image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-8ox9tieekxvckkmnu2jppyyh46d0y5ualgtuqcop_1200

Azərbaycan–Vyetnam münasibətlərində humanitar, elm və təhsil əməkdaşlığının əhəmiyyəti

image-legitimaz-810x90

Azərbaycan–Vyetnam münasibətlərində humanitar, elm və təhsil əməkdaşlığının əhəmiyyəti

Xeyriyyəçiliklə yanaşı, elm və təhsil əməkdaşlığı da dinamik şəkildə inkişaf edir. Azərbaycan ilə Vyetnam arasında formalaşmış dostluq və tərəfdaşlıq münasibətləri yalnız siyasi, iqtisadi və diplomatik sahələrlə məhdudlaşmır. Humanitar əlaqələr, xeyriyyəçilik, elm və təhsil sahələrində əməkdaşlıq da iki ölkə arasında qarşılıqlı etimadın möhkəmləndirilməsində, xalqların bir-birinə daha da yaxınlaşmasında mühüm rol oynayır. Bu istiqamətlər üzrə həyata keçirilən təşəbbüslər Azərbaycan–Vyetnam münasibətlərinə xüsusi məzmun qazandırır və strateji tərəfdaşlığın ictimai əsaslarını gücləndirir.

Müasir dövrdə dövlətlərarası münasibətlərin davamlı inkişafı yalnız siyasi iradə və iqtisadi maraqlarla deyil, həm də xalqlar arasında humanitar əlaqələrin genişlənməsi ilə şərtlənir. Bu baxımdan, Azərbaycanın Vyetnamla elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa verdiyi önəm xüsusi qeyd edilməlidir. Hər iki ölkənin aparıcı ali təhsil müəssisələri arasında imzalanmış tərəfdaşlıq müqavilələri və memorandumlar akademik əlaqələrin institusional əsaslarını möhkəmləndirir, müəllim və tələbə mübadiləsi, birgə elmi tədqiqatlar və təcrübə paylaşımı üçün yeni imkanlar yaradır.

Azərbaycanın beynəlxalq təhsil əməkdaşlığı sahəsində həyata keçirdiyi təşəbbüslər Vyetnam vətəndaşları üçün də geniş perspektivlər açır. Xüsusilə, Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün dövlət başçısının müvafiq sərəncamına uyğun olaraq yaradılmış təhsil qrant proqramları bu istiqamətdə mühüm əhəmiyyət daşıyır. Həmin proqramlar müxtəlif ölkələrdən olan gənclərin Azərbaycanda keyfiyyətli təhsil almasına, müasir bilik və peşə bacarıqlarına yiyələnməsinə şərait yaradır. Vyetnam nümayəndələrinin də bu imkanlardan yararlana bilməsi iki ölkə arasında humanitar əməkdaşlığın genişləndirilməsi baxımından təqdirəlayiqdir.

Bu təşəbbüslər, eyni zamanda, Azərbaycanın beynəlxalq təhsil məkanında artan rolunu və ölkəmizin bilik, təcrübə mübadiləsinə verdiyi töhfəni nümayiş etdirir. Xarici tələbələrin Azərbaycanda təhsil alması onların yalnız akademik biliklər əldə etməsi deyil, həm də Azərbaycan cəmiyyətini, tarixini, mədəniyyətini və milli dəyərlərini yaxından tanıması deməkdir. Təhsil illərində qurulan dostluq əlaqələri gələcəkdə müxtəlif sahələrdə əməkdaşlığın inkişafına və ölkələr arasında münasibətlərin möhkəmlənməsinə xidmət edir.

Azərbaycan–Vyetnam təhsil əməkdaşlığının ən mühüm xüsusiyyətlərindən biri onun zəngin tarixi ənənələrə söykənməsidir. Bu əlaqələrin kökləri hələ sovet dövrünə gedib çıxır. Həmin illərdə təxminən 5 min Vyetnam vətəndaşı Azərbaycanda müxtəlif ixtisaslar üzrə təhsil alıb. Onlar ölkəmizin ali təhsil müəssisələrində mühəndislik, energetika, sənaye və digər sahələr üzrə bilik və təcrübə qazanıblar. Sonradan əldə etdikləri elmi və peşəkar potensialı Vyetnamın sosial-iqtisadi inkişafı, sənaye və digər sahələrin tərəqqisi naminə uğurla tətbiq ediblər.

