Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın ən sürətlə inkişaf edən istiqamətlərindən biri iqtisadi və ticari münasibətlərdir
Azərbaycanın son illərdə həyata keçirdiyi xarici siyasətin mühüm istiqamətlərindən biri Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişaf etdirilməsidir. Tarixi, mədəni və mənəvi yaxınlıqla yanaşı, Azərbaycanın yerləşdiyi əlverişli coğrafi mövqe də bu əməkdaşlığın genişlənməsi üçün böyük imkanlar yaradır. Azərbaycan Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistanla siyasi, iqtisadi, nəqliyyat, enerji, humanitar və digər sahələrdə əlaqələri davamlı şəkildə inkişaf etdirir. Bu gün Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında münasibətlər yalnız ikitərəfli əlaqələrlə məhdudlaşmır. Qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq regional və beynəlxalq platformalarda da özünü göstərir. Ölkələr arasında keçirilən yüksək səviyyəli görüşlər, qarşılıqlı səfərlər və imzalanan sənədlər münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir.
Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə siyasi münasibətləri son illərdə daha da fəallaşıb. Dövlət və hökumət başçıları səviyyəsində qarşılıqlı səfərlərin intensivləşməsi əlaqələrin yüksək səviyyədə olduğunu göstərən əsas amillərdəndir. Bu səfərlər zamanı yalnız mövcud münasibətlər müzakirə olunmur, eyni zamanda gələcək əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilir. Siyasi dialoqun davamlı olması iqtisadi və digər sahələrdə əməkdaşlığın genişlənməsi üçün də əlverişli şərait yaradır.
Azərbaycan və Mərkəzi Asiya ölkələri beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini dəstəkləyən mövqelər nümayiş etdirirlər. Xüsusilə suverenlik, ərazi bütövlüyü, beynəlxalq hüququn prinsiplərinə hörmət və regional təhlükəsizlik məsələləri üzrə qarşılıqlı anlaşma mühüm əhəmiyyət daşıyır. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin inkişafında tarixi və mədəni bağların da xüsusi rolu vardır. Eyni dil ailəsinə, ortaq tarixi köklərə və zəngin mədəni irsə malik xalqlar arasında əlaqələrin gücləndirilməsi dövlətlərarası münasibətlərin ictimai əsaslarını da möhkəmləndirir.
Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın ən sürətlə inkişaf edən istiqamətlərindən biri iqtisadi və ticari münasibətlərdir. Son illərdə qarşılıqlı ticarət dövriyyəsinin artması bu sahədə mövcud potensialın getdikcə daha geniş şəkildə reallaşdırıldığını göstərir. Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsinin 50 faizdən çox artması bu prosesin konkret göstəricilərindən biridir. Bu artım həm Azərbaycanın, həm də region dövlətlərinin qarşılıqlı iqtisadi əlaqələrə marağının yüksəldiyini nümayiş etdirir.
İqtisadi münasibətlərin inkişafı yalnız mal mübadiləsi ilə məhdudlaşmır. Hazırda qarşılıqlı investisiyaların artırılması, müxtəlif sahələrdə birgə müəssisələrin yaradılması və iri layihələrin həyata keçirilməsi istiqamətində də işlər görülür. Bu baxımdan Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığında özəl sektorun rolu da getdikcə artır. Bu gün Azərbaycanda Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkətin aktiv fəaliyyət göstərməsi qarşılıqlı iqtisadi marağın mühüm göstəricisidir. Eyni zamanda Azərbaycan şirkətlərinin də Mərkəzi Asiya bazarlarında fəaliyyət imkanlarının genişlənməsi üçün yeni şərait yaranır. Belə əməkdaşlıq həm sahibkarlar üçün yeni bazarlar açır, həm də ölkələr arasında iqtisadi əlaqələri daha dayanıqlı edir.
Elmir Rəhimov – Zərdab şəhər sakini, fəal gənc


























