Kəlbəcər – minilliklərin yaddaşını yaşadan qədim tarix və mədəniyyət diyarı
Kəlbəcər Azərbaycanın qədim tarixə, zəngin mədəni irsə və özünəməxsus təbiətə malik bölgələrindən biridir. Bu diyar təkcə füsunkar dağları, gur çayları, mineral bulaqları və əsrarəngiz təbiəti ilə deyil, həm də minilliklərin dərinliyindən süzülüb gələn tarixi izləri, arxeoloji abidələri və qədim yaşayış məskənləri ilə diqqəti cəlb edir. Kəlbəcərin hər qayası, hər daşı, hər mağarası sanki xalqımızın qədim keçmişindən xəbər verir.Kəlbəcərin tarixi əhəmiyyəti, ilk növbədə, burada aşkar edilmiş arxeoloji abidələrlə müəyyən olunur. Ərazidə yaşı 30 min ildən artıq olan qədim insan məskənlərinin mövcudluğu bu torpaqların hələ ibtidai icma quruluşu dövründə insanların yaşayış məskənlərindən biri olduğunu göstərir. Tərtər çayı boyunca uzanan qayalıqlarda yerləşən qədim süni mağaralar isə bölgənin uzaq keçmişinə işıq salan mühüm tarixi nümunələrdir.Kəlbəcər ərazisində aşkar edilmiş təxminən 6 minillik qayaüstü təsvirlər qədim insanların dünyagörüşü, həyat tərzi, təsərrüfat fəaliyyəti və inancları haqqında qiymətli məlumatlar verir. Bu təsvirlər yalnız incəsənət nümunələri deyil, həm də yazılı mənbələrin olmadığı dövrlərin tarixi salnaməsidir. Bölgədə qədim türk əlifbasına aid nümunələrin mövcudluğu da onun tarixi-mədəni irsinin araşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.Kəlbəcər toponiminin mənşəyi ilə bağlı müxtəlif fikirlər mövcuddur. Onlardan birinə görə, bu ad qədim türk dili ilə əlaqələndirilir və “çay üstündə qala” mənasını ifadə edir. Bu izah bölgənin coğrafi mövqeyi ilə də səsləşir. Belə ki, yaşayış məntəqəsinin yerləşdiyi qayalıq ərazidə Tərtər çayı boyunca sıralanan qədim süni mağaralar və təbii müdafiə imkanlarına malik yüksəkliklər diqqəti cəlb edir. Toponimlərin araşdırılması yalnız coğrafi adların mənşəyini öyrənmək deyil, həm də xalqın tarixi yaddaşını, dilini və məskunlaşma tarixini üzə çıxarmaq baxımından əhəmiyyətlidir.
Kəlbəcərin daş abidələri bölgənin müxtəlif tarixi dövrlərdə keçdiyi mədəni və dini mərhələlərin izlərini yaşadır. Ərazidəki arxeoloji və memarlıq nümunələri qədim türk mədəniyyətinin, atəşpərəstlik ənənələrinin, xristianlığın və sonrakı dövrlərdə İslam mədəniyyətinin izlərini araşdırmaq üçün mühüm mənbələrdir. VII əsrdən etibarən İslamın yayılması ilə bölgənin dini-mədəni həyatında yeni mərhələ başlanmış, zaman keçdikcə İslam mədəniyyəti Kəlbəcərin tarixi simasının formalaşmasına təsir göstərmişdir.Kəlbəcərin arxeoloji və tarixi-mədəni irsi yalnız bir bölgənin deyil, bütövlükdə Azərbaycanın milli sərvətidir. Burada yerləşən qədim mağaralar, qayaüstü təsvirlər, daş abidələr və digər arxeoloji nümunələr elmi baxımdan hərtərəfli öyrənilməli, qorunmalı və gələcək nəsillərə çatdırılmalıdır. Bu istiqamətdə arxeoloji tədqiqatların genişləndirilməsi, abidələrin inventarlaşdırılması, elmi əsaslarla sənədləşdirilməsi və beynəlxalq elmi ictimaiyyətə tanıdılması xüsusi əhəmiyyət daşıyır.Kəlbəcər minilliklərin izlərini özündə yaşadan, hər qarışı tarix danışan qədim Azərbaycan torpağıdır. Onun qayalarındakı təsvirlər, mağaralarındakı izlər və daş abidələrindəki tarixi nişanələr keçmişlə bu gün arasında mənəvi körpü yaradır. Bu zəngin irsin öyrənilməsi və qorunması gələcək nəsillərin öz tarixini daha dərindən tanımasına, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmlənməsinə xidmət edir.
Zərdab rayonu üzrə təhsil sektorunun müdiri – Gülağa İsgəndərov






















