Vətən müharibəsi və Kəlbəcərin azad olunmasının strateji əhəmiyyəti.
“Vətən müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir. Biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər. Bəzi istiqamətlərdə strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkətlərini demək olar ki, iflic vəziyyətə salmışdıq” – Prezident İlham Əliyev;
44 günlük Vətən müharibəsinin gedişatında Azərbaycan Ordusunun Murovdağ istiqamətində həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar cəbhənin şimal cinahında həlledici üstünlük yaratdı. Murovdağ zirvəsinin və bir sıra hakim yüksəkliklərin nəzarətə götürülməsi Ermənistan silahlı qüvvələrinin işğal altındakı ərazilərlə şimal əlaqə xətlərini kəsərək düşmənin canlı qüvvə və hərbi texnika daşınmasını tamamilə nəzarət altına almağa imkan verdi. Bu hərbi uğur müharibənin ümumi taleyinə birbaşa təsir göstərərək digər cəbhə xətlərində ordumuzun irəliləməsini sürətləndirdi.
Azərbaycan Ordusunun döyüş meydanında qazandığı parlaq Qələbə nəticəsində 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Kəlbəcər rayonu bir güllə belə atılmadan, şəhid verilmədən Azərbaycana təhvil verildi. Noyabrın 25-də Kəlbəcərin işğaldan azad edilməsi həm hərbi-siyasi zəfərin təntənəsi, həm də Azərbaycanın dövlət sərhədlərinin mühafizəsi baxımından müstəsna əhəmiyyət kəsb etdi. Coğrafi mövqeyinə görə bütün regiona hakim olan bu yüksək dağlıq ərazinin nəzarətə götürülməsi ölkəmizin qərb sərhədlərinin təhlükəsizliyini tam təmin etdi.
Bu gün Kəlbəcərin azad olunması Azərbaycanın iqtisadi və enerji potensialının gücləndirilməsində də mühüm strateji rol oynayır. Zəngin təbii ehtiyatlara, mineral su mənbələrinə, geniş hidroenerji və turizm imkanlarına malik olan rayon sürətlə bərpa edilir. Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun və Murovdağ tunelinin inşası, yeni su elektrik stansiyalarının istismara verilməsi və “Böyük Qayıdış” proqramı çərçivəsində həyata keçirilən layihələr Kəlbəcəri regionun mühüm strateji və iqtisadi mərkəzlərindən birinə çevirir.
Mehparə Əhmədova – Zərdab şəhər sakini, pensiyaçı






















