların icrasının təmin olunması da davamlı sülh və təhlükəsizlik üçün mühüm şərtdir. Bu gün azad Kəlbəcərdə aparılan bərpa və quruculuq işləri, doğma yurdlarına qayıdan sakinlərin məskunlaşması və bölgənin yenidən dirçəldilməsi rayonun tarixində yeni mərhələnin başlanğıcıdır.
ZərabŞəhər 1-nömrəli məktəb liseyin direktoru-Vüsalə Kərimova
























