Ağdamın əvvəlki şöhrəti yenidən bərpa olunur
Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə və böyük quruculuq ənənələrinə malik şəhərlərindən biri olan Ağdam bu gün özünün yeni inkişaf mərhələsini yaşayır. Uzun illər işğal altında qalan, dağıntılara məruz qalan şəhər və kəndlərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri uğurla davam etdirilir. Dövlətimizin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Ağdam yenidən dirçəlir, öz əvvəlki şöhrətinə qovuşur.
Ağdam şəhərinin bərpası təsdiq edilmiş Baş Plan əsasında mərhələli şəkildə həyata keçirilir. Baş Planda şəhərin müasir şəhərsalma prinsiplərinə uyğun qurulması, rahat və təhlükəsiz yaşayış mühitinin yaradılması, sosial infrastrukturun inkişafı, yaşıllıq zolaqlarının salınması və ictimai məkanların təşkili əsas prioritetlər kimi müəyyən edilib. Şəhərin tarixi simasının qorunması ilə müasir memarlıq yanaşmalarının uzlaşdırılması da diqqət mərkəzindədir.
Baş Plana əsasən, Ağdam şəhərində ümumilikdə 5 yaşayış məhəlləsinin salınması nəzərdə tutulub. Artıq bu məhəllələrdən ikisinin açılışı olub, digər məhəllələrin isə təməli qoyulub. Bu, şəhərin yenidən qurulması istiqamətində atılan mühüm addımlardan biridir. Yeni yaşayış məhəllələrində sakinlərin rahatlığı üçün zəruri infrastrukturun yaradılması, müasir yaşayış binalarının, sosial və ictimai obyektlərin inşası nəzərdə tutulur.
Ağdam rayonunun kəndlərində də quruculuq işləri geniş vüsət alıb. Kəngərli, Xıdırlı və Sarıcalı kəndlərinin birinci mərhələlərinin açılışı olub. Bununla yanaşı, Qiyaslı, Salahlı Kəngərli, Qərvənd, Tağıbəyli, Güllücə, Nəmirli, Şoltanlı və Eyvazxanbəyli kəndlərinin təməli qoyulub. Bu yaşayış məntəqələrinin yenidən qurulması doğma torpaqlarından didərgin düşmüş sakinlərin öz yurdlarına qayıdışı üçün geniş imkanlar yaradır.
Kəndlərin bərpası zamanı müasir yaşayış evlərinin tikintisi ilə yanaşı, yolların, kommunikasiya xətlərinin, elektrik, qaz, su təchizatı sistemlərinin qurulmasına da xüsusi diqqət yetirilir. Eyni zamanda, əhalinin sosial rifahının yüksəldilməsi məqsədilə məktəblərin, uşaq bağçalarının, səhiyyə və digər sosial xidmət obyektlərinin yaradılması nəzərdə tutulur. Bütün bunlar sakinlərin doğma yurdlarında rahat yaşaması, işləməsi və sosial ehtiyaclarının təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Ağdamda aparılan bərpa-quruculuq işləri yalnız yeni binaların və infrastrukturun inşası ilə məhdudlaşmır. Bu proses, eyni zamanda, rayonun iqtisadi potensialının yenidən canlandırılmasına, sahibkarlığın inkişafına, yeni iş yerlərinin açılmasına və əhalinin məşğulluğunun artırılmasına xidmət edir. Ağdamın sənaye, kənd təsərrüfatı, ticarət və digər sahələr üzrə potensialının reallaşdırılması rayonun gələcək inkişafında mühüm rol oynayacaq.
Bu gün Ağdamda görülən işlər Böyük Qayıdışın real təzahürüdür. Vaxtilə doğma yurdlarından məcburi köçkün düşmüş sakinlərin öz evlərinə, el-obasına qayıtması, burada yeni həyat qurması tarixi ədalətin bərpasının ən mühüm göstəricilərindəndir. Yenidən qurulan şəhər və kəndlər, salınan yollar, yaradılan müasir yaşayış şəraiti Ağdamın gələcək nəsillər üçün daha abad və inkişaf etmiş bir məkana çevrilməsinə zəmin yaradır.
Əminliklə demək olar ki, Ağdamda həyata keçirilən genişmiqyaslı layihələr rayonun gələcək inkişafına güclü təkan verəcək. Tarixi keçmişi, zəngin mədəni irsi və quruculuq ənənələri ilə seçilən Ağdam yenidən Azərbaycanın inkişaf edən şəhərlərindən birinə çevrilir. Bu gün aparılan işlər bir daha təsdiqləyir ki, Ağdamın əvvəlki şöhrəti bərpa olunur, doğma torpaqlarda həyat yenidən canlanır.
Şamil Babayev – Zərdab Gənclər evi , Dərnək rəhbəri




