Bu tarixi fakt Azərbaycan ilə Vyetnam arasında əlaqələrin nə qədər dərin və möhkəm təməllərə malik olduğunu göstərir. Azərbaycanda təhsil almış vyetnamlı mütəxəssislər iki ölkə arasında canlı dostluq körpüsünə çevriliblər. Onların şəxsi və peşəkar həyat təcrübələri Azərbaycan təhsil sisteminin beynəlxalq miqyasda qazandığı nüfuzun, eləcə də ölkəmizin müxtəlif xalqlarla humanitar əlaqələrinin inkişafına verdiyi töhfənin göstəricisidir.

İki xalq arasında dostluğun və tarixi bağlılığın rəmzinə çevrilmiş mühüm hadisələrdən biri də 2025-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minin Memorial otağının açılışı olub. Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi cənab To Lamın iştirakı ilə keçirilən açılış mərasimi Ho Şi Minin anadan olmasının 135-ci ildönümünə təsadüf edib. Bu əlamətdar hadisə iki ölkənin ortaq tarixə, qarşılıqlı hörmətə və dostluq ənənələrinə verdiyi yüksək dəyərin ifadəsi kimi xüsusi əhəmiyyət daşıyır.

Ho Şi Min Vyetnam xalqının milli azadlıq mübarizəsinin və dövlətçilik tarixinin ən görkəmli şəxsiyyətlərindən biridir. Onun adının Azərbaycan Dövlət Neft və Sənaye Universitetində əbədiləşdirilməsi Azərbaycan ilə Vyetnam arasında tarixi əlaqələrə ehtiramın nümayişidir. Memorial otağın yaradılması, eyni zamanda, gələcək nəsillərin iki xalq arasında mövcud olmuş dostluq münasibətlərini daha yaxından öyrənməsi və bu tarixi irsi qoruyub saxlaması baxımından əhəmiyyətlidir.

Belə təşəbbüslər göstərir ki, Azərbaycan–Vyetnam münasibətləri yalnız bu günün siyasi və iqtisadi reallıqlarına əsaslanmır, həm də ortaq tarixi xatirələr və humanitar dəyərlərlə zənginləşir. Tarixi şəxsiyyətlərin irsinə ehtiram, təhsil sahəsində formalaşmış ənənələrin davam etdirilməsi və gənc nəslin qarşılıqlı əlaqələrə cəlb olunması strateji tərəfdaşlığın uzunmüddətli perspektivlərini möhkəmləndirir.

Gələcəkdə elm və təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur. Universitetlər arasında birgə elmi layihələrin həyata keçirilməsi, doktorantura və magistratura proqramları üzrə əməkdaşlığın artırılması, tələbə və müəllim mübadiləsinin genişləndirilməsi, eləcə də innovasiya və texnologiyalar sahəsində təcrübə paylaşımı qarşılıqlı əlaqələrin yeni mərhələyə yüksəlməsinə imkan verə bilər. Xüsusilə, energetika, neft-qaz sənayesi, informasiya texnologiyaları, mühəndislik və rəqəmsal inkişaf sahələrində əməkdaşlıq hər iki ölkənin elmi və iqtisadi potensialının daha səmərəli istifadəsinə şərait yaradacaqdır.

Azərbaycan ilə Vyetnam arasında elm və təhsil sahəsində inkişaf edən əməkdaşlıq strateji tərəfdaşlığın mühüm humanitar dayaqlarından biridir. Təxminən 5 min vyetnamlı gəncin Azərbaycanda təhsil alması ilə formalaşmış tarixi ənənə, müasir universitetlərarası əlaqələr, təhsil qrant proqramları və Ho Şi Minin xatirəsinin əbədiləşdirilməsi iki xalq arasında dostluğun dərin köklərə malik olduğunu təsdiqləyir. Bu zəngin irsin qorunması və yeni təşəbbüslərlə inkişaf etdirilməsi Azərbaycan–Vyetnam münasibətlərinin gələcək nəsillər üçün də möhkəm dostluq və qarşılıqlı faydalı əməkdaşlıq nümunəsi olaraq qalmasına xidmət edəcəkdir.

 

Mehparə Əhmədova – Zərdab şəhər sakini, pensiyaçı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki